"Mən də futbolçuyam, məşqçinin əmrlərinə tabe olmalıyam" Orxan Sadıqlı

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Keşlə" öz meydanında "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra meydan sahiblərinin qolkiperi Orxan Sadıqlı jurnalistlərə müsahibə verib. Sadıqlı öncə oyun barədə danışıb:

- Çətin oyun olacağını bilirdik. "Neftçi"dən aldığımız məğlubiyyətlər bizə stimul vermişdi ki, yenilgilərin əvəzini çıxaq. Düzgün oynadıq, qalib gəldik. Hamını təbrik edirəm.

- Fasilədən sonra Kamran Ağayevi əvəz etdin. Kamran isə Slavik Alxasovla aralarında yaşanmış problemə görə Yuri Maksimovun qəzəbinə tuş gəldi. Orada nə baş verirdi?

- Mənə dedilər ki, məşqçi səni çağırır. Yuri Maksimov bildirdi ki, hazırlaş, oyuna çıxacaqsan. Mən də futbolçuyam, məşqçinin əmrlərinə tabe olmalıyam. Komanda daxilində söz-söhbət yoxdur. Söhbətin əvvəlini bilmirəm. Nə baş verdiyi haqda məlumatlı deyiləm.

- Yəni, içəridə hansısa söz-söhbətin olduğundan xəbərsizsən?

- Xeyr, xəbərim yoxdur. Sadəcə, paltardəyişmə otağına girəndə gördüm ki, Kamran "Məni dəyişin, oynamıram" deyir. Əvvəl nə olubsa, xəbərim yoxdur. Sadəcə, Kamrana dedim ki, sakitləş, stress öz oyununa təsir edir. İnanıram ki, ciddi bir şey yoxdur.

- Kamran stadionu da tərk edib getdi...

- Sözü düzü, görməmişəm. Fikrimi oyuna cəmləmişdim. Diqqətim ancaq meydanda olur. Yəqin buralarda olacaq. Hara gedəcək ki?

- Ölkə kubokunda finala vəsiqə qazanmağınız sizə nə dərəcədə stimul verir?

- Öz adımız var. Əlimiz heç nəyə çatmadığı üçün meydana uduzmağa çıxmaq düzgün deyil. Əlimizdən gələni edirik. Bacardığımız qədər xal toplamaq istəyirik. Mövsümün ilk yarısında 8 məğlubiyyət aldıq ki, bunun nəticəsində indi 6-cı yerdəyik.

- Yuri Maksimov komandada nəyi dəyişdi ki, belə uğurlu qrafik cıza bildiz?

- Maksimov komandaya gələndə də demişdim ki, o, zarafatcıl insandır. Yaşda ən kiçik olan Əlibəy Məmmədlidən tutmuş, təcrübəlilərdən Kamran Ağayevgilə kimi xoş münasibət saxlayır. Kollektivdə atmosferi qoruya bilir. Bir-birimizi başa düşürük. Uğurumuzun səbəbi budur. Hamı ilə təklikdə söhbət edir. Məşqçi komandanı toparlayıb və motivasiya edib. Şükürlər olsun ki, qış fasiləsindən sonra özümüzə gəldik və bacardıqca xallarımızı artıracağıq

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right