U-15 Liqası: Lider büdrədi

Dünən “Boulevard U-15 Liqası"nda 20-ci turun 6 oyunu keçirildi.

«Kəpəz»in istirahət etdiyi oyun həftəsində yalnız «Viləş» - «Sumqayıt» oyunu baş tutmadı. Bu qarşılaşma martın 6-a keçirilib. Oyun Masallı şəhərindəki Anatoli Banişevski adına stadionda keçiriləcək və 13:00-da başlayacaq. «Viləş»in futbolçusu Bəhman Həsənov cəza səbəbindən matçı buraxacaq.

Baş tutan oyunlara gəlincə, Aviasiya Akademiyasının stadionunda və «İnter Arena»da keçirilən matçlar daha gərgin mübarizə vəd edirdi. Belə də oldu. Lider «Qəbələ» medallar uğrunda mübarizə aparan «Zirə»yə yenilməklə cari çempionatda 2-ci məğlubiyyətini aldı. «Keşlə» - «Neftçi» matçında isə tərəflər sözün həqiqi mənasında 1 xala sevindilər. Elə bu oyundan başlayaq…

«Keşlə» - «Neftçi» 3:3

9 oyundur məğlub olmayan «Keşlə» oyuna ciddi itkilərlə çıxmışdı. Bir sıra aparıcı futbolçularının olmaması bir yana, əsas müdafiəçilərindən Emil Nəbiyevin cəzalı duruma düşməsi komanda üçün əlavə zərbə idi. Eyni sözləri «Neftçi» haqqında da demək olar. Qonaqlar da oyuna itkilərlə çıxmışdılar. Buna rəğmən, qarşılaşma olduqca maraqlı və gərgin mübarizə şəraitində keçdi.

Görüşə qonaqlar fəal başladılar. Bu fəallıq 6-cı dəqiqədə bəhrəsini verdi. Nihad Cəfərovun uzaq məsafədən vurduğu topu qaytarmaq istəyən «Keşlə»li adaşı Nihad Abbasovun ayağı boşa çıxdı və top Rəvan Nağıyevin qarşısına düşdü. Elmar Əzizovla qarşı-qarşıya qalan Rəvan «hədiyyə»dən imtina etmədi – 0:1. Cəmi 2 dəqiqə sonra meydan sahibləri daha bir şok yaşadılar. Rəvan bu dəfə 24-25 metr məsafədən qapını dəqiq nişan aldı. Top çərçivədən bir qədər irəli çıxmış Elmarın başı üzərindən toru silkələdi. Meydan sahibləri tez təpər tapdılar və 10-cu dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxa bildilər. Sağ cinahda Məhəmməd Tağıyevdən ötürmə alan Əbil Əbilov müdafiəçilərdən sıyrılaraq uzaq «doqquzluğ»u nişan aldı. Qapıçı Polad Mirzəyev komandasına heç nə ilə kömək edə bilmədi. 1-ci hissənin qalan 25 dəqiqəsində tərəflər bir neçə epizodda hesabı dəyişə bilərdilər. Lakin bəxtsizlik və qapıçıların inamlı oyunu buna imkan vermədi.

Hesabda tarazlıq fasilədən sonra yarandı. 39-cu dəqiqədə Seymur Məmmədovun qapı qarşısına etdiyi ötürməyə hamıdan tez özünü Əli Tağıyev özünü çatdırdı və hesabı bərabərləşdirdi. Heç 1 dəqiqə keçməmiş Əli daha bir qol vura bilərdi. Gəl ki, Polad əla reaksiya ilə topu küncə çıxardı. Hesabı bərabərləşdirəndən sonra ərazi üstünlüyünü ələ keçirən «Keşlə» 53-cü dəqiqədə oyunda ilk dəfə hesabda irəli çıxdı. Seymur Məmmədovun zərbəsindən sonra qapıçının qaytardığı topu Vaqif Həsənov bir toxunuşla boş qapıdan keçirdi. Bu da oyunda son qol olmadı. 3 dəqiqə sonra Cavanşir Şahbazlı matçın bəzəyi olan qolu vurdu. Onun 26-27 metr məsafədən vurduğu effektli zərbə «doqquzluq»da dayandı.

Matçın qalan dəqiqələrində hər iki komanda qələbə topunu vura bilərdi. Amma…

Bu oyunda hər iki komanda 1 xal qazandı desək, daha doğru olar. Qələbə qazanmasalar belə, eyni səviyyəli rəqiblərin sərgilədiyi oyuna görə hər iki tərəfə, xüsusilə baş məşqçilər Xəyal Mustafayevlə Zaur Seyidova ancaq təbriklər düşür.

