U-15 Liqası: «Neftçi» «Qarabağ»ı geridə qoydu

Bazar günü “Boulevard U-15 Liqası"nda «Qarabağ» - «Keşlə» matçı ilə 21-ci tura yekun vuruldu.

Turun mərkəzi oyunu hesab olunan bu qarşılaşmada gözlənilməz nəticə qeydə alındı. Oyun həftəsinin digər 6 oyunu isə şənbə baş tutub. Tur ərzində beşində böyük hesabın qeydə alındığı 7 oyunun yalnız birində tərəflər meydanı 1 xalla tərk etdilər.

«Səbail» - «Zirə» 1:2

Ötən tur «Qəbələ»ni evdə 3:2 hesabı ilə məğlub edən «Zirə» bu dəfə nisbətən asan rəqiblə, lakin səfərdə görüşürdü. «Səbail»in son turlar yaxşı oyun sərgilədiyini nəzərə alsaq, bu oyunun da «Zirə» üçün çətin geçəcəyini gözləmək olardı. Belə də oldu…

Oyun qonaqların hücumları ilə başladı. Artıq, 6-cı dəqiqədə Cəfər Hüseynovun komandası Mahmud Ağayev və Məhəmməd Səfərovla 2 dəfə qol vurmaq imkanı qazandı. Amma adı çəkilən futbolçularda dəqiqlik çatışmadı. 10-cu dəqiqədə isə «Zirə» hesabı açdı. Künc zərbəsindən Elnur Mirzəyevin qapı önünə göndərdiyi topu Məhəmməd Məmmədov başla qapıdan keçirdi.

Buraxılan qoldan sonra oyunun «rəngi» dəyişmədi. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada fasiləyə kimi tərəflər hərəyə 1 dəfə yüzfaizli qol imkanı əldə etdilər. Xüsusilə, «Səbail»in həmləsi daha təhlükəli və baxımlı alındı. Cərimə meydançasının həndəvərində dayanan Rauf Ağahüseynov künc zərbəsindən ona göndərilən topu saxlamadan birbaşa qapıya doğru vurdu. Top azacıq fərqlə «doqquzluq»dan yan keçdi. Əgər Raufun zərbəsi qapıdan keçsəydi, bu qolu çempionatın ən gözəl qollarından biri adlandırmaq olardı.

Qarşılıqlı hücumlar şəraitində başlayan ikinci hissənin 19-cu dəqiqəsində «Səbail» Raufun fərdi ustalığı sayəsində hesabı bərabərləşdirdi. Bundan cəmi 1-2 dəqiqə sonra isə qapılarında qol gördülər. «Səbail»in müdafiəçisi Loğman Əliyevin səhvindən istifadə edən «Zirə» rəqibi əks-hücumda yaxaladı və Mahmud Ağayevin ötürməsindən sonra Teymur Kərimov boş qapını dəqiq nişan aldı.

Matçın son 10 dəqiqəsi bütünlüklə meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Xaqani Məmmədovun yetirmələri rəqibin qələbəni qorumaq üçün müdafiəyə çəkilməsindən istifadə edərək irəli atıldılar və nə qədər qədər çalışsalar da, bərabərlik qolunu vura bilmədilər.

3 xal «Zirə»ni 3-cü pillədə saxladı. «Səbail» isə məğlubiyyətə rəğmən «yerindən tərpənmədi». 9-cu pillədə qərarlaşan Bayıl təmsilçisi növbəti 3 oyunda uduzsa belə yerində qalacaq. Çünki bu komanda «aşağıdakı qonşusu» «Neftçi» İK İB-ni 9 xal qabaqlayır.

Komandaların növbəti 3 oyunu:

22-i tur: İsgəndər Cavadov BFA – «Səbail», «Viləş» - «Zirə»

23-cü tur: «Səbail» - «Keşlə», «Vətən» - «Zirə»

24-cü tur: İOEUGİM – «Səbail», «Zirə» - «Turan»

 

«Neftçi» İK İB – «Kəpəz» 1:1

1-ci dövrənin sonlarında autsayderlərdən olan «Neftçi» İK İB 8 oyundur ki, məğlub olmur. Bu oyunlarda 14 xal toplamağı bacaran Ramin Babayevin kollektivi indi 10-cu yerdədir. Əgər çempionata bu templə başlasaydılar, «Neftçi» İK İB indi bəlkə də medallar uğrunda mübarizə aparan komandalardan biri idi.

