“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqanın 20-ci turunun “Qarabağ”la oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az-ın məlumatına görə, gənc forvard əvvəlcə matçı şərh edib.
- İlk hissədə yaxşı oynadıq. Fasilədən sonra da heç nə dəyişmədi. İkinci yarıda da bizdən tələb olunan oyunu sərgilədik.
- Yağışlı hava oyununuza nə dərəcədə təsir etdi?
- Hava pis deyildi. Məncə, əsl futbol havası idi.
- Kamran Quliyevin “Neftçi”yə prezident təyin olunmasını necə qarşıladın?
- Kamran Quliyevlə işləmək xoşdur. Onunla yaxşı münasibətimiz var.
- “Zirə” bu tur yenə xal itirdi. “Neftçi”nin ilk 3-lüyə düşmək şanslarını necə qiymətləndirirsən?
- Şansımız var və biz bundan istifadə etmək istəyirik. 3-cü pilləni tutmaq üçün qarşıdakı oyunlarda bizə xallar lazım olacaq.
- Ümumiyyətlə, 3-cülüyü özünüz üçün real hesab edirsiniz?
- Bəli, əlbəttə.
- Çoxları düşünür ki, bundan sonra “Neftçi”nin əsas məqsədi ölkə kubokunu qazanmaq olacaq...
- Yox, biz hər iki cəbhədə mübarizə aparırıq. Həm kubok, həm fə çempionat oyunlarına var-gücümüzlə hazırlaşacağıq. Belə etməsək, bu, bizim üçün qeyri-peşəkarlıq olar. Hər iki cəbhədə yaxı nəticələr qazanmaq istəyirik.
- Yenə oyunun gedişində əvəzləndin. Fiziki durumun 90 dəqiqə oynamağa imkan vermir?
- Fiziki cəhətdən tam hazıram. Oyundan-oyuna hər şey daha yaxşı olacaq.
- Əvəzetmədən oyuna daxil olanda vacib qollar vururdun...
- Məncə, bu, futbol şansıdır. Nə vaxt meydana çıxsam, komandama xeyir verməyə çalışıram.
- Qışda heyətə cəlb olunan futbolçular elə də nəzərə çarpmır. Sən necə düşünürsən?
- Yeni gələnlərin hamısı yaxşı futbolçudur. Hesab edirəm ki, onlar komandaya lazımı köməkliyi göstərirlər.
- Özünü Azərbaycan millisində oynamağa hazır sayırsan?
- Millidə oynasam, buna ancaq şad olaram. Dəvət göndərsələr, çox sevinərəm. Özümü milli komandada oynamağa hazır sayıram.