Heç-heçə hər iki tərəfə düşərli olmadı. «Keşlə» ötən tur yüksəldiyi 3-cü yeri əldən verdi. 6-cı yerdə olan «Neftçi» isə ən yaxın qonşusu «Qarabağ»dan 3 xal geri düşdü.

Komandaların növbəti 3 oyunu:

21-i tur: «Qarabağ» - «Keşlə», «Neftçi» - İOEUGİM

22-ci tur: «Keşlə» - «Qəbələ», «Kəpəz» - «Neftçi»

23-cü tur: «Səbail» - «Keşlə», «Neftçi» - «Neftçi» İK İB

«Zirə» - «Qəbələ» 3:2

Daha bir «qardaş qırğını» Binə qəsəbəsində baş verdi. Turun mərkəzi oyunu hesab olunan bu qarşılaşmada favorit qonaqlar göstərilsələr də, meydan sahibləri bunun əksini sübut etdilər.

«Keşlə» - «Neftçi» matçında olduğu kimi burada da hesab erkən açıldı – 8-ci dəqiqədə. Yenə də qonaqlar tərəfindən. «Qəbələ» künc zərbəsindən sonra ev tapşırığını uğurla yerinə yetirdi və Xəyal Səmədovdan ötürmə alan Vüsal Mirzəzadə topu Uğur İbrahimovun qoruduğu qapıdan keçirdi. Hissənin sonuna kimi qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab 33-cü dəqiqədə bərabərləşdi. Vüsal Mirzəzadə ilə Nurəli Nurəliyevin mübarizəsində hakim cərimə meydançasının həndəvərində «Zirə»nin lehinə cərimə zərbəsi təyin etdi və Gülağa Əsədov topu birbaşa qapıdan keçirdi.

İkinci hissə Cəfər Hüseynovun yetirmələrinin üstünlüyü şəraitində başladı və bu üstünlük özünü 2 qolla göstərdi. Əvvəlcə Mahmud Ağayev sağ cinahdan əla keçid edərək qol vurdu. Az sonra o, əks cinahdan Gülağa Əsədovun göndərdiyi topu başla qapıdan keçirdi – 3:1.

Doğrudur, «Qəbələ» 50-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirdi. Kamal Kazımovdan ötürmə alan Ümid Həmzəyev fərqlindi. Amma matçın qalan dəqiqələrində Rakif Əliyevin yetirmələri nə qədər səy göstərsələr də, yenilgidən xilas ola bilmədilər.

Bu, «Qəbələ»nin cari çempionatda ikinci məğlubiyyəti oldu. İndi əyalət təmsilçisi ən yaxın izləyicisi «Vətən»i 5 xal qabaqlayır. «Zirə» isə 3 xal sayəsində ötən tur «Keşlə»yə təhvil verdiyi «3»ü qaytara bildi.

Komandaların növbəti 3 oyunu:

21-ci tur: «Səbail» - «Zirə», «Qəbələ» - İsgəndər Cavadov BFA

22-ci tur: «Viləş» - «Zirə», «Keşlə» - «Qəbələ»

23-cü tur: «Vətən» - «Zirə», «Qəbələ» - İOEUGİM

İOEUGİM – «Neftçi» İK İB 0:1

Eyni gücə malik komandaların üz-üzə gəldiyi oyunlardan biri də Sumqayıtın bərbad durumda olan «İnşaatçılar» stadionunda baş tutdu. 6 oyundur məğlub olmayan və bu oyunlarda qapısında cəmi 1 qol görən «Neftçi» İK İB ənənəni davam etdirdi. Yerli İOEUGİM-lə oyunda Ramin Babayevin komandasına 3 xal üçün cəmi 1 qol bəs etdi.

Qarşılaşma qonaqların hücumları ilə başladı. Qol vurulanadək onlar 2 dəfə fərqlənmək imkanını əldən verdilər. Əvvəlcə Taleh Yusifovun zərbəsi tirdən döndü. 15-ci dəqiqədə isə İlkin Əliyev fürsəti əldən verdi. Yeganə qol matçın 20-ci dəqiqəsində vuruldu. İOEUGİM-nin qapısı qarpısında təyin olunan cərimə zərbəsini qonaqlar hakimin fitini gözləmədən yerinə yetirdilər. Kamran Baloğlanovun zərbəsindən sonra Nihad Tağızadə topu qaytarsa da, Anar Həsənova heç kim mane ola bilmədi.

