"AFFA-nın təşkil etdiyi liqalar heç bir halda uşaqların inkişafı üçün kifayət deyil" Nail Kərimov

Ölkəmizdə uşaq futbolunun elə də yaxşı durumda olmadığı hamıya məlumdu.

Bu səbəbdən Newsport.az saytının əməkdaşı Qəbələ Futbo Akademiyasının direktoru Nail Kərimovla söhbətləşib. Sizə həmin müsahibəni təqdim edirik:

“Bir neçə ildir xarici ölkələrə yarışlara qatılırıq. Orada ən diqqəti cəlb edən amillərdən biri odur ki, avropalılar istənilən məktəb tədbirlərdindən istifadə edib, turnirlər təşkil edirlər. Biz, keçən il ilk dəfə Qəbələdə “Qış Kubokları Turniri” keçirmişdik. Bu il də, Şamaxı Olimpiya Kompileksini istifadə edə biləcəyimizi bildiyimizdə, qərara gəldik ki, Novruz Bayramı ilə əlaqədar turnir təşkil edək. Məktəblərdə tətil olmasını nəzərə alaraq, həmin günlərə iki tur yerləşdirdik. U-11 yaşlıların turniri artıq başa çatdı. Sabah isə U-9 yaşlıların turnirinə start veriləcək. Ən təəsüf edici məqam isə ondan ibarətdir ki, peşəkar klublarımızdan heç biri bu turnirə qoşula bilmədilər. Səbəb isə maliyyə məsələləri gətirildi. Onlar da qatılsaydılar daha maraqlı və rəngarənq bir turnir izləyərdik. Belə deyim də, AFFA-nın təşkil etdiyi liqalar heç bir halda uşaqların inkişafı üçün kifayət deyil. Mütləq bu tipli turnirlər keçirilməlidir. Bəzi xarici ölkələr var ki, orada U-7-lər il ərzində 30 turnirdə iştirak edirlər. Onların infrastrukturu və iqlim şəraitləri bizdən heç də yaxşı deyil. Lakin çox təəsüflər olsun ki, biz bu işləri görə bilmirik. Ancaq AFFA-nın təşkil etdiyi liqalarla keçinməli oluruq ki, bu da heç bir halda kifayət deyil. Biz Almaniyada olduğumuz zaman bir klubla qarşılaşdıq və həmin komandanın oyunu xoşuma gəldi. Məşqçilərinə yaxınlaşıb soruşdum ki, “necə oldu ki, belə bir komanda yarada bilmisiniz”? O, isə mənə cavabında “biz artıq Avropada 25 turnir oynamışıq” dedi. Bizim qatıldığımız həmin turnir isə uşqaların ilk beynəlxalq səfəri idi. Baxın, bu 25 turnir, avropalı futbolçu ilə azərbaycanlı arasında çox böyük bir fərq yaradır. Daha sonra isə suallar doğur ki, niyə bizdə yaxşı futbolçular yetişmir? Hər şey buradan başlayır.

- Qeyd etdiyiniz kimi, Şamaxı Olimpiya Kompilkesi ilə əməkdaşlığa başlamısınız. Bəs, “Qəbələ”nin buradan qazancı nə olacaq?

- Klubumuz və Şamaxı Olimpiya Kompileksi arasında əməkdaşlıq var və həmin əməkdaşlığa əsasən, bizim burada ilk işimiz “Qəbələ Futbol Aakademiya”sının filialını açmaqdır. Artiq, bu məsələlər üzərində işlər gedir və tezliklə qəbulla bağlı elanlar da veriləcək. Burada həm ödənişli əsaslarla məşqlər olacaq, həm də istedadlar qrupu fəaliyyət göstərəcək. Başlanğıc üçün bir və ya iki komanda nəzərdə tutulub. Gələn mövsümdən isə bu komandalar AFFA-nın təşkil etdiyi liqalarda da iştirak edəcəklər. Bu, həm Şamaxıda futbolun dirçəlməsi üçün böyük addım olacaq, həm də bizim akademiyamız üçün buradan yeni istedadlar yetişəcək.

- Akademiyadan söz düşmüşkən, “Ronaldiniyo Akademiya”sının açılışı nə zamana planlaşdırılır?

- Bundan öncə də deyildiyi kimi, biz, bu vaxtlarda istəyirdik açılışı edək, lakin uyğun yerin seçilməsi vaxt aparan amillərdən biri oldu. Hal-hazırda bu istiqamətdə işlər gedir. Yer seçilib. Təəsüf ki, bu haqda məlumat verə bilmərəm, lakin sənədləşmə ilə hər şey öz təsdiqini tapdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək. Müqavilələr bağlanıb. Həmçinin layihə də tam təsdiqini tapıb. Çox qısa zamanda inşaat işləri başlayacaq. Daha öncə də bildirdiyimiz kimi, layihədə yerli və xarici məşqçilər iştirak edəcəklər. Ronaldiniyonun Braziliyadakı akademiyasında fəaliyyət göstərən məşqçilərdən ikisi bura gələcəklər. Ümid edirəm ki, bu ilin sonu və yaxud da gələn ilin əvvəllərində fəaliyyətə başlayacağıq.

- Akademiyada minimum və maksimum yaş qrupları neçə olacaq? 

