U-15 Liqası: «Qəbələ» üçün düşərli tur

Liqalar arasında ən maraqlısı U-15 Liqasıdır desək, yanılmarıq. Ən çox iştirakçı bu liqadadır – 15 komanda. Bu komandalardan təxminən yarısı, yəni, 7-i əyalət təmsilçisidir. Ən maraqlı cəhət isə ondan ibarətdir ki, hər tur gözlənilməz nəticələr qeydə alınır. Başqa sözlə, iddialılar nisbətən zəif komandalarla oyunlarda xal itirir. Bu da birinciliyə əlavə «duz qatır»…

“Boulevard U-15 Liqası"nda əvvəlki turlarda olduğu kimi bu gün başa çatan 19-cu turda da sensasiya qeydə alındı. İlk «beşlik»də qərarlaşanlardan yalnız «Qəbələ» aktivinə 3 xal yazdı. «Beşlik»dəki digər 4 komandadan «Vətən» istirahət edirdi. «Zirə», «Keşlə» və «Neftçi» isə… Ümumiyyətlə, bu turu «Qələbə»yə düşərli tur kimi qələmə versək, daha doğru olar.

«Qəbələ» - «Zaqatala» 7:0

Elə «Qəbələ»dən başlayaq. Şənbə günü Qəbələdə keçirilən oyunda lider autsayderi qəbul etdi. Meydan sahiblərinin qalib gələcəyi gün kimi aydın idi. Sual olaraq qalan yeganə məqam hansı hesabla qalib gələcəkləriydi. 70 dəqiqənin tamamında bu suala da aydınlıq gəldi. Oyunboyu ərazi üstünlüyünə malik olan meydan sahibləri rəqibi 7 dəfə məyus etdilər. Rakif Əliyevin komandasından Mehrac Baxşəliyev 22, 31, 46, 68 dəqiqələrdə fərqlənməklə «poker» etdi. Mehrac çempionatdakı qollarının sayını 18-ə çatdırmaqla bombardirlər yarışında «Vətən»in futbolçusu Elvin Abdullayevi haqladı. «Zaqatala»nın qapısına vurulan digər 3 qolun müəllifi isə Ümid Həmzəyev (8-ci dəq.), Kamal Kazımov (55) və Rəşad Əmrahov (61) oldu.

Asan oyundan sonra növbəti tur «Qəbələ»ni çətin səfər gözləyir. 20-ci turda 2 mərkəzi oyundan biri, bəlkə də birincisi məhz «Zirə» - «Qəbələ» matçı olacaq. Bu dəfə 70 dəqiqənin tamamında hesabla yanaşı, həm də kimin qalib gələcəyi də məlum olacaq.

Çempionatda qələbə qazana bilməyən «Zaqatala» isə «Səbail»i qəbul edəcək. Ev oyunlarında təhlükəli olan «Zaqatala»nın «Səbail»i büdrədəcəyi gözləniləndi. Ceyhun Zurabovun komandası qələbəsizlik seriyasına da son qoya bilər. Çünki… Axı, yazının girişində çempionatın maraqlı keçdiyini yazmışıq.

«Neftçi» İK İB – «Keşlə» 0:0

«Neftçi» İK İB nağılı» davam edir. 5 turdur məğlub olmayan komanda yenə də meydanı xalsız tərk etmədi. Özü də son 4 oyundakı məğlubiyyətsizlik Ramin Babayevin komandaya baş məşqçi təyin olunmasından sonra gerçəkləşib. «Neftçi» İK İB bu dəfə 7 oyundu uduzmayan və medallara iddialı «Keşlə»ni büdrətdi…

«Neftçi» İK İB – «Keşlə» matçı turun ən maraqsız oyunu oldu. Komandalardan heç biri baxımlı futbol sərgiləmədi. Təsadüfi deyil ki, oyun ərzində qapılar önündə cəmi 4 dəfə təhlükəli vəziyyət yarandı. Ümumilikdə isə, çərçivəyə cəmi 2-3 dəqiq zərbə vuruldu…

İlk təhlükə 1-ci hissənin 5-ci dəqiqəsində meydan sahiblərinin qapısı önündə yarandı. Seymur Məmmədovun uzaq məsafədən vurduğu zərbədən sonra top çərçivənin yanından keçdi. Bundan 1 dəqiqə sonra İlkin Əliyev «Keşlə»nin qapıçısı Mikayıl Əhmədovla təkbətək mübarizədən sonra Seymurun etdiyni təkrarladı. İlk hissənin qalan 29 dəqiqəsində başqa maraqlı epizod olmadı.

İkinci hissə də olduqca darıxdırıcı keçdi. Daha çox dağıdıcı futbol sərgiləyən komandalar rəqib qapısı önündə nəsə etməyə çalışsalar da, buna nail ola bilmədilər. Hər halda oyunun başa çatmasına 2 dəqiqə qalmış «Neftçi» İK İB qol vura bilərdi. Amma Fərid Əliyevin zərbəsini qonaqlardan Rəşad Həsənov vaxtında bloklaya bildi. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqədə isə həyəcan meydan sahiblərinin qapısı önündə yaşandı. «Neftçi»nin qapıçısı Murad Məmmədov Asif Səfərovun zərbəsini dəf etdi. Boş qalmış qapı önünə düşən topa Elşən Abdullayev özünü çatdıraraq Məhəmməd Tağıyevin fərqlənməsinə imkan vermədi.

«Neftçi» İK İB növbəti tur Sumqayıta səfər edəcək və yerli İOEUGİM-lə qarşılaşacaq. Son vaxtlar yüksəlişdə olan Bakı təmsilçisi məğlubiyyətsizlik seriyasını bu dəfə də davam etdirmək gücündədir.