İkinci hissədə mübarizə əsasən meydanın mərkəzində getdi. Baba Əsgərovun komandası məğlubiyyətdən yaxa qurtarmaq üçün hücumların kəsərini artırsalar da, rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratmağa çətinlik çəkirdilər. Cəmi 2 epizodda Dünyamalı Sevdimalıyev və Tural Axverdiyev qol vurmağa yaxın oldular. Lakin hər ikisi hesabı bərabərləşdirməyi bacarmadı.

Qazanılan 3 xal «Neftçi» İK İB-ni İOEUGİM-dən önə keçirdi. Hazırda 11-ci yerdə olan bakılıları «Səbail»dən 10 xal ayırır. 10-cu yerə yüksəlmək üçün «Neftçi» İK İB azı 4 tur qələbə qazanmaqla özündən öndəki rəqiblərin məğlubiyyətinə ümid etməlidir.

Komandaların növbəti 3 oyunu:

21-ci tur: «Neftçi» İK İB – «Kəpəz», «Neftçi» - İOEUGİM,

22-ci tur: «Neftçi» İK İB turu buraxır, İOEUGİM – «Qarabağ»

23-cü tur: «Neftçi» - «Neftçi» İK İB, «Qəbələ» - İOEUGİM

«Turan» - «Vətən» 1:6

Bu oyun haqqında geniş məlumat verməyi lazım bilmirik. Doğrudur, hər iki komandanın baş məşqçisi ilə əlaqə saxlayıb matçın gedişi barədə kifayət qədər məlumat toplaya bildik. Həmin məlumatları 1 cümlə ilə ifadə edirik – «Vətən»in dominantlıq etdiyi oyunda hesab daha böyük ola bilərdi. «Turan» - «Vətən» oyununda vurulan qollar:

9-cu dəq. Şahin Kərimli – 0:1

15-ci dəq. Turan Aslanov – 1:1

21-ci dəq. Elvin Abdullayev - 1:2

34-cü dəq. Kamil Musayev - 1:3

50-ci dəq. Şahin Kərimli - 1:4

64-cü dəq. Şahin Kərimli - 1:5.

70-ci dəq. Elvin Abdullayev – 1:6.

«Məktəblilər»dən Elvin Abdullayev 2 qol vuraraq bombardirlər yarışında «şəriki» Mehrac Baxşəliyevi geridə qoydu və liderliyi yenidən ələ keçirdi. Elvinin komandası həm də 3 xal qazanmaqla Mehracın komandasına yaxınlaşdı. İndi «Qəbələ» «Vətən»dən 5 xal öndədi. Amma nəzərə alaq ki, İlqar Mənsimovun komandası liderdən 1 oyun az keçirib.

«Turan»a gəlincə, komanda 7 oyundur ki, məğlub olur, 10 turdur ki, qələbə üzünə həsrətdi. Elə 7 oyun idi ki, qol vura bilmirdi. Yaxşı ki, «Vətən»lə matçda «sıfır»ı poza bildi.

Komandaların növbəti 3 oyunu:

21-ci tur: «Turan» turu buraxır, «Vətən» - «Sumqayıt»

22-ci tur: «Sumqayıt» - «Turan», «Zaqatala» - «Vətən»

23-cü tur: «Turan» - «Zaqatala», «Vətən» - «Zirə».

«Zaqatala» - «Səbail» 1:2

2018-ci ildə baxımlı futbol sərgiləyən «Səbail»in Zaqatala səfərindən 3 xalla dönəcəyi gözlənilən idi. Proqnozlar özünü doğrultdu. Lakin qələbə «Səbail»ə böyük zəhmət bahasına başa gəldi.

Ardıcıl məğlubiyyətlərə baxmayaran doğma rayonda daha mübariz olan «Zaqatala» matçda hesabı açan tərəf oldu. 15-ci dəqiqədə Ümid Hüseynovdan ötürmə alan İsmayıl Kasarayevi cərimə meydançasına daxilində qonaqların müdafiəçisi Loğman Əliyev kobudluqla dayandırdı. Hakimin təyin etdiyi penaltini Fərda Qurbanov dəqiq yerinə yetirdi. Buraxılan qoldan sonra oyunda nisbi üstünlük qonaqların tərəfinə keçdi və onlar 5 dəqiqə sonra hesabı bərabərləşdirdilər. Rauf Ağahüseynovdan ötürmə alan Emil Hüseynov fərqləndi. Daha 5 dəqiqə sonra «Səbail» ikinci qola sevindi. Bu dəfə Arif Məmmədovun ötürməsindən sonra Nahid Abbasov qol vurdu.

