Kamran Quliyev: "Onu düzgün istiqamətləndirmək lazımdır"

Klublar Komitəsinin yeni sədri Kamran Quliyev KK-nin iclasından sonra keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az xəbər verir ki, Quliyev öncə iclasla bağlı danışıb:
 
- Çoxdan idi ki, toplaşmırdıq. Bir çox məsələlərə toxunduq. Milliləşdirilmiş futbolçuların miqrasiya məsələsini müzakirə etdik. Əvəzedici komandaların I Divizionda çıxış etmələri məsələsi haqda təklifləri müzakirə etdik. İclasda Aslan Kərimov çıxış etdi. Müəyyən hesabatlar dinlədik. Uşaqlar liqalarını keçirən şöbənin rəhbəri Yusif Vəliyev müəyyən təkliflər irəli sürdü.
 
- Klubların əvəzedici heyətlərin I Divizionda oynamasına münasibətləri necədir?
 
- Hər kəs bunu pozitiv qarşıladı. Ancaq müzakirələr çox olmalıdır. Əvəzedicilər daim əsas komandanın yanında olur və dəvət alırlar. Baş məşqçilərin fikirləri, detalları çox vacibdir. Onlar hər xırdalığa nəzər yetirməlidir. Bu, 1-2 görüşə həll ediləcək məsələ deyil. Ancaq dünya praktikasında belə bir şeylər var. İspaiya, Portuqaliya və Rusiyada bu sistem mövcuddur.
 
- Video təkrar texnologiyası Azərbaycanda nə zaman tətbiq ediləcək?
 
- Ümumi məlumat verildi. Bunun məsrəfləri, xərcləri və digər şərtləri var. Bunun üçün infrastruktur lazımdır. Bu, klubların büdcəsinə uyğundur. Ancaq stadionlar buna cavab vermir. Bu sistem üçün meydanda 10-dan çox kamera quraşdırılmalıdır. Heç stadionlarımızın çoxunda 6 kamera quraşdırmaq mümkün deyil. İfrastruktur və maliyyəni müzakirə etmək lazımdır. Video hakim texnologiyası müəmmalı epizodlara cavab tapmaq üçün əladır. Ancaq bunun üçün bizdə hələ ki, tezdir. İşlər aparılmalıdır.
 
- Səsvermə əvvəliklərdən fərqli olaraq mətbuat üçün qapalı keçdi. Bunun səbəbi nə idi?
 
- Ola bilsin ki, hər hansı texniki nasazlıq olub (gülür). Mən demişdim ki, öz namizədliyimi vermək istəmirəm. Çünki daha əvvəl 1 il sədr olmuşdum. Amma digər klublar gizli səsvermə ilə məni seçdilər. Hazırda “Neftçi”də olmağımın buna səbəb kimi hesab etmək olar. Çünki əvvəlki sədr bizim klubdan idi.
 
- “Neftçi” ötən gün Premyer Liqanın 20-ci turunda “Qarabağ”la 0:0 hesablı heç-heçə etdi. Bu nəticədən razısız, yoxsa narazı?
 
- Narazı olduğumu deyə bilmərəm. Bərabər səviyyədə oyun keçdi. Çoxlu şanslarımız oldu. “Qarabağ”a qarşı 3-4 qol vəziyyəti yaradan komandanın yaxşı oynadığını demək lazımdır. “Qarabağ”a tam rəqib olduq. Hətta qalib də gələ bilərdik. Sevindiricidir ki, oyundan-oyuna güclənirik.
 
- “Neftçi” hazırda optimal formadadır. Yığmanın təlim-məşq toplanışı ilə bağlı yaranacaq fasilə komandaya necə təsir göstərəcək?
 
- Bizim 6 futbolçumuz əsas milliyə dəvət edilib. Bu, bizim və futbolçularımız üçün stimuldur. Əvvələr bəzi futbolçular dəvət almırdı, ya da müvəqqəti olaraq kənarda qalmışdı. 6 nəfərin birdən-birə milliyə getməsi xoş oldu. Milliyə ən çox “Neftçi” futbolçu göndərib. Bu, yaxşı hal oldu. Millətlər Liqası, AÇ-2020-nin seçmə mərhələ yarışları var. Hər kəs özünü yaxşı göstərmək üçün çalışacaq.
 
- Sabiq komandanız “Sumqayıt”ın qış fasiləsindən sonra biləyini bükən yoxdur. Ötən gün “Kəpəz”lə oyunlarını izləmək üçün vaxt tapa bildiz?
 
- Təbii ki, izlədim. Vaxt tapıb izlədim. “Sumqayıt”ı 3-cü yerə yüksəlmək münasibətilə təbrik edirəm. Böyük uğurdur. Riad Rəfiyevə də prezident postunda uğurlar arzu edirəm. Sumqayıt əsl futbol şəhəridir. Mürəkkəb bir işdir. Gözəl futbol atmosferi var. Azarkeşlər Sumqayıtda futbolu çox sevir. Rəfiyev işinə sıfırdan başlamayacaq. Bünövrəni hamımız qoymuşduq. İşə salınmış maşındır və onu düzgün istiqamətləndirmək lazımdır. Mən hazırda “Neftçi” üçün çalışıram. Komandanın Avropa Liqasına yollanmaq şansı var və biz bu yöndə çalışırıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right