Qurban Qurbanov: "Biz 5 il rəqabətsiz çempion olmamışıq"

Azərbaycan  Premyer Liqasının 24-cü turunda "Qarabağ" səfərdə "Sumqayıt"ı 1:0 hesabıyla məğlub edərək ardıcıl 5-ci, ümumilikdə 6-cı çempionluğunu əldə etdi.
 
Newsport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Futbolçularımı təbrik edirəm. Ardıcıl 5 dəfə çempion olmaq hər bir klubun və futbolçunun arzusudur. Buna görə hamısına təşəkkür edirəm. Rəhbərliyi, azarkeşləri də təbrik edirəm. Çətin oyun oldu. “Sumqayıt”ın kubokda uduzmasında sonra bu oyuna ciddi yanaşacağını bilirdik. Futbolçularda da həyəcan var idi. İstəyirdilər ki, daha tez çempion olsun. İkinci hissədə bu, daha da artmışdı. Buna görə narahat olmuram. Çünki məsuliyyətdən irəli gəlir. Maraqlı matç oldu. Son 15 dəqiqə açıq futbol oldu. Samir Abasova və komadnasına uğurlar arzu edirəm.
 
- Son 4 turda futbolçulara istirahət verəcəksiz?
- Elə futbolçular var ki, mövsümboyu ço oynamayıb. Bəzi futbolçuların istirahətə ehtiyacı var. Amma ciddi şəkildə oyunlara hazırlaşacağıq.
 
- Erkən çempion olduz. Qarşıda Çempionlar Liqası var. Fasilə ziyanınıza, yoxsa xeyrinizə işləyəcək?
- Neçə illərdir ki,futbolçular istirahətsiz oynayırlar. Məni narahat edən məqam futbolçuların fiziki yorğunluqları deyil, loru dildə söyləsək, uğurlardan sonra “çaşmaq” ehtimallarıdı. Azərbaycan çempionatının səviyyəsi digər liqalardan aşağıdır. Lakin mən istərdim ki, bu çempionluğun ardını gətirsinlər. Bizim məsuliyyətimiz də çoxalır. İnanmıram ki, futbolçularda boşalma olsun. Çalışırıq ki, onları tonusda saxlayaq.
 
- Komandanızın çıxışına neçə qiymət verirsiz?
- 5-dən artıq qiymət verməyəcəm. Bir az son zamanlar sıxıntılar oldu. Amma rəhbərlik bizim komandanı stabil saxladı. Onlara da təşəkkür edirəm. Rəhbərlik bu stabilliyi qoruyacaq. Biz məşqçilər və futbolçular da əziyyət çəkməliyik. Gündən-günə inkişaf etməliyik.
 
- Çempionlar Liqasında qrup mərhələsinə yenidən düşmək mümkün olacaq?
- Çətin olacaq. Bildiyiniz kimi reqlamentdə də dəyişikliklər olub. Maksimum nəticə üçün turnirə hazırlaşacağıq.
 
- Çempionlar Liqası üçün qrupa düşmək üçün heyət daha güclü olmalıdır. Bu baxından rəhbərliklə söhbət edəcəksiz?
- Bizim daim söhbətimiz olur. Komandada bəzi dəyişiklikləri düşünürük. Transferlər axtarışındayıq. Həmişə istəyirik ki, komandaya hər il 1-2 yeni futbolçu gəlsin. Bu, bütün klublarda var. Rəhbərlik öz razılığını verib. Bundan sonra bu işlə daha rahat məşğul olacağıq. Vaxtımız var.
 
- Çempionatın rəqabəti sizi qane etdi?
- Biz 5 il rəqabətsiz çempion olmamışıq. Sadəcə, son iki il xal fərqi çox oldu. Deməzdim ki, rəqabət azalıb. Ola bilər ki, komandaların sayı az olduğu üçün belə görünür. İstəyərəm ki, rəqabət güclü olsun. Yanvardan bu tərəfə çempionat çox fərqli oldu. Məşqçilərin, futbolçuların təcrübəsi artıb. Bizim üçün bütün oyunlar çətin olub. Bu, məni sevindirir.
 
- Rəhbərlik istədiyiniz büdcəni transferlər üçün ayırmağa razılıq verib?
- Hansı oyunçunu istəmişiksə, rəhbərlik tərəfdən problem olmayıb. Hər ölkənin öz qiyməti və futbolçu səviyyəsi var. Mən də istəyirəm ki, Azərbaycana daha yaxşı futbolçular gəlsin. Güclü futbolçu istər-istəməz yaxşı çempionatda çıxış etmək istəyir. Sizin düşündüyünüz futbolçular Rusiyaya, Türkiyəyə gedirlər. Onların qiyməti çox bahadır, lap ödəsək belə, gəlmək şansları 3-5 faizdir. Hər ölkənin öz futbol nüfuzu var. Biz də buna uyğun addım atırıq.
 
- Son 3 mövsüm “Qarabağ” demək olar ki, rəqabətsiz çempion oldu. Rəşad Sadıqov 40 yaşa kimi 1 ayaqla bu çempionatda oynamağa qadirdir. Millinin də baş məşqçisi kimi AFFA ilə görüşərək bu problemi aradan qaldırmağı düşünmürsüz?
- Əvvəl “Bakı”, “Xəzər Lənkəran”, “Simurq”, “İnter”, “Neftçi” kimi klublarımız var idi. Onda məşqçiləri və futbolçuları da fərqli idi. O vaxt daha ağır idi. Biz o vaxt da eyni ssenari ilə gedirdik. Federasiya ilə daim söhbət gedir. Komandaların sayı da müzakirə edilir. Ölkə vəziyyətinə də baxmaq lazımdır. Çox komanda AFFA-dan asılıdır. Belədə də rəqabəti arıtrmaq olmur. Komandaları artıra bilərik, amma keyfiyyət qalxmaya bilər.
 
- Bu stabillik nə qədər davam edəcək?
- Çox çalışmalıyıq. Minimum vəzifəmiz qaldığımız yeri qorumaqdır. İşimizə sevgimizi daha çox etməliyik. Uğurlarımızla  barışmamalıyıq. Yeni nəticələr əldə etmək istəyirik. 3-4 il stabil olduq və Avropa Liqasında mübarizə apardıq. Bu tempdə davam etdik və Çempionlar Liqasının qrupuna düşdük. Bu stabilliyi davam etsək, bir addım da qabağa gedə bilərik. Amma geriyə də addım ola bilər. İdmanda hər şey ola bilər.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right