Matçın qalan 45 dəqiqəsində hər iki tərəfin fərqlənmək imkanları oldu. Gəl ki, futbolçularda dəqiqlik çatışmadı.

Zaqatala səfərindən əli dolu qayıdan Xaqani Məmmədovun komandası «Sumqayıt»la xallarını eyniləşdirsə də, «yerindən tərpənə bilmədi». Çünki top fərqinə və aralarındakı oyuna (0:5) görə Sumqayıt təmsilçisi daha yaxşı nəticəyə malikdir. Üstəlik, Mehman Yunisovun komandası bir oyun az keçirib. Bayaq qeyd etdiyimiz kimi, tur çərçivəsində «Sumqayıt» martın 6-da «Viləş»in qonağı olacaq.

«Zaqatala»ya gəlincə, Ceyhun Zurabovun komandası haqqında turnir cədvəlində irəliləyiş baxımından ümidverici nəsə görünmür. Oyun baxımından isə bu komanda istənilən rəqibə «badalaq vurmağa» qadirdir.

Komandaların növbəti 3 oyunu:

21-ci tur: «Viləş» - «Zaqatala», «Səbail» - «Zirə»

22-ci tur: «Zaqatala» - «Vətən», İsgəndər Cavadov BFA – «Səbail»

23-cü tur: «Turan» - «Zaqatala», «Səbail» - «Keşlə».

İsgəndər Cavadov BFA - «Qarabağ» 1:3

Bu oyunda 2 fərqli hissə izlənildi. Birinci yarıda oyunun favoriti hesab olunan «Qarabağ» heç nə ilə yadda qalmadı. Meydana arxayın çıxan qonaqlar bunun cəzasını çəkdilər. 15-ci dəqiqədə «Qarabağ»ın müdafiəçilərilə qapıçısının bir-birilərinə arxayın olmasından istifadə edən Əmrah İbadov «oğurluq edərək» topu boş qapıdan keçirdi. Birinci hissə bu hesabla başa çatdı.

Fasilədən sonra Asif Əlizadənin yetirmələri qələbənin onlara havayı başa gəlməyəcəyini, 3 xal üçün əziyyət çəkməli olduqlarını anladı və bu da bəhrəsini verdi. 43-cü dəqiqədə bu dəfə İsgəndər Cavadov BVA-nın müdafiə xəttinin səhlənkarlığından istifadə edən Elnar Əkbərov hesabı bərabərləşdirdi. 4 dəqiqə sonra Fidayə Əzizovdan ötürmə alan Elnar daha bir qol vurdu. Matçın yekun nəticəsini müəyyən edən qol 66-cı dəqiqəyə təsadüf etdi. «Qarabağ»ın ilk iki  qolunun müəllifi olan Elnar bu dəfə məhsuldar ötürmə ilə yadda qaldı. Onun «pas»ını Mörmöhsün Caniyev zay etmədi.

Qazanılan 3 xal «Qarabağ»ın «Keşlə»yə çatmasına bəs etdi. Hazırda bu iki komandanın aktivində 36 xal var. Vurulub-buraxılan topların fərqinə görə «Qarabağ» daha yaxşı nəticəyə malikdir. Lakin «Keşlə» ilə birinci dövrədəki oyunda 1:2 hesablı məğlubiyyət «Qarabağ»ın «Keşlə»dən arxada qalmasına səbəb oldu. Növbəti turda bu komandalar öz aralarında qarşılaşacaqlar.

İsgəndər Cavadov BFA isə «zirzəmi»də qalmaqda davam edir. Qəhrəman Əliyevin komandası yalnız autsayder «Zaqatala»dan öndədir. Növbəti tur bu komandanın liderin qonağı olacağını nəzərə alsaq…

Komandaların növbəti 3 oyunu:

21-ci tur: «Qəbələ» - İsgəndər Cavadov BFA, «Qarabağ» - «Keşlə»

22-ci tur: İsgəndər Cavadov BFA – «Səbail», İOEUGİM – «Qarabağ»

23-cü tur: «Viləş» - İsgəndər Cavadov BFA, «Qarabağ» - «Kəpəz».

Yeri gəlmişkən, maraq üçün 20-ci turu buraxmış «Kəpəz»in də növbəti 3 turda qarşılaşacağı rəqibələri xatırladaq:

21-ci tur: «Neftçi» İK İB – «Kəpəz»

22-ci tur: «Kəpəz» - «Neftçi»

23-cü tur: «Qarabağ» - «Kəpəz».

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 20 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 18 qol, Alı Alı («Sumqayıt»)– 14 qol.

«Het-trik news»

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right