“Makkabi” faciəsi haqda bilmədiklərimiz - “Necə olacaq? Biabır olduq!”

25 iyul 2013-cü il... Bu tarix Azərbaycan futboluna qara səhifə kimi yazıldı. Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində Hayfa “Makkabi”sinə 0:8 hesabı ilə uduzan “Xəzər Lənkəran” indi peşəkar klub fəaliyyət göstərmir. Amma həmin 25 iyul gecəsi hələ də yaddaşlardadı. Həmin dövrdə Lənkəran klubunda mətbuat xidmətinin rəhbəri kimi çalışmış Hüseyn Cəbrayıloğlu oyundan öncə, sonra baş verənləri Komanda.az üçün qələmə alıb. Beləliklə, oxuyaq...

Ötən həftənin şənbə gününün yaratdığı istirahət saatlarında dəyərli dostumuz Rəşad Ergün sosial şəbəkədə ənənəvi hal-əhvaldan sonra qarşısına Avropa Liqası çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Makkabi” (Hayfa) oyunu ilə bağlı videomaterialın çıxdığını və bu matç barədə, böyük hesablı məğlubiyyətin səbəbləri haqqında fikirlərimi qələmə almağı xahiş etdi. Əslində, gələcəkdə “Xəzər Lənkəran”dakı günlərimi kitab halında dərc etməyi düşünürəm və belə vacib qarşılaşmalar, pərdəarxası çoxlu maraqlı faktları məhz orda qeyd etmək düşüncəsi səbəbindən, bəzi maraqlı anıları paylaşmağa xəsislik edirəm. Di gəl ki, Rəşadı da qıra bilmədim.

Hər şey Maltadan başladı

Əfsanəvi Con Benjamin Toşakın “sükanı arxasında” olduğu “Xəzər Lənkəran” Azərbaycan kubokunun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanmışdı. Təsnifat mərhələsində püşk ilk rəqib kimi Maltanın “Slima” klubunu cənubluların qarşısına çıxarmışdı. Cəmi 10 günlük Almaniya hazırlığından sonra dəbdəbəli “Mark Aurel” otelindən gecə ilə Maltaya yola düşdük. Həmişə olduğu kimi, otel seçimində klubumuz yenə kiçik adada ən bahalı “Malta Palace” otelində məskunlaşdı və məhz həmin oteldə - ilk qarşılaşmadan sonra Toşak daha bir neçə gün bu gözəl ölkədə qalmağı lazım bildi. İlk oyunu canlı izləyən klubun sahibi Mübariz Mənsimovun razılığı olduğu üçün, komanda cavab oyununa da Maltada hazırlaşıb, sərfəli 1:1-lik nəticə ilə Lənkərana yola düşdü.

Amma burda mövzuya Maltadan başlamağımın əsas səbəbi daha sonra “Makkabi” faciəsinə yol açan səbəb - “Fənərbaxça” klubu ilə yoldaşlıq oyununun keçiriləcəyi xəbərini burda almağımızdı.

Otelin foyesinə çağırılanda klubun rəhbərliyini qayğılı gördüm. Bəlkə də, bu, qayğılı görüntü deyildi, mənə olan münasibət idi. Komanda daxilində baş verən bəzi hadisələrə aqressiv münasibət bildirmişdim. Bunu klub prezidentinə necə çatdırmışdılar, bilmirəm, amma hiss edirdim ki, doğru çatdırmamışdılar. Bu barədə sonda.

“Artıq klubun rəsmi saytı ilə xəbər vermək lazımdı ki, “Xəzər Lənkəran”ın 10 illiyi ilə əlaqədar Türkiyənin “Fənərbaxça” klubu Lənkərana qonaq gələcək” - bu sözləri deyən klubumuzun vitse-prezidenti Tuyqun Nadirov idi. Aralanıb otağıma doğru gedəndə, anidən duruxdum və yuxulu olduğum üçün bir də geri döndüm:

- İndi deyirsiz “Fənərbaxça” Lənkərana gəlir?

Razılaşaq ki, sıradan bir xəbər deyildi. İndiyə kimi üzərindən 5 il keçsə də, başqa heç bir klubumuz belə bir yoldaşlıq oyununa imza ata bilməyib. Vaxt elə də çox deyildi. Lənkəranda “Slima”nı keçdik və bu dəfə öncədən bildiyimiz kimi, rəqib olaraq tanınmış “Makkabi” önünə çıxmaq üçün İsrailə yola düşdük. Con Toşak matça iki gün qalmış xəstələndi və yarıxəstə halı ilə ikinci təsnifat mərhələsi çərçivəsində komandasını ilk oyuna çıxardı. Lənkəran komandası pis təsir bağışlamadı, amma yetərincə üstün görünən “qara-yaşıllar” iki qol vuraraq, cavab qarşılaşması üçün yaxşı imkan əldə etdilər. Biz isə əlimizə düşən iki aşkar qol vəziyyətini boşa verməklə, işimizi çətinə saldıq. Oyundan sonra otelə qayıdarkən maşında vitse-prezidentlə yanaşı oturmuşdum və Mübariz Mənsimovun Tuyqun Nadirovu arayıb, hesabat istəməsi ikincini əməlli-başlı çətinə salmışdı. Əslində, rəhbərlik komanda üçün lazım olan şəraitin ən əlçatmazını etmişdi və belədə, hesabatı verəcək şəxs baş məşqçi idi.

