Mahir Mədətov: "Ramil Şeydayevlə əsas heyətdə oynamaq istərdim" Müsahibə

 "Qarabağ"ın cari mövsümdə bombardiri olan Mahir yığmamızın Bakı hazırlığı bitəndən sonra Sport24.az-ın suallarını cavablandırıb. 

Newsport.az sizə həmin müsahibəni təqdim edir:

- U-21-i qarşıda iki məsul oyun gözləyir. Komandada ab-hava necədi?

- Bu il ilk rəsmi oyunumuzdu. Həm də yeni baş məşqçi təyinatından sonra. Atmosfer də çox yaxşıdı. Premyer Liqamızda oyunlardan gəldiyimizdən ilk günlərdə bir az yorğunluq vardı. Buna görə istirahət oldu. İki futbolçumuz da qoşulandan sonra tam heyətlə məşq edəcəyik. 

- Məşqə əsasən belə demək olarmı ki, yarımmüdafiənin sol cinahında oynayacaqsan?

- Bunu dəqiq deyə bilmərəm. Bəlkə heç oynamadım (gülür).

- "Qarabağ"da komanda yoldaşın Ramil Şeydayevlə birgə ikinizin də start heyətdə meydana çıxmağınız arzuolunandı. Sən sol cinah hücumçusu, Ramil isə mərkəz hücumçusu mövqeyində...

- Ola bilər. Mən də istəyərəm ki, komanda yoldaşımla birgə əsas heyətdə oynayım. Ancaq son qərarı baş məşqçi verəcək. 

- "Qarabağ"da, əsas yığmada çıxış edəndə diqqət mərkəzində olursan. Ancaq U-21 həmin səviyyə deyil və bu yığmaya kömək etmək məqsədilə çağırılmısan. Uyğunlaşma necə gedir?

- Səviyyə baxımından danışmaq istəməzdim. Sadəcə, bir-birimizə öyrəşmək bir az zaman alır. Bu, xüsusilə ilk məşqlərdə özünü göstərir. Məsələn, topu ayağıma istəyirəm, o isə qabağıma gəlir. Buna görə də o fikirlə razıyam ki, uyğunlaşma ilə bağlı bir az çətinliklər olur. Bunu da qısa zamanda aradan qaldırmağa çalışırıq. Futbolçuların çoxunu tanıyırıq. Hələ U-15-dən başlayaraq bir yerdə oynadığım uşaqlardı. 

- Bəs yeni baş məşqçinin taktiki sxeminə necə uyğunlaşırsınız?

- Rəşad müəllim rəqibə uyğun oyun sxemi qurur. Elə olur ki, əks-hücumlar edirik, elə də olur ki, "Qarabağ" kimi topa nəzarət edərək çox ötürməylə oynayırıq. Ümumiyyətlə, rəqibi təhlil edirik və buna əsasən oyun sistemimizi müəyyənləşdiririk. Bir taktiki sxem yoxdu ki, məsələn, bu matçda qısa ötürmələrlə oynayacağıq. Elə olur ki, uzun ötürmələrlə oynayırıq. Belə cürbəcür taktikalarla meydançaya çıxırıq. 

- Kosovo və İrlandiyayla səfər oyunlarında arzuladığın neçə xal var?

- 6 xal. Hər iki matça qələbə üçün çıxacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right