“Sumqayıt”ın məşqçisi: “Futbolçunu itirmək asandı, nəinki qazanmaq” MÜSAHİBƏ

Karyerası ərzində “Fərid”, Turan”, “Neftçi”, “Qarabağ”, “MKT-Araz”, “Standard” klublarının şərəfini qoruyan, hazırda “Sumqayıt”ın qapıçılarla işləyən məşqçisi Etibar Tarıverdiyevin müsahibəsini təqdim edirik.

 

- Qapıçı məşqçilər üçün A kateqoriya kursları başa çatmaq üzrədi.   Kurslar necə keçir və imtahanlara hazırsınız?
- A kateqoriyası almaq üçün 12 məşqçi kurslara qatılıb.  Bir ildən artıqdı ki, kurslarda iştirak edirik. Seminarlar olduqca səmərəli keçdi. Seminarın gedişində bir çox maraqlı mövzular, müzakirələr oldu. Açığı, belə kursların keçirilməsi məşqçilərin xeyrinədi. Gələcəkdə ölkəmizə yüksək səviyyəli qapıçılar bəxş etmək üçün hər zaman maariflənməyə ehtiyac var. May ayının əvvələrinə kimi imtahanlar olmalıdır. Hər bir məşqçiyə A kateqoriyasına yiyələnməyi arzulayıram. 
 
 
- Qapıçı məşqçilərə ölkə xaricində hansısa klubun düşərgəsinə yollanaraq təcrübə keçməsi üçün şərait yaradılır?
- Müxtəlif yaş qrupları üzrə milli komandalarda çalışmışam. Həmin vaxt AFFA təcrübə toplamaq üçün məşqçiləri digər ölkələrə yollayırdı. İtaliya və Moldovada keçirilən seminarlarda iştirak etmişəm. Dünyanın bir çox ölkələrində bu cür kurslar keçirilir. Bu, sistemli prosesdir. Klublarda çalışan məşqçiləri götürsək, onlar komanda tərəfindən təcrübələrə göndərilməlidir. Hər zaman yeniliyə açıq olmaq lazımdır. Əyani şəkildə görüb təcrübə toplamaq lazımdır. Futbol dayanmır və durmadan inkişaf edir. Buna görə də ayaqlaşmaq lazımdır. Seminarlarda yeniliklər görürsən, əcnəbi məşqçilərlə ünsiyyət qurub nəsə öyrənməyə çalışırsan. Xaricdə təcrübə keçmək futbol diliylə desək, məhsuldar olur.
 
- Avropanın aparıcı klublarının düşərgəsində seminarlara qatılmaq və tanınmış qapıçı məşçilərinin işiylə yaxından tanış olmaq fikriniz varmı? 
- İndi çempionatın qızğın çagıdı. Praktika toplamaq üçün kənara çıxğmağa  vaxt yoxdu. İspaniya, İtaliya  və Almaniya klublarının qapıçı məktəblərinə baş çəkmək və onların iş üslubuyla yaxından tanış olmaq yaxşı olardı. Yüksək səviyyəli qapıçılar yetişdirən klubların düşərgəsində  təcrübə toplamaq da əla olar.
 
 
- “Sumqayıt”ın uğurlu çıxışında Fərhad Vəliyevin rolu neçə faizdi? 
- Qapıçının mövqeyi elədir ki, burada ani səhv faciəyə kimi hesab edənlər olur. Əsas da Azərbaycanda belədir. Mən həmişə qapıçıları müdafiə etmişəm. Bir baxışdan qapıçının oyunda səhvə yol verdiyinə qiymət vermək düzgün deyil. Məşqçi oyunun videotəkrarına baxandan sonar qərar verə bilər. Açığı, mən belə edirəm. Oyunun təhlilindən sonra qapıçının taktiki və ya texniki səhvinin olduğunu deyirəm. Əslində tez qərar verməklə məşqçi də yanlışlığa yol verə bilər. Belədə qapıçını psixoloji itirə bilərsən. Futbolçunu itirmək asandı nəinki qazanmaq. Qapıçılarım səhv edəndə çalışmışam onlara dəstək olum. Hazırda komandamız Premyer Liqada 3-cü pillədədi. Sözsüz ki, bu yerə gəlib çıxmağımızda Fərhadın da əməyi var. Bunun neçə faiz olduğunu isə mən deyil,  mütəxəssislər və kənardan izləyənlər deyə bilər. 
 
- O zaman belə deyək, məşqçi kimi Fərhadın çıxışından razısız?
- Bizi xilas etdiyi epizodları müqayisə edəndə səhvlərini qat-qat üstələyir. Səhv hər zaman olur. Əsas odur ki, Fərhadda stabillik var.  Vəliyevin çıxışı qənaətbəxşdir və ona inanırıq.
 
