Kamran Ağayev: “Futbolu sevməsəydim, karyeramı çoxdan başa vurardım”

“Keşlə”nin və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Newsport.az saytına müsahibəsi:

- “Sumqayıt”la qarşılaşmadan məğlub ayrıldınız. Fikirlərini necədir?

- Maraqlı oyun alındı. 8 gün ərzində üçüncü oyunumuzu oynadıq, bu da bir qədər əziyyətlidi. Nəyə görə əziyyətlidi? Çünki süni örtüklü meydançalardan təbbi örtüklülərə, təbii örtüklülərdən, süni örtüklülərə keçirik. Əvəz olunmayan futbolçu yoxdu. Sözümü ona gətirmək istəyirəm ki, məşqçi bəzi oyunçulara istirhət vermişdi. Şəxsən mən zədədən qayıtmışam, yavaş-yavaş hazır duruma gəlməyə çalışıram. Oyuna gəlincə, hava küləkli idi, bu, bizə çətinlik yaradırdı. Yağış, qar olsun, amma külək olmasın. Baxımlı oyun alındı. Məğlub olmaq istəməsək də, sonda bununla üzləşdik.

- Zədəni tam olaraq sağaltmısan?

- Şükür allaha, ağrı hiss eləmirəm. Amma elə bir zədədir ki, bir qədər vaxt lazımdır. Mən isə vaxt verə bilmirəm, çünki artıq çəki yığıram. İnşallah, yaxın gələcəkdə hər şey düzələr.

- Epizodların birində hakimə etiraz etdin, oyunun sonunda da AFFA nümayəndəsi ilə söhbətləşdin. Nəyə etiraz edirdin?

- Yadımda deyil. Oyun ərzində o qədər belə hadisələr olur ki...Milli komandanın oyunçularıyıq, hakimlər bizi qoruyurlar. Həmin epizod yadıma gəlmir, deyəsən, Ehtiram Şahverdiyev topu yerə vurdu.

- Kubokla bağlı nə düşünürsən, “Sumqayıt” səddini keçmək olar?

- İlk oyun başa çatıb. İnşallah, zədəlilərimiz olmasın. Final oynamaq hər bir oyunçunun arzusudur. Ümid edirəm ki, mərhələ adlayacağıq.

- Mövsümün sonunda “Keşlə”ni tərk etməyəcəksən?

- Yaya qədər müqaviləm var, “Keşlə”nin uğuru haqda düşünürəm.

- Razılaşaq ki, Rəşad Sadıqovun 36 yaşı var, amma hələ də onu əvəz edə biləcək futbolçu yoxdu. Eyni zamanda da Kamran Ağayevin əvəzləyicisi yoxdu.

- Səhv fikirdi. Sadəcə, inam var. Gəlin, sizin dilinizdə danışaq. Siz hansı jurnalistin necə işlədiyini bilirsiniz. İdman da belədi. Əvəz olunmayan idmançı yoxdu. Şahin Diniyevin vaxtında Rəşad Sadıqov milli komandaya dəvət almırdı. Hər bir baş məşqçinin baxış bucağı, taktikasına uyğun futbolçular var. 

- Səni əvəz edəcək birinin yetişməməsi fikri ilə razısan?

- Yox, insan özündən razı olmaqdansa, özünə güvənməlidi. Öncə özünə güvənməlisən. Kənardan fərqli görünsək də, tam fərqli insanlarıq. Çünki biz özümüzü darta bilmərik. Meydanda 90 dəqiqə oluruq, bundan sonra isə adi vətəndaşlarıq. Ona görə də siz olmasaz, biz heç kimə lazım deyilik. Təbii ki, əziyyətimiz olur. Bir də belə bir şey var: idman çantasını çiyninə atan hər insandan idmançı olmur. Sizinlə razıyam ki, mənim yaşımda olan qapıçılar bu dəqiqə iddialıdırlar. Bundan başqa, yetişmək üçün əziyyət çəkməlisən. Orxan Sadıqlı uşaqlıqdan mənim yanımda olub və ona demişəm ki, məndən yaxşı şeyləri götür. Mənim atam, rəhmətlik anam ziyalı insan olub. Atam müəllim olub, mənə ilk tapşırıqları o verib. Amma atamın öz, mənim öz dəsti xəttim var. Atamdan sadəcə, kişilik öyrənmişəm. Başa salıb ki, sən müsəlmansan, azərbaycanlısan, bayrağın, himnin, gerbin budu. Atam bunları başa salıb. İdmanda isə özüm irəliləmişəm. Orxana da hər zaman demişəm ki, çalış özün kimi ol. 22 ildi futbol oynayıram, hələ özümü heç kimə oxşatmamışam. Baxmışam, öyrənmişəm, amma öz dəsti-xəttim olub. İndiki zamanda əsas fikirdi, ustalıqdı. Cavanlara demək istəyirəm ki, hazırda futbolumuz yaxşı vəziyyətdədi. Mən peşəkar futbola “Şəfa” klubunda gəlmişəm. O vaxtı hamı deyirdi ki, “Şəfa” superdi, qəşəngdi, bütün futbolçular komandaya can atırdılar. Lakin hansı şəraitdə idik?  Cəmi bir paltarmız var idi, məşqləri isə bərbad stadionda edirdik. 2-3 dəfə eyni yerdə topa müdaxilə etdinsə, 4-cü dəfə müalicə almağa gedirdin. Əvvəl pulu olan insan da olsaydı, əlcək, butsi tapa bilmirdi. İndiki dövrdə isə hər bir şərait var. Allah futbola can atanları zədədən qorusun. Mən özüm çox zədə almışam. İnsan pik nöqtəyə qalxır, zədələndikdən sonra köhnə vəziyyətinə qayıdır. Məsələn, mən Portuqaliyaya gedəndə tam hazır vəziyyətdə idim. Elə oldu ki, mövsümün gedişində zədə aldım, Azərbaycana qayıtdım. Bura gələndən sonra Avropaya qayıtmaq istəmirdim, çünki tam hazır vəziyyətdə deyildim. Sonra “Mlada” söhbəti ortaya düşdü, məşqçi də demişdi ki, Kamran bura gələndə hazır vəziyyətdə deyildi. Zədədən də heç kim sığortalanmayıb.

