"Rəqib sözün yaxşı mənasında məni təəccübləndirdi. "Kəpəz" yaxşı oynadı. Bizə gəlincə, öz oyunumuzu tapa bildik və qələbə qazandıq. Sağ olsun futbolçularımız, əllərindən gələni etdilər. Xoş haldır ki, gözəl komanda yığılıb. Ehtiyatda qalan futbolçular oynayanlardan çox sevinir. Yığmaya gedən oyunçular var. 3-4 günlük istirahətdən sonra yığışacağıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqanın 20-ci turunda "Kəpəz"i evdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- "Zirə"nin nəticəsi bəllidi. Ola bilər ki, komanda qələbəni çox istədiyi üçün çətinlik çəkdi?
- Əlbəttə, beynimizdə "hökmən udmalıyıq" fikri olduğuna görə həyəcan, tələskənlik vardı. Qələbə olmasaydı, futbolçularla başqa cür danışardım.
- 3-cü pillə komanda üzərində təzyiq yaratmayacaq ki?
- Təzyiq olacağına inanmıram. Futbolçular qarşıya hədəf qoyub. "Qəbələ"nin necə rəqib olduğunu bilirsiniz.
- Rəşad Eyyubov bütün standart vəziyyətlərə özü yaxınlaşırdı. Bu, tapşırıq idi?
- Bunu ona tapşırmamışıq. Sadəcə, dayaq yarımmüdafiəçilərdən çox şey istəyirik (sport24).