 
- “Sumqayıt”ın uğurlu qrafik cızmasının sirri nədədir?
- Hər bir işdə inam olmalıdır. Məşqçilər korpusu, futbolçular və klubun iinzibatı heyəti arasında birlik var.  Nizam-intizam, birlik və mehribançılıq olan yerdə nəticə olar.  “Sumqayıt”ın uğur açarı da məhz budur. Samir Abasov başda olmaqla komandamız bunun öhdəsindən gəlir. Belə davam etsək, nəsə əldə edə bilərik. 
 
- Samir Abasov kənardan çılğın məşqçi kimi görünür. Sizcə, oyunun gedişində o, aqresseiv olur?
- Samir Abasov oyunu yaşayır. Biri var oyuna baxasan, bir də var yaşayasan. O, həyatda tam başqadır. Dürüst və mərd insandır. Tanışlığımız çoxdandır. Az da olsa “Neftçi”də birgə çıxış etmişik. Dostluğumuz ordan yaranıb. Abasov necə varsa, elə də qalıb. Oyun zamanı tam başqadı. Ancaq oyundan kənar yerdə səmimi, mehriban adamdı. Məşqçilər korpusumuz, ehtiyatda olan futbolçular və klub işçiləri matçı yaşayırlar. “Kəpəz”lə oyunda son dəqiqə qoldan sonra nələrin baş verdiyi buna əyani sübütdur. Hamı sevinirdi. Səmimiyyət, vicdan və işə olan məsuliyyət “Sumqayıt”ı irəli aparır.
 
- Hamı “Sumqayıt”ın Avropa Liqasına vəsiqə qazanacağını gözləyir. Lakin mövsüm başlayanda buna inanların sayı az idi…
- Məqsədimiz bacardıqca irəli getməkdi. Bundan başqa, “Sumqayıt”ın layiqli və baxımlı oyun nümayiş etdirməsidi. İsətyirik ki, azarkeşlər oyunumuzdan həzz alsın. Komandamızın Avrokuboklara vəsiqə gazanıb-qazanmayacağını isə zaman göstərəcək. 
 
 
- Səlahət Ağayev, Kamran Ağayev və Rəşad Əzizli milliyə dəvət olundu. Bu siyahıda Fərhad Vəliyev də yer ala bilərdi? 
- Kamran təcrübəli qapıçıdır. O, həmişə millidə yaxşı performans sərgiləyib. Səlahət uzun müddət zədəli idi. Onun yoxluğunda Rəşad Əzizli “Neftçi”də stabil oyun sərgilədi. Anar Nəzirov da zədə üzündən qapıda yer almır. Aqil Məmmədova isə “Qəbələ”də şans verilmir. Əgər  ehtiyac olsa, Fərhad milliyə kömək etməyə hazırdı. Buna isə millinin məşqçilər korpusu qərar verir. 
 
- Bu gün yerli qapıçı qıtlığı var. Səbəb nədir?
- Bu gün üzdə olan 9 qapıçı var: Kamran Ağayev, Səlahət Ağayev, Anar Nəzirov, Aqil Məmmədov, Fərhad Vəliyev, Emil Balayev, Tərlan Əhmədli, Şahruddin Məhəmmədəliyev, Rəşad Əzizli. Aşağı yaş qruplarında olan qapıçılarla səmərəli işləsək, yetişdirmək olar. Əfsuslar olsun ki, sayları azdır. Ancaq gənc qapıçılar var. Süleyman Süleymanov, Kamran İbrahimov, Şahin Zəkiyev, Nicat Mehbalıyev, Məmməd Hüseynov kimi gənclər var. Adlarını bilmədiklərim də var. Ancaq onlarla işləmək lazımdır. Klblar qapıçıları milliyə hazır vəziyyətdə göndərməlidi. Yığmanın məşqçisi isə onları oyuna kökləməlidir. 
 
- Bir çox ölkələrdə qapıçı məktəbləri fəaliyyət göstərir. Bizdə isə belə bir məktəb yoxdur.
- 17 yaşlılardan ibarət milli komandada işləyəndə Florensiyada oldum. İtaliyanın A millisi xaric olmaqla aşağı yaş qruplarının məşqçiləri proqram tərtib etmişdilər. Məşqçilər ilin hansısa ayında planlı şəkildə yığmaya dəvət alan qapıçılara hazırlıq keçirdilər. Bizdə qapıçılar üçün akademiya olmasa belə, millidə yer alan qapıçılarla hansısa bir vaxtda işləmək olar. Mən də daxil olmaqla bəzi qapıçı məşqçilər inkişaf planı hazırlayıb. Həmin proqramları praktikada sınaqdan keçirmək lazımdı. Onda məşqçnin işi üzə çıxar və yeni qapıçıların yetişməsinə şərait yaranar.
 
Sportal.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right