İsraildən birbaşa Lənkərana

Bu dəfə Con Toşak, çox sevdiyim və dəyər verdiyim mütəxəssis, həmişə “kaş burda nəticə verərdi” deyə, içdən yandığım adam Lənkərana getmək üçün birbaşa reys istədi. Hava məkanında uçan quşu belə, sorğuya alacaq qədər qəddar, sərt İsrailin hava məkanı üzərində çarter reysi havalandırmaq asan deyildi. Amma Mübariz Mənsimov havalandırdı və biz “salafanı üzərində” “Embraier-190” təyyarəsi ilə Lənkərana yola düşdük. O qədər sıx qrafik vardı ki, İstanbul-Bakı-Lənkəran marşrutu bütün komandanı haldan salacaqdı deyə, çarter reysi tam yerinə düşmüşdü.

“Fənərbaxça” ilə oyun zamanı deyildi!

Vaxt azlığı səbəbindən cəmi 10 gün hazırlıq keçən “Xəzər Lənkəran” 5 gün ərzində iki ağır qarşılaşmaya çıxacaqdı. 21 iyul tarixində “Fənərbaxça” ilə yoldaşlıq oyunu - üstəlik, iyul ayında nəmişlik və rütubətin at oynatdığı Lənkəran havasında - 4 gün sonra “Makkabi” ilə cavab qarşılaşması. Açıq danışsaq, Con Toşak ilk gündən Türkiyə komandası ilə oyunun əleyhinə idi. Amma klubun yaranmasının 10 illiyi çərçivəsində keçirilməli olan yoldaşlıq oyunu üçün istanbullular başqa zaman tapa bilməmişdi. Bu oyun mütləq olmalı idi və zamanın uyğun olmaması ikinci plana düşmüşdü.

Düşərgədə vəziyyət

Etiraf edim ki, “Makkabi” kimsənin “umrunda” belə deyildi. Futbolçular belə, Avropa Liqasından qopmuşdu. Lənkərana kimlər gəlmirdi ki? “Fənərbaxça” klubu əsas heyəti ilə yanaşı, klub prezidenti Əziz Yıldırım daxil, üst səviyyədə bütün idari heyət, qardaş ölkənin ən tanınmış telekanallarının nümayəndələri və üstəlik, tanınmış futbol yazarları İstanbuldan birbaşa Lənkərana uçacaqdı. Belə desək, “1 nömrəli hazırlıq” həyəcanı verilmişdi. Təsəvvür edin, yoldaşlıq oyunundan öncə Əziz Yıldırım və Mübariz Mənsimovun qazonda qurulan mikrofondan çıxışı nəzərdə tutulmuşdu və mən hər ehtimala qarşı üç ehtiyat mikrofon, bu iş üzrə üç ayrı-ayrı mütəxəssisi hazır vəziyyətdə dəhlizdə saxlatmışdım. Bu detalı ona görə qeyd edirəm ki, hamının bu tədbirə necə kökləndiyini izah edə bilim.

“Fənərbaxça” 4:0 hesabı ilə qalib gəldi və dostluq havasında keçən matç yüksək təşkilatçılığı ilə başa çatdı. Bunu xüsusi qeyd edim ki, hətta “Fənərbaxça” klubunun illərdi təşkilati işlərini görən, diktator adlanan Əziz Yıldırımın yanında bütün yetkilərə sahib yeganə adam - Yeşim xanım hava limanında bizim klub rəhbərliyinə “Mən bu iki gündə bir şeyi kəşf etdim, sizin çox işlək, bacarıqlı adminstrativ heyətiniz var. Bu cocukları qoruyun və imkanım olsa, onları özümlə aparardım” (əslində adlar bir-bir deyildi, amma təvazökarlıq yerinə düşər) dedi.

“Makkabi” faciəsi...

Yoldaşlıq oyunu bitdi. Heç birimiz qarşıdakı faciəni hiss edə bilməmişdik. Bəlkə də, içərimizdə ən təcrübəli və cavabdeh olan Con Toşak xaric. Con qayğılı idi və yəqin ona görə “Fənərbaxça” ilə oyun sonrası komandasının paltardəyişmə otağına daxil olan Əziz Yıldırımın böyük şövqlə “ooo, Con, mister Toşak“ ifadəsi ilə uzatdığı əli geri çevirmişdi.