«Kəpəz» isə əksinə, mövsümün əvvəlində liderlər qrupunda yer alırdı. Lakin komandanın çempionatın gedişində qeyri-stabil çıxışı və bir neçə aparıcı futbolçusunu itirməsi komandanın 7-ci yerə düşməsinə səbəb oldu. Hər halda «Kəpəz» əzəmətini itirməyib və istənilən rəqibdən xal almaq gücündədir.

«Kəpəz» yüksəlişdə olan eks-autsayderlə görüşdə 3 xal götürmək əzmində idi. Amma rəqib 19 oyuna cəmi 20 qol buraxan, yəni, yaxşı müdafiə olunmağı bacaran «Neftçi» İK İB idi.

Oyunda hesab erkən açıldı. 6-cı dəqiqədə Ümid Səmədovdan ötürmə alan Sərxan Rüstəmov «Kəpəz»i hesabda önə keçirdi. Erkən qola rəğmən sönük keçən oyun qol epizodları sarıdan o qədər kasad deyildi. Meydan sahiblərindən Aşkın Abazerov, Məmmədəli Qurbanlı, qonaqlardan isə Həsən Seyfullayev, Ümid Səmədov əllərinə düşdüyü imkanlardan yararlansaydılar… Matçda bərabərlik qolu 55-ci dəqiqədə gəldi. Kamran Baloğlanov 30 metrlik məsafədən cərimə zərbəsini mükəmməl yerinə yetirərək komandasını məğlubiyyətdən xilas etdi. Bu qol vurulmasaydı… «Kəpəz»li futbolçular 44 yaşnı baş məşqçiləri İlham Səmədova əla hədiyyə etmiş olardılar.

Komandaların növbəti 3 oyunu:

22-i tur: «Neftçi» İK İB turu buraxır, «Kəpəz» - «Neftçi»

23-cü tur: «Neftçi» - «Neftçi» İK İB, «Qarabağ» - «Kəpəz»

24-cü tur: «Neftçi» İK İB – «Qarabağ», «Kəpəz» - «Qəbələ»

Şənbə günü keçirilən digər 4 qarşılaşmanın hamısında böyük hesablı qələbə qeydə alındı. «Böyük»lərdən başlayaq…

«Qəbələ» - İsgəndər Cavadov BFA 8:0

İsgəndər Cavadov BFA ilə oyunda liderin qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. Sensasiya-filan baş vermədi. Rakif Əliyevin komandası sanki məşqə çıxırmış kimi, Qəhrəman Əliyevin yetirmələrini 8 dəfə cəzalandırdı. «Qəbələ»nin qollarının 5-i Mehrac Baxşəliyevin adına yazıldı. O, 18, 40, 50, 53 və 61-ci dəqiqələrdə fərqlənməklə qol sayını 23-ə çatdırdı və «Vətən»in futbolçusu Elvin Abdullayevi geridə qoydu. Meydan sahiblərinin digər 3 qolundan ikisini 16 və 57-ci dəqiqələrdə Kamal Kazımov, birini isə Ümid Həmzəyev (23-cü dəq.) vurdu.

Komandaların növbəti 3 oyunu:

22-i tur: «Keşlə» - «Qəbələ», İsgəndər Cavadov BFA – «Səbail»

23-cü tur: «Qəbələ» - İOEUGİM, «Viləş» - İsgəndər Cavadov BFA

24-cü tur: «Kəpəz» - «Qəbələ», İsgəndər Cavadov BFA – «Vətən»

«Vətən» - «Sumqayıt» 6:0

Oxşar hesab liderin ən yaxın izləyicisinin oyununda qeydə alındı. «Vətən»in də «Sumqayıt»dan 3 xal alacağı gözlənilən idi. Amma hesabın belə böyük olması ağlabatan deyildi. Bəlkə də sumqayıtlıların oyuna inamsız başlaması vəziyyəti bu həddə gətirdi. Maraqlıdır ki, ilk 2 qolu Mehman Yunusovun yetirmələri öz qapılarından keçirdilər. 6-cı dəqiqədə Nurlan Bayramov, 13-cü dəqiqədə isə Sərvin İsmayılov avtoqol müəllifi oldu. Onların səhv etməsində meydan sahiblərinin hücumçusu Şahin Kərimlinin əməyi böyük idi. Məhz onun sərt cinah ötürməsindən sonra topu qapı önündən kənarlaşdırmaq istəyən sumqayıtlılar səhv etdilər. Qalan 4 qol isə «məktəblilər»in adına yazıldı. 26-cı dəqiqədə Bəhruz Tanrıverdiyev, 54-cü dəqiqədə Eldar Zeynalov, 57-ci dəqiqədə Emil Əzizli və nəhayət, matçın başa çatmasına 6 dəqiqə qalmış Elvin Abdullayev fərqləndi.