- Öncədən də deyildiyi kimi, bu, kommersiya məqsədli bir layihədir. Şamaxıda olduğu kimi, burada da ödənişli əsaslarla qəbul aparılacaq. Minimum yaş həddi 6, maksimum hədd isə müraciətlərə əsasən bəlli olacaq. 

- Akademiyada neçə meydança fəaliyyət göstərəcək və ən əsas amillərdən biri, bu meydançalar süni ot örtüyü olacaq? Yoxsa, təbbi?

- Meyançalarımız süni ot örtüklü olacaq. Çünki, təbbi ot örtüyü üçün yetəri qədər maddi imkanımız yoxdur. Ən yeni texnoloqiyalarla hazırlanmış örtüklər alacağıq. İki üstüörtülü meydaçamız da olacaq.

- Akademiyada yataq otaqları nəzədə tutulurmu ki, uzaqdan gələn futbolçular orada qala bilsinlər?

- Yox, belə bir planımız yoxdur. Bu, təkcə Qəbələdəki akademiyamızda mövcuddur. Biz bütün rayonlarda fəaliyyətmizi göstəririk. İstedadlı uşaqları tapıb gətiririk Qəbələdə qalırlar. Bakıda buna tələbatın olmadığını fikirləşdik.

- Yay fəsilində bütün komandaların çıxış edəcəyi bir turnir gözlənilirmi?

- May ayına qədər heç bir turnir nəzərdə tutulmayıb. Səbəb isə AFFA-nın təşkil etdiyi çempionatların sona yaxınlaşmasıdır. Bütün turnilərimiz may ayından sonraya nəzərdə tutulur. Biz istəyərdik ki, genişmiqyaslı turnirlər olsun. Komandalar çox olsa, biz yaxın ölkələrə də müracit edə bilərik. Təəsüf ki, hal-hazırda belə bir turnir keçirməyimiz real görünmür. Çünki, Premyer Liqa klubları bu tipli turnirlərə maliyyə ayıra bilmədiklərini bizə deyirlər. Yenə də çağırış etmək istərdim ki, bu məsələyə ciddi yanaşılsın və diqqət ayrılsın.

- “Qəbələ kamp” var idi ki, bir neçə ildir artıq keçirilmir. Onun bərpası gözlənilirmi?

- Hal-hazırda rəhbəlik tərəfindən qarşımıza belə bir məsələ qoyulmayıb. Maliyyə problemlərini nəzərə alsaq, yaxın keçmişdə də qoyulmayacağını düşünürəm.

- “Qəbələ”nin yetirmələri var ki, digər klublara dəvət alırlar, lakin “Qəbələ”nin əsas komandasında möhkəmlənə bilmirlər. Buna səbəb nəyi görürsünüz?

- Məncə, səbəb çox sadədir. Çünki, bizim komandamız hər mövsüm çempionluq üçün mübarizə aparır. Belə olan halda isə bizə peşəkar futbolçular lazım olur. Məşqçinin gənclərə şans verməsi o qədər də real görünmür. Bu, bütün dünya praktikasında da belədir. Yetişən gənclərin hamısının “Qəbələ”də oynaması düzgün deyil. Təbii ki, digər klublarda da çıxış edəcəklər.

- Qəbələ Futbol Akademiyası olaraq, yaxın gələcəkdə nə kimi planlarınız var?

- Hal-hazırda mövsümün gedişatıdır. Gedişat əsnasında biz hər hansı bir plan qoymuruq. Bu, ilin əvvəli olur. Bu mövsüm qış fasiləsində, demək olar ki, ən əsas işimizi gördük. Artıq ikinci mövsümdür ki, əvəzedici komandamızın bir neçə futbolçusu digər yerlərə transfer olunurlar. Mövsüm başlayan zaman ilk məqsədimiz bu olur ki, oyunçularımızı digər klublara necə transfer edək. Qarşıdakı illər ərzində də eyni qayda ilə davam etməyi düşünürük.

- “Qəbələ”nin 2005 və 2003 təvəllüdlü futbolçuları həm Regional Liqada, həm də Bakıda keçirilən çempionatda çıxış edirlər. İki komanda yaratmısınız həmin yaş qruplarından. Bu regionda futbolun zəif olması ilə əlaqədardır?

- U-14-lərdən ibarət komandamız Bakı zonasında çıxış edir. Səbəb isə çox sadədir. Çünki, Region Liqasında rəqiblərimiz çox zəifdirlər. U-13-lərdə isə iki komandamız var. Onlardan da biri hər həftə Bakıya yarışa gəlir. Ümumiyyətlə, komandalarımız rəqabətsizlikdən əziyyət çəkirlər. Bu yaxınlarda bizim U-11 yaşlılarımız oyunların birində 30-0 hesabı ilə qalib gəliblər. U-11-lərdə görüş vaxtı 40 dəqiqədir. Hesabınn böyüdüyünü görən hakim 34-cü dəqiqədə matçı saxlayıb. Bu, orta hesabla hər dəqiəyə bir qol deməkdir. Yəni, zona yarışlarında rəqabətsizlik var. Boşluqlar çoxdur. Biz əlimizdən gələni edirik, lakin maddi imkanımızda yetəri qədər deyil ki, hər məsələni öz üzərimizə götürək.

Mərdan HƏSƏNOV/ Bakı-Şamaxı-Bakı





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right