Matç başladı və ilk dəqiqədə mərakeşli Zohair Benouahi “Makkabi”nin qapıçısı ilə təkbətək çıxdı. Çox sayda azarkeş və təhlükəsizliyə görə qorxudan ayağı əsən qonaqları Toşakın ilk günlər çox sevdiyi Benouahi cəzalandıra bilsəydi... Bəlkə də hər şey fərqli olacaqdı. Amma həmin gün ilk dəqiqədən bizdə alınmadı. Yorğun görünən komandamızı israillilər məşq edirmiş kimi cəzalandırdı. 8:0... Bu, çox ağır bir məğlubiyyət idi, amma hesab Azərbaycan futbolunun tarixi üçün yad deyildi. Bu da bir təsadüf, yaxud qanunauyğunluq idi.

Faciədən sonra

Oyun bitdi. Mətbuat konfransından sonra ayağım bazaya tərəf getmirdi. 120 metrlik məsafəni bəlkə 20 dəqiqəyə getdim. Yolboyu düşündüm və istefa vermək ağlıma gəldi. Əlimdən başqa nə gəlirdi? Ancaq Lənkərandakı bazanın qarşısında məşhur, bəzən iclas zalını əvəz edən “besedka”nın qarşısında klub prezidentinin vəziyyətini görəndə sanki ayıldım. Mənim həmin an üçün soruşmağa və deməyə cəsarət etmədiyim sualı Mais Mənsimov mənə verdi:

- Necə olacaq? Biabır olduq! Oturub araşdırmaq lazımdı ki, 8:0-a səbəb nə idi?

Sabah...

Bazada kimsə otağından çıxmırdı. Tərcüməçimiz Elvar Quliyev saat 11-də Con Toşakın yanında olmalı olduğumu çatdırdı və deyilən vaxtda ikimiz də onun otağında idik:

- Roberto, sən nə düşünürsən? Fikrin nədi?

Əfsanəvi Con Toşakın ilk gündən Roberto Martinesə bənzədib, mənə qoyduğu ayama ilə müraciətinin dərin mənası vardı. Madrid “Real”ını çalışdırmış biri mikrorayonda məhəllə futbolu oynayan, futbol üzrə təhsil yox, hərbi təhsil alan Hüseyn Cəbrayıloğlunun fikrinə möhtac deyildi. Amma o əfsanə və peşəkar idi. Matç sonları həmişə mətbuat katibi kimi mənim fikrimi soruşub, konfrans zalına girərdi. Bu onun böyüklüyü və dediyim kimi, peşakarlığı idi.

Fikrimi dedim: bəzi oyunçular ola bilər, bacarığının altında çıxış etdi. Ancaq yorğunluq da sözünü dedi. Con elə ordaca bəzi futbolçularla yolların ayrıldığını bəyan etdi və bunu rəsmi saytla yayımladıq. Yəqin ki, Toşakda bəzi legioner futbolçuların Hayfada - ilk oyunöncəsi məşqdə özünü apara bilməməsi haqqında məlumat vardı. Xəstə olduğu üçün məşqə gedərkən yoldan geri qaytarılan Toşak oyunöncəsi məşqdə ab-havanın tam normal olmadığını bəlkə də oğlundan öyrənə bilmişdi.

Son

Məncə, “Makkabi”yə o cür uduzmağın səbəblərdən biri komanda daxilində çoxlu legionerin olması fonunda gizli “boşalma”da ola bilərdi. Azərbaycan futbolunun müasir “xaç atası” Ağasəlim Mircavadovun “bir komandada iki nəfərdən artıq braziliyalı olmamalıdı” deyimi həmişə mənim üçün aktual olub.

Yazının əvvəlinə qayıdım. Mən məhz Maltada olanda ilk oyundan sonra legioner futbolçuların əyləncəyə üstünlük verməsini, Toşakın köməkçilərinin hadisələrə müdaxilə etməsinin vacibliyini bildirmişdim. Söhbət çox böyümüşdü və “braziliyalıların əlindən pivə bakalları düşmür” etirazıma bəlkə də, doğru cavab verilmişdi: “Onların başında elə Toşakın köməkçisi və oğulluğu Aleksis gəlir”. Lakin klub prezidentinə “Cəbrayıloğlu filan məsələyə etiraz edir” deyilməmişdi, “hər şeyə qarışır” deyilmişdi. Bəli, komandanın futbolçularına Con Toşak “Real“ın futbolçuları kimi yanaşıb, müstəqillik vermişdi. Bunun qarşısını almaq olardımı? Bunun özü belə, geniş təhlilli mövzudu. Amma bütün hallarda, etiraf edək ki, Azərbaycan futbolu və Lənkəran futbolu tarixinə qızıl hərflərlə yazılan “Fənərbaxça” ilə oyun həm də, qara hərflərlə yazılan “Makkabi” faciəsinin əsasını qoydu.

Hüseyn Cəbrayıloğlu/komanda.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right