Qurban Qurbanov: "Lazım olsa, Rəşadı milliyə qaytaracağıq"

“Məğlub olmaq istəməzdik. Nə qədər məğlubiyyəti tez görsək, işimizə faydalı olacaq”.

Newsport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Millimiz yoldaşlıq oyunları çərçivəsində öz meydanında Belarusla qarşılaşıb. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Oyundan razı qaldım, futbolçularımız xeyli qol vəziyyətləri yaratdılar. Qarşıdakı bütün oyunlar bundan daha da ağır olacaq. Bu, bizim üçün vacib oyun oldu”.

- Araz Abdullayev və Elvin Yunuszadənin heyətdən kənarda qalmasının səbəbi nə idi?

- Hər bir futbolçunun kiçik səhvi olur. Onlar xətaya yol verdikləri üçün heyətdən kənarda qaldılar.

- Həmin futbolçular milli ilə birgə Antalyaya aparılacaqlar?

- Böyük səhv deyil. Ola bilər bu futbolçulardan biri Antalyaya aparılacaq, biri yox. Yekun qərarı bu gün verəcəyəm.

- İlk dəfə milliyə dəvət olunan futbolçulardan razı qaldınız?

- Razı qaldım. Əslində, daha həyəcanlı olacaqlarını düşünürdüm. Açığı, bundan zəif oynasaydılar, onları başa düşərdim. Amma razı qaldım, istədiklərimi edə bildilər.

- Futbolçularımız bu gün hücuma çox da həvəsli deyildilər. 

- Müdafiə futbolu oynamadıq. Məsələn, 85-ci dəqiqədə futbolçulara küncdən zərbəni o cür yerinə yetirməyi tapşırmamışdım. Bu gün müdafiə futbolu oynadığımızı düşünmürəm. Hətta qapıçı meydançasına kimi topla rahat gedirdik. Rəqib də yaxşı müdafiə olunurdu.

- U-21 millimizin Kosovo ilə oyununu izlədiz?

- Bəli, oyunu canlı izlədim. Açığı oyundan razı qaldım. Kənardam bir qədər fərqli görünə bilər. Məşqçinin istədiyi yerinə yetiriləndə, biz razı qalırıq. Hava şəraiti də yaxşı deyildi. Ancaq matçda oyun intizamını gördüm. Bəzi təkbətək mübarizələrdə məğlub olurdular. Lakin oyun intizamı var idi. Futbolçular topsuz vəziyyətlərdə də nə etməli olduqlarını bilirdilər. İnşallah, hər şey yaxşılığa doğru gedəcək.

- Siz həm də İcraiyyə Komitəsinin üzvüsüz. Gələcəkdə bölgələrdə akademiyaların yaradılması məsələsini komitənin iclaslarında müzakirəyə çıxaracaqsız?

- Bölgələrə diqqət ayrılır. Əlbəttə buna daha çox diqqət ayrılmalıdı. İcraiyyə Komitəsində bu məsələni qaldırıb-qaldırmayacağımı deyə bilmərəm. Ancaq orda həmişə Azərbaycan futbolunun gələcəyi ilə bağlı diskusiyalar olur.

- Yığmada Rəşad Sadıqova əvəzləyici axtarırsız?

- Bu gün Rəşad hələ oynayır. Hər bir məşqçi istəyər ki, komandasında Rəşad kimi futbolçusu olsun. Futbolçu kimi hələ çıxış etdiyindən, onun yerinə əvəzləyici axtarıram deməyim düz olmazdı. Ola bilsin, sabah lazım olsa, Rəşadı milliyə geri qaytaracağıq. Futboldu, zədələr, cəzalar olur. Hər şey mümkündü.

- Milli nə vaxt müdafiədən hücuma çıxmağı öyrənəcək?

- Biz həmişə çalışmışıq ki, müdafiədən hücuma rahat keçək.Top rəqibin cərimə meydançasına gedib çıxırsa, bu, müdafiədən hücuma çıxmaq deməkdi.

- Rəşad Sadıqov çox yüklənməsi uğursuzluğa səbəb ola bilər. Bu barədə nə deyə bilərsiz?

- Hər lider elə-belə olmur. O, öz işinə çox diqqət ayırırsa, ldier olur. Biz bilsək ki, Rəşadın buna gücü çatmayacaq, ondan bunu tələb etməzdik. Uğursuzluqdan qorxsaq, bura gəlməzdik. Heç bir lider ancaq uğur barədə düşünmür. O, uğursuzluğu da göz önünə gətirir. İdmandı, uğur da olar, uğursuzluq da. Bilsəm ki, nədənsə qorxacam, futbola nifrət edəcəm, bu işlə məşğul olmaram. 4-5 il uğur qazanırıq, sonra uğursuzluqla üzləşriksə və etimadı ititiriksə, işləməyə dəyməz.

- Birinci hissədə cərimə zərbəsi ev tapşırığı idi. Amma sonra bunu görmədik...

- İkinci də həmin mövqedə olmuşdu. Bunu təkrarlasaydıq, biləcəkdilər. Bəzi ev tapşırıqlarını etməyə çalışırıq. Amma hamısını bir oyunda göstərmək istəmirik. Məşqlərdə 3-4 ev tapşırığı üzərində çalışırıq ki, əsas turnirlərdə tətbiq edək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right