«Keşlə» isə bu tur eyni aqibətlə üzləşən, yəni, gözlənilmədən xal(lar) itirən «Neftçi»ni qəbul edəcək. Bu oyun həm də turun 2 mərkəzi oyunundan biri olacaq. «Vətən»lə matçı çıxmaq şərtilə evdə keçirdiyi bütün oyunlarda qalib gələn «Keşlə» bərabər gücə malik «Neftçi» ilə oyunda bu ənənəni davam etdirə biləcək?

Yeri gəlmişkən, heç-heçəyə rəğmən, Xəyal Mustafayevin komandası 3-cü pilləyə yüksələ bildi. Çünki «Keşlə»dən 1 xal öndə olan «Zirə» bir gün sonra «Qarabağ»la oyunda…

«Qarabağ» - «Zirə» 1:0

…Çünki «Zirə» «Qarabağ»la oyunda məğlub oldu. Əslində, bu oyun da şənbə günü keçirilməli idi. Lakin sonradan meydan sahiblərinin istəyilə 1 gün ertələndi.

«Neftçi» İK İB – «Keşlə» matçından fərqli olaraq, bu oyun maraqlı keçdi. Doğrudur, qarşılaşma təhlükəli epizodlar baxımından kasad idi. Amma meydanboyu mübarizə, düşünülmüş hücumlar oyuna əlavə rəng qatırdı.

Oyunda yeganə qol 20-ci dəqiqədə vuruldu. Rəqib müdafiəçinin səhvindən istifadə edən Mirmövsüm Caniyev «Qarabağ»ın qələbə qolunu vurdu. Qalan 50 dəqiqədə meydan sahibləri əsasən təhlükəli əks-hücumlar qurmaqla yadda qaldılar. Bu, onlarda yaxşı alınırdı. Gəl ki, sözügedən hücumları məntiqi sonluqla tamamlaya bilmirdilər. Qonaqlar isə, daha çox standart vəziyyətlər və uzun ötürmələrlə rəqib qapısı önündə təhlukə yaratmağa çalışırdılar. Oyunun son dəqiqələrində «Zirə» belə bir vəziyyətdə qol vura bilərdi. Amma künc zərbəsindən ötürülən topu Mirzəbəy Şahbazov başla qapının yanından vurdu.

«Zirə»ni həftəsonu daha ağır oyun gözləyir. Cəfər Hüseynovun komandası  lider «Qəbələ»ni qəbul edəcək. «Qarabağ» isə nisbətən asan rəqiblə qarşılaşacaq. Söhbət «Neftçi»dən 1 xal alan və turun sensasiyasına imza atan İsgəndər Cavadov BFA-dan gedir.

«Neftçi» - İsgəndər Cavadov BFA 0:0

Bu oyun haqqında qısaca onu demək olar ki, 70 dəqiqə bütünlüklə meydan sahiblərinin ərazi üstünlüyü şəraitində keçdi. Zaur Seyidovun yetirmələri bir neçə yüzfaizlik imkandan istifadə edə bilmədilər. Altay Adbulkərimov, Nihat Cəfərov, Vahid Vəliyev… Qol epizodlarından istifadə edə bilməyən futbolçuların siyahısını uzutmaq da olar. Xüsusilə, Nihat və Vahidin zərbələri daha təhlükəli idi. Birinci halda dirək, ikinci halda isə tir topun qapıdan keçməsinə mane oldu.

Qonaqlara gəlincə, müdafiəyə diqqət ayıran İsgəndər Cavadov BFA rəqibi əks-hücumla cəzalandırmaq niyyətində idi. Oyunun sonuna yaxın 2 halda onlar buna yaxın olsalar da, Məhəmməd Məhəmmədov imkanlardan istifadə edə bilmədi.

Bu tur 1 xala sevinən Qəhrəman Əliyevin komandası növbəti tur «Neftçi» İK İB ilə oyundan 3 xal götürmək əzmindədir. «Neftçi»ni isə çətin səfər oyunu gözləyir. «Keşlə»ni səfərdə məğlub etmək nə qədər çətin olsa da, mümkünsüz də deyil.

«Səbail» - «Sumqayıt» 1:1

Sülhlə başa çatan daha bir oyun «Bayıl Arena»da keçirildi. Bu il keçirdiyi 4 oyunun 3-də heç-heçə edən «Sumqayıt» bu dəfə «Səbail»lə oyundan 1 xalla ayrıldı.

Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, hesabı qonaqlar açdılar. 10-cu dəqiqədə cərimə zərbəsindən qapı önünə göndərilən topu İlkin Kərimli qapıdan keçirdi. Bu, qonaqların «Səbail»in qapısı önündə yaratdığı yeganə qol epizodu idi. Birinci hissədə Rauf Ağahüseynov və Nicat Quliyevlə 2 dəfə qola yaxın olan «Səbail» cavab topunu hissənin ortalarında vura bildi. Vəli Abbasovdan ara ötürməsi alan Nihat Quliyev «Sumqayıt»ın qapıçısı Pünhan Canlarovla təkbətək mübarizədən qalib ayrıldı.

İkinci hissədə də oyunun ssenarisi dəyişmədi. Topa daha çox nəzarət edən Xaqani Məmmədovun yetirmələri 2-3 epizodda qola yaxın olsalar da, istəklərinə çata bilmədilər.

20-ci turda «Səbail»i uzun yol gözləyir. Zaqatalaya səfər edəcək komandanın qalib gəlməsinə 2 amil mane ola bilər. Birincisi, yol yorğunluğu, ikincisi isə «Zaqatala»nın öz meydanında daha əzmkar oyun nümayiş