«Vətən» xallarının sayını 47 çatdırmaqla mövqeyini bir qədər də möhkəmləndirdi. İlqar Mənsimovun komandası liderdən 5 xal geridədir. Amma nəzərə alaq ki, «Vətən» «Qəbələ»dən 1 oyun az keçirib. «Sumqayıt»ı da yerindən tərpətmədi. Əsas izləyicisi «Səbail»in məğlub olması yerdəyişməyə imkan vermədi.

Komandaların növbəti 3 oyunu:

22-i tur: «Zaqatala» - «Vətən», «Sumqayıt» - «Turan»

23-cü tur: «Vətən» - «Zirə», «Sumqayıt» turu buraxır

24-cü tur: İsgəndər Cavadov BFA – «Vətən», «Zaqatala» - «Sumqayıt»

«Neftçi» - İOEUGİM 3:0

19-cu turda evdə İsgəndər Cavadov BFA ilə oyunda gözlənilmədən 2 xal itirən (0:0) «Neftçi» bu dəfə münasib rəqiblə eyni səhvi təkrarlamadı. Zaur Seyidovun futbolçuları sumqayıtlıların qapısından 3 cavabsız qol keçirməklə aktivlərinə 3 xal yazdılar. Bakılılardan Nihad Cəfərov (5-ci dəq., ötürmə Hüseyn Babayev), Altay Əbdülkərimov (14-cü dəq, ötürmə Aqil  Qurbanov) və Rəvan Nağıyev (68-ci dəq., ötürmə Nihad Həsənzadə) fərqləndilər.

Qələbə «Neftçi»ni 1 pillə «yuxarı daşıdı». «Qarabağ»la xallarını eyniləşdirən «Neftçi» 1-ci dövrədə bu komandanı 2:1 hesabı ilə məğlub etdiyindən 5-ci pilləni ələ keçirdi. İOEUGİM isə əksinə, 1 pillə eniş etdi. Baba Əsgərovun komandası «Viləş»i özündən irəli buraxdı.

Komandaların növbəti 3 oyunu:

22-i tur: «Kəpəz» - «Neftçi», İOEUGİM  - «Qarabağ»

23-cü tur: «Neftçi» - «Neftçi» İK İB, «Qəbələ» - İOEUGİM

24-cü tur: «Neftçi» turu buraxır, İOEUGİM – «Səbail»

«Viləş» - «Zaqatala» 4:1

«Viləş»dən söz düşmüşkən, Masallı təmsilçisi evdə austayderi qəbul etdi. İlk hissəsi bərabər səviyyədə keçən oyunda hər qapıya 1 top vuruldu. 18-ci dəqiqədə meydan sahiblərindən Bəhmən İbadovdan ötürmə alan Tosif İbişovun vurduğu qola zaqatalalılar 34-cü dəqiqədə cavab verdilər.

Fasilədən sonra isə ərazi üstünlüyü bütünlüklə «Viləş»in tərəfində idi və onlar bu üstünlüyü vurulan 3 qolla dəyərləndirdilər. Əvvəlcə 50-ci dəqiqədə fasilədən sonra meydana daxil olmuş Rüfət Tahirov fərqləndi. Rüfət 6 dəqiqə sonra rəqibin 3 müdafiəçisini və qapıçısını keçərək baxımlı qol vurdu. Yeri gəlmişkən, Rüfətin 2005-ci il təvəllüdlü olduğunu qeyd etmək lazımdır. Matçda yekun nəticəni Tosif müəyyənləşdirdi. O, 57-ci dəqiqədə Sehran Abbasovun ötürməsini qola çevirdi.