- Demək istəyirsən ki, “Mlada”ya getməkdə səhv addım atdın?

- Formaya düşməmişdim. Zədəmi bərpa edirdim, birdən-birə dedilər ki, gəl, biz səni müalicə edəcəyik.  Hamı deyir ki, Kamran bir nömrəli qapıçıdı. Amma məşq etməsən, bu ada sahib çıxa bilməzsən. 20-25 yaşda insanın üzərində məsuliyyət az olur, 32 yaşında pik nöqtədə olursan, millinin aparıcı siması olursan və hər bir səhvin özünə yaraşmır. Çünki hər bir hərəkət səni hörmətdən sala bilər. Yəni, bu adı qoruyub saxlamaq çox çətin olur.

- Əsas suala cavab vermədin, səni əvəz edəcək qapıçı kim ola bilər?

- İstedadlı qapıçılarımız var. Amma məşqçilərin fikri başqa cürdü. Hamı deyirdi ki, Prosineçki flankəsi miliyə dəvət etmir və ya Qurban Qurbanov kimisə kənarda qoyur. Məşqçi var ki, futbolçuda nəyisə tapır. Məşqçi də var ki, futbolçu onun oyun fəlsəfəsinə uyğun gəlmir.

- Yaxın dostun Ruslan Əmircanov bugünlərdə ailə həyatı qurdu. Bəs sən atanın arzusunu nə zaman yerinə yetirəcəksən?

- Vallah, ailə həyatı insana hər zaman lazımdı, amma məsuliyyətli bir işdi. Təbii ki, ailə həyatı quracam. Portuqaliyada olanda çempionatın birinci dövrəsinə yekun vuruldu, Emin Moskvaya uçdu, mən də Bakıya gəlirdim. Təyyarəyə minəndə jurnalistlərin birindən zəng gəldi, ona dedim ki, təyyarəyə minirəm, danışa bilmirəm, səhər danışarıq. Dedi niyə? Dedim ki, Azərbaycana gəlirəm. Niyə gəldiyimi soruşdu, səmimi olaraq dedim ki, darıxıram, ailə qurmaq vaxtıdı, atamla məsləhətləşməliyəm. Səhər Bakıya çatanda gördüm ki, aləm dəyib bir-birinə. Portuqaliyadan darıxdığım üçün qayıtmadım. Sadəcə, dizim imkan vermədi. “Benfika” ilə oyunda da qalmaqal yaşanmışdı və bu, futbolda olan hadisələrdi. Əlbəttə, bunun peşmançılığın çəkirəm. Mən “Boavişta”da qalıb futbol oynamaq niyyətində deyildim, daha yaxşı yerə getmək istəyirdim. Çünki komandanın vəziyyəti yaxşı deyildi. Bir də belə bir şey deyim ki, əziyyətimiz olub, iki təhsilim var və dövlət işində işləmək istəyirəm. İnşallah, belə getsə işləyəcəm. Daha doğrusu, işim artıq təyin olunub. Əgər mən futbol üçün darıxmasaydım, çoxdan karyeramı başa vurmuşdum. Futboldan ləzzət aldığım üçün bu işlə məşğulam.

- Hansı sektorda işləyəcəyiniz bəllidi?

- Dövlət işidi. Təyin olunmayıb, inşallah, olacaq. Deməyim odu ki, futbolu sevdiyim üçün burdayam. 10 ildən çoxdu ki, peşəkar futbolla məşğulam, milli komandanın formasını heç kimlə dəyişməmişəm.  Ulduz futbolçu olsa da, bayrağımıza görə formanı dəyişməmişəm. Bundan sonra forma dəyişməyəcəm. Qismət olsa, səfərbərlik olunsa, Qarabağda döyüşməyə hazıram.

- Toy nə vaxtdı?

- İnşallah. İdmandan başımız ayılmır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right