Referilərin bir çoxu futbolda, hakimlikdə təsadüfi insanlard

"Real"-"Yuventus" görüşünün hakim idarəçiliyi bütün dünyada müzakirə olunur.

Baş məşqçilər, oyunun iştirakçıları, mütəxəssis, jurnalist, azarkeşlər fikirlərini əsaslandırır, obyektiv, subyektiv mövqelərini bildirirlər. 

Əlavə edilən dəqiqələrin son saniyələrində verilən kritik qərarı ümumi 90 dəqiqə ilə əlaqələndirmək gərəkdir. Fikirlərin haçalandığını, fərqli yanaşmaların olduğunu nəzərə alaraq geniş şərhə ehtiyac var...

İki nəhəng klub arasında cavab görüşünün ağırlıq dərəcəsi, məsuliyyəti çon dərəcə yüksək idi. Karyerası boyu orta hesabla hər oyuna 2-3 sarı vərəqə göstərən Maykl Oliver ingilis futbolu, hakimlik məktəbinə xas olmayan tərzdə ilk dəqiqələrdən komandaları "sarı"ya otuzdurdu. Hiss olunurdu ki, görüşə psixoloji olaraq tam hazır deyil.

Sərt, barışmaz oyun getsə də futbolçular kobudluq həddini aşmır, qalmaqallar törətmir, davranış qaydaları normadan kənara çıxmırdı. 30-35 dəqiqəyə şablon "sarı"ları paylayaraq "mən də varam" yanlış xarizmasını ortaya qoymaq istədi. Kartların bəzilərini şifahi xəbərdarlıqla əvəzləmək olardı və mütləq idi.

Baş hakimin strateji, taktiki olaraq oyuna yanaşması doğru deyildi. İlk qarşılaşmanın 0-3 nəticəsi UEFA-nı da yanıltmışdı. Bu görüşə gənc yox, oyunun yükünü sona kimi daşıya biləcək təcrübəli hakimə həvalə olunması daha doğru olardı. Böyük klubların böyüklüyü belə qarşılaşmalarda bilinir. Bu amil nəzərə alınmamışdı...

İtaliyadakı nəticə "Real"la yanaşı hakimdə də arxayınlıq yaratmışdı. "Yuventus"un 2-ci qolundan sonra Oliver "ayılmalı" idi. 1-ci hissənin sonlarında cərimə meydanı çərçivəsində Ronaldoya qarşı edilən hərəkət qayda pozuntusu idi. Rəqibin qarşısını top uğrunda mübarizə aparmadan açıq əllə saxlamaq, itələmək son dəqiqədəki qayda pozuntusundan daha qəbulolunan idi.

Hakim açıq-aşkar gördüyü epizoda niyə reaksiya göstərmədi? Hələ "yatırdı". Psixoloji olaraq arxayın idi. Rəqib meydanında üç top vuran "Real" ən azı bir qolla cütün taleyini həll edəcək düşüncəsi ingilisi rahat buraxmırdı. Eyni zamanda Ronaldonun hakimə qarşı nümayişkəranə etirazı da cavabsız qalmamalı idi. İlk dəqiqələrdə "sarı"ları limon kimi "doğrayan" baş hakim, 11 m. nöqtəni göstərmirsə, simulyasiyaya görə vərəqəyə əl atmalı, qərarında qəti, haqlı olduğunu sübuta yetirməli idi...

Belə prinsipial qarşılaşmalarda hakimlər briqadası oyuna yanaşma bölgüsünü düzgün qurmalı, 90 dəqiqəni düşünməlidirlər. Vaxtından əvvəl 3-4 rəsmi xəbərdarlığın edilməsi sonradan hər an "qırmızı"ya çevrilə bilər.

Bunu Maykl Oliver unutmuşdu... Gəncliyindən gələn, "böyüklərin görüşündə bütün Avropaya necə hakim olduğumu göstərəcəm" düşüncəsi çox keçmədi ki, özünü birüzə verdi. 2-ci hissənin ilk 15-20 dəqiqəsində Duqlas Kostanın reydinə qarşı aşkar kobudluğu mənasız "oyun üstünlüyü" ilə əvəzləyən, rəqibə sarı vərəqə göstərməyən, Marselonun ilk yarıdakı "sarı"lar kimi arxadan rəqibə qarşı kobudluğuna görə cəzalandırmayan baş hakim artıq oyunun ipini itirirdi.

Görüşün əvvəlindəki "paylamalar"dan sonra Manzukiçin dirsəklə rəqibin üzünə xəsarət yetirdiyi anda da ikinci sarı ilə cəzalandırmadı. Elə Marselo da ilk epizodda sarı alsaydı ikincisi verilməyəcəkdi. Görüşə yanlış, aşırı dərəcədə sərt idarəçiliklə başlaması 2-ci hissədə oyunu korlamamaq üçün məcburi "bağışlamaları" şərtləndirirdi. Dəqiqələr ötdükcə və hakimin fikiri ilə "Real" gözlənilən qolunu vurmadıqca Mayklın beyni qarışırdı. Çünki, istədiyi idarəçiliyi göstərə bilmədiyini, oyunun gedişində səhv qərarlar verdiyini bilirdi. İngiltərədə onlarla matçı idarə etməyinə baxmayaraq Çempionlar Liqasının məsuliyyəti daha yüksəkdir. Qarşında "Real", "Yuventus" olduğu halda isə gərginlik dərəcəsi pik nöqtəyə çatır...

Son saniyələrdə verilən penalti qərarı bilərəkdən deyildi, baş hakimin psixoloji təzyiqə, oyunun gərginliyinə dözməməsinin nəticəsi idi. Baxmayarq ki, qarşılaşmanın final fiti olmayacaqdı, 30 dəqiqəlik əlavə vaxt da gözlənilirdi. Bu epizodda qayda pozuntusunu qeydə almasaydı heç kim Oliveri günahlandırmayacaqdı. Başqa fikiri olsaydı, ilk yarıda penaltini dəyərləndirər, ən azından Manzukiçin "qırmızısı" ilə "Yuventus"u azlıqda qoya bilərdi. 

Epizodda qaydalara uyğun 11 m. cərimə zərbəsinin olmadığının iddiası doğru yanaşma olmaz. "Oyun Qaydaları"nda boşluqlar həddindən artıq çoxdur. "Zubrilovka" (əzbərçi) şagirdlər kimi şablon idarəçilik yolverilməzdir.

FİFA, UEFA hər il qaydaların birmənalı yozumu, tətbiqi ilə bağlı əlavə tövsiyyələr verir, ayrı-ayrılıqda epizodlar incələnir, seminarlar keçirir. Hakimlikdə yazılmamış sonuncu qayda da mövcuddur. Bu, hakim təfəkkürü, hakim ağlıdır. Qaydalardakı boşluqları doldurmaq, böyük futbolun ruhunu qorumaq çox önəmli, vacib amildir. Hər kəs, ilk növbədə hakimlər bilməli, dərk etməlidir, futbol azarkeşlər üçün oynanılır. İnsanlar tribunaları məşqçi, hakimlərə görə deyil, ilk növbədə futbolçulara, gözəl, baxımlı oyunlara görə doldurur. Diqqət mərkəzində hər zaman futbolçular olmalıdır. Hakim obyektiv, qətiyyətli qərarları ilə meydanda ola-ola "kölgə"də qalmağı bacarmalıdır. Vaxtilə məşhur Zidan "kəllə"sinə görə göstərilən haqlı qırmızı vərəqənin hansı hakim tərəfindən verildiyini çoxları unudub. Buffonun "qırmızı"sı yada düşəndə isə hər zaman Oliver hərtərəfli xatırlanacaq...

Birmənalı bildirirəm, yüzlərlə beynəlxalq dərəcəli hakimin Mayk Oliverin qərarına münasibəti birdir: "Oyun Qaydaları"na görə cərimə olmağı cərimədir, o anda isə penalti verməzdim". Elə 14 yaşından hakimliklə məşğul olan ingilisin özü də vətənində hər iki turdan bir belə qərarlar versəydi nəinki FİFA, UEFA, Premyer Liqa, heç Çempionşip səviyyəsinə qalxa bilməzdi. Maykl Oliverin sərt mübarizəni sevən İngiltərə futbolunda idarə etdiyi görüşlərdən onlarla bu tipli epizodları nümunə göstərmək olar ki, cərimə zərbəsi təyin etməyib. Futbolun baxımlığını, gözəlliyini öldürməmək üçün doğrusu da budur...

Turində böyük "Real"ın böyüklüyünü təmin etdikdən sonra "Yuventus" cavab görüşünə beyin olaraq mərhələ adlamaq üçün çıxmamışdı. Madriddə nəhəng klub olduğunu sübut etmək üçün oynayırdı. Son dəqiqələrdə "Turində 3 top vurana Madriddə 3 qolla cavab verərik" böyüklüyünün rahatlığını yaşayır, final fitini gözləyirdi "Yuventus". Bu qalibiyyət italyanlar üçün Ç.L.-n qalibi olmaq qədər önəmli, klubun böyüklüyünü, nüfuzunu qorumaq baxımından daha vacib idi. Qarşılarında dünya nəhəngi "Real" idi. Bunu da bacardılar. Madriddə azarkeşlərin böyük "Real"ın məğlubiyyətini alqışlamağa da məcbur etdilər...

Referilərin bir çoxu futbolda, hakimlikdə təsadüfi insanlardı. Əksəriyyəti keçmişdə peşəkar futbol oynamayıb. Ən yaxşı halda həvəskar futboldan gələnlərdi. Böyük futbolun ruhunu, dərinliyini, havasını tam qavraya bilmirlər. Belə olmasaydı, baş hakim heç vaxt Buffona qırmızı vərəqə göstərməzdi. Yeri gəlmişkən, hakim qırmızı kartını arxa çibindən ilişə-ilişə çıxarmamalıdır. Heç də yaxşı manera deyil. Hakim köynəyinin ön hissəsində vərəqələr üçün nəzərdə tutulmuş xüsusi ciblər var. Futbolçu kartı dərhal önündə görməlidir, arxadan hıqqana-hıqqana çıxarılan vərəqəni gözləməməlidir. Buffon üçün isə karyerasının sonunda "Real"la cavab görüşü ən mükəmməl oyunlarından biri idi. İngiltərənin ən gənc hakim rekordçusunun əmisi, dayısı yaşında olan dahi qapıçıya göstərdiyi "qırmızı"nın heç yeri yox idi...

Futbol "Oyun Qaydaları" mükəmməl deyil. Son 30 ildə qaydalarda edilən dəyişiklər futbolun sürətinə, dinamikliyinə önəmli təsir edib. Texniki-tərəqqi də sözünü deməkdədir. Yeni texnologiyaların tətbiqi, teleyayım keyfiyyətinin yüksəlməsi meydanda baş verən hər anı detallı incələməyə, təhlil etməyə imkan yaradır. Məşqçi, futbolçuluq baxımından müasir tələblərlə uyğunlaşma prosesi inkişafdan geri qalmır. Hakimlik isə futbolun indiki tələblərinə cavab vermir. Bunun günahkar(lar)ı hakimlər deyil. İllərdi aparılan islahatlar istənilən effekti vermir. Gah hakim sayını artırdılar, gah qulaqcıqlardan istifadə etdilər. Olmadı, alınmadı. İndi də videotəkrarların köməyinə bel bağlanılır...

Ekrandan epizodları müzakirə etdiyimiz vaxtlarda, "FİFA, UEFA videotəkrara baxmırr" deyənlər, bu gün artıq qəbul etmək məcburiyyətindədilər. Bəli, təfəkkürləri dəyişməyib, məcburdurlar. 

Bəs nəyə görə aparılan islahatlar hakimlik baxımından fayda vermir? Futbol məmurlarının beyin dərinliklərində hakimlərə olan münasibət əsrlər öncə Afrikadakı qullardan heç nə ilə fərqlənmir. Müstəqilliyi, peşəkar hüquqları olmayan hakim tam formalaşa bilməz. Belə durumda hakimlik seçimi ədalətli rəqabətə, peşəkarlığa, istedadın olmasına söykənmir. Sözə baxanlar qalır, söz sahibi olan bacarıqlılar aradan götürülür. "Alət"ə çevrilən, meydanda peşəkar məşqçi, futbolçular arasında tək həvəskar olan bir çox hakimdən böyük futbolun ruhundan başqa istənilən addımı, qərarı gözləmək olar... 

100 milyonlar qazanan Messi, Ronaldo, 10 milyonlarla müqavilələri olan Maurinyo, Qvardiola və digərlərinin taleyini "qəpik-quruşa" möhtac edilən həvəskar hakimlər həll edir. Onların qazancı əhalinin orta gəlirləri ilə deyil, meydanda olanlarla müqayisə olunmalıdır. Yaşıl meydanda hər oyun 10-12 km məsafə qət edən, olmazın psixoloji yükləmələrə məruz qalan referinin qazancı da buna uyğun olmalıdır. Aparıcı hakimlərin futbolçularla qazanc fərqi 100-150 (!) dəfədən də azdır. Oliverin İngiltərədə illik hakimlik gəlirini futbolçu bir həftədə əldə edir. Bu qədər fərq, uçurumun olduğu futbolda kasıblar milyoner futbolçuların oyunlarını idarə etməyə məhkum edilirlər. Hansı səbəbə hakimlər haqq etdikləri halal qazanclarından məhrum olmalıdırlar?! Hakimlər futbolçu, məşqçilər kimi amansız peşəkar rəqabətdən keçməlidirlər. Belə olarsa ən yaxşılar, istedadlar meydanda olar.

Yeri gəlmişkən vaxtilə futbolçuların da hüquqları geniş deyildi. Məşhur "Bosman işi"ndən sonra tam azad, qaydalar çərçivəsində müstəqilliklərini qazandılar. Təsəvvür edin, yaxın keçmişdə futbolçunun klubla müqaviləsi bitəndən sonra da icazəsiz başqa kluba keçə bilmədiyi dönəmlər var idi... 

Hakimlik çox çətin sənətdir. Fiziki, psixoloji, nəzəri, pedaqoji, taktiki biliklərlə yanaşı qətiyyət, liderlik keyfiyyətləri, ədalətli olmaq, ani, iti düşünmək, düzgün qərar vermək qabiliyyəti, ünsiyyət davranışı, bacarığı olmalıdır. Bu keyfiyyətlərə sahib olan insan, haqq etdiyini almalıdır. Artıq 100 milyonlar deyil, milyardlarla pul dövriyyəsi olan böyük futbolda aparıcı hakimlər həvəskar statusda olmamalıdırlar.

Hələ ki, FİFA, UEFA, milli federasiyalara peşəkar, istedadlı hakimlər lazım deyil. Videotəkrarlar da problemi tam aradan qaldıra bilməyəcək. Qismən irəliləyiş mümkündür. Çünki, monitor arxasında qərarı verən də həvəskar hakim olacaq.

Yuxarıda qeyd etdiyim "Oyun qaydaları"nda olan boşluqları aradan qaldırmağın yeganə çıxış yolu peşəkar hakimliklə müasir texnologiyanın vəhdəti ola bilər. Əks halda futbol içtimaiyyəti hakimlərin "ölüm" qərarlarını hələ çox görəcəklər. Hakimlərə rəhbərlik edən Kollinanın dünyada ən yaxşı referi adı qazandığı illərdə, İtaliyasının Koreyada uduzdurularaq necə sürgün edildiyi kimi...

Tahir Süleymanov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right