Qara Qarayev: "Atam mənə demişdi ki, sizi beş il ard-arda çempion görürəm" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olub və sona dörd tur qalmış çempionluğu təmin edib. 

Oyundan sonra qonaqların müdafiəçisi Qara Qarayev Newsport.az-ınsuallarını cavablandırıb. O, ilk növbədə oyun haqda danışıb: 

- Bu komanda Avroliqaya vəsiqə qazanandan bu yana atam mənə demişdi ki, sizi beş il ard-arda çempion görürəm. Onun dediyi kimi də oldu. Bu, çox ciddi bir məsuliyyətdir bizm üçün. Çünki, hər il ölkədə futbolun ən yaxşıları seçilirik. Bunda da böyük əziyyət, zəhmət var. Düşünürəm ki, komandamız bu əziyyətlərin öhdəsində layiqincə gələ bilir. Bunun üçün də, əməyi keçən hər kəsə təşəkkürlərimi bildirirəm. Sevincliyik, buradan da gedib evdə ailə üzvlərimizlə birgə bu sevinci bölüşəcəyik.

- Sanki, “Qarabağ” üçün çempionluq adiləşib. Çempionluğu əvvəlki kimi qarşılamadınız.

- Xeyr, elə deməzdim. Məncə, bu yaşla bağlıdır. Çünki, ilk dəfə çempion olduğumuz zaman 5 il bundan öncə idi.Həmən illərdə, çempionluq bizim üçün daha önəmli idi. Ancaq illər keçdikcə titullara yox, oyunlara köklənirik ki, hər oyunda daha yaxşı nəticə göstərək.  Məncə, sevinəndə də qədərində sevinmək lazımdır ki, bizə ziyanı olmasın. Çünki, çempion olmaqla bizim işimiz bitmir, daha da artır. Bu medal mənim evimin ən yaxşı güşəsində qalır. İl boyunca mən bu medal üçün əziyyət çəkirəm. Niyə sevinməyim ki?

- Əvvəlki illərə baxdıqda, bu çempionluğun fərqi nədədir?

- Əgər nəyisə əldə etmək istəyiriksə, açıq danışmalıyıq. Düşünürəm ki, şəxsən bizim komandaya qarşı rəqibləimizin oyun üslubu həmişə fərqli olub. Bütün komandalar bizə qarşı vuruşublar. Ancaq ümumi götürdükdə, çempionatda müəyyən bir eniş var. 8 komanda ilə biz inkişaf edirik deyib, bir-birimizi aldatmış olarıq. Ümid edirəm ki, növbəti ildən daha yaxşı, güclü çempionat qurular və bu da Azərbaycan futboluna və idmanına lazım olan haldır.

- Qarşıdakı hədəfiniz nədir?

- Hədəfimiz uğurlarımızı təkrar etmək və onların ən yaxşısını qazanmaqdır. Ötən ilə nəzər salsaq, həqiqətən çox yaxşı nəticələrimiz oldu. Artıq milli ilə oyunlarımız başlayır. Millidə də müəyyən uğurlarımız oldu. Qarşıda da çalışacaqğıq ki, daha yaxşı nəticələr göstərək.

- Növbəti mövsümdə özünü “Qarabağ”da görürsən? Ümumiyyətlə, hər hansı bir təklif gəlibmi?

- Azərbaycanda karyeramı “Qarabağ”da davam etdirmək fikrindəyəm. Yaxşı və ya pis nəticələrim də olsa, bu komandada qalmaq fikrim var. Ancaq ölkə xaricindən təklif gəlsə, ilk növbədə diqqət yetirəcəyim məqam ondan ibarət olacq ki, getdiyim yerdə ölkəmə nə dərəcədə xeyrim dəyəcək. Hələki heç bir təklif yoxdur. Olsa, bunu bütün media biləcək.

- Rahat şəkildə çempion olmağınız motivasiyanıza təsir göstərmir?

- Düşünmürəm ki, rəqabətsizlik oldu. Çünki, bütün oyunlarda rəqiblər bizə qarşı var gücləri ilə oynayırdılar. Sadəcə, digər oyunlarda rəqabətsizlik hiss olunurdu. Biz inanırdıq ki, çempion olacağıq. Ilk gündən bu yana, bütün işlərimizin əvvəlində inam dayanıb. İnam da işimizin yarısıdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right