Komandaların növbəti 3 oyunu:

22-i tur: «Viləş» - «Zirə», «Zaqatala» - «Vətən»

23-cü tur: «Viləş» - İsgəndər Cavadov BFA, «Turan» - «Zaqatala»

24-cü tur: «Keşlə» - «Viləş», «Zaqatala» - «Sumqayıt»

 

«Qarabağ» - «Keşlə» 0:3

Nəhayət, turun ən maraqlı oyunu barədə. Eyni xala malik və 4-5-ci yerləri bölüşdürən komandaların hər ikisi 3 xala köklənmişdilər. Meydanın bir tərəfində son 7 oyunun 6-da qələbə qazanan «Qarabağ», digər tərəfindəsə 10 oyundur məğlub olmayan «Keşlə» var idi.

Oyun olduqca maraqlı mübarizə şəraitində keçdi. Qarşılıqlı hücumlar, meydanın hər qarışı uğrunda gərgin mübarizə qarşılaşmanın sona kimi belə keçəcəyinə işarə idi. İlk 10 dəqiqədə tərəflərdən heç biri təhlükəli həmlə ilə yadda qalmadı. Matçda hesab 14-cü dəqiqədə açıldı. Cərimə meydançasından xeyli aralıda Məhəmməd Tağıyevə qarşı edilən kobudluğa görə təyin olunan cərimə zərbəsinini yerinə yetirən  Əbil Əbilov topu qapı önünə göndərdi. Yaranan qarışıqlıqda müdafiəçi İsrail Əliyev topu qapıya tərəf vurmağa imkan tapdı. Qapıçı Cavidan İzzətli topa toxunsa da, onun qapıdan keçməsinə mane ola bilmədi.

Cəmi 2 dəqiqə sonra Asif Əlizadənin komandası daha bir zərbə aldı. Əbil Əbilovun cinah reydindən sonra qapı önünə göndərdiyi top yolüstü Nihat Kərimovun əlinə dəydi. Penalti… Vaqif Həsənov Cavidanla dueldən qalib ayrıldı – 0:2.

Buraxılan 2 qoldan sonra böyük qüvvə ilə irəli atılan «Qarabağ» 2-3 dəfə fərqi azaltmağa yaxın oldu. Ən real qol imkanını Sahib Səmədov boşa verdi. Azər Fərmanovla təkbətək çıxan Sahib topu qapıçının üstünə vurdu. Mirmövsün Caniyevin qapıçı ilə təkbətək çıxmasına isə Rəşad Əhmədov imkan vermədi və hakim cərimə zərbəsi təyin etdi. Fidayə Əzizlinin zərbəsini Azər çətinliklə zərərsizləşdirdi.

Fasilədən sonra daha çox müdafiəyə fikir verən qonaqlar rəqibi əks hücumda yaxalamağa çalışırdılar. Bu, onlarda 54-cü dəqiqədə alındı. Matçın ən yaxşılarından olan Əbildən ötürmə alan Qurban Səfərov əlinə düşən fürsətdə istifadə etməklə yekun nəticəni müəyyənləşdirdi.

«6 xallıq oyun»da «Keşlə» qalib gəlməklə 4-cü yerdə qaldı. Xəyal Mustafayevin komandasını əvvəlki kimi 3-cü yerdəki «Zirə»dən cəmi 2 xal ayırır. Onu da nəzərə alaq ki, «Keşlə» «Zirə»dən 1 oyun az keçirib.

«Qarabağ»sa 5-ci yeri «Neftçi»yə təhvil verməyə məcbur oldu. Eyni xalları olsa belə…

Komandaların növbəti 3 oyunu:

22-ci tur: İOEUGİM – «Qarabağ», «Keşlə» - «Qəbələ»

23-cü tur: «Qarabağ» - «Kəpəz», «Səbail» - «Keşlə»

24-cü tur: «Neftçi» İK İB – «Qarabağ», «Keşlə» - «Viləş»

 

Yeri gəlmişkən, 21-ci turda istirahət etmiş «Turan»ın da növbəti 3 turdakı oyunlarını diqqətinizə çatdırırıq:

22-ci tur: «Sumqayıt» - «Turan»

23-cü tur: «Turan» - «Zaqatala»

24-cü tur: «Zirə» - «Turan»

Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 23 qol, Elvin Abdullayev («Vətən») – 21 qol.

«Het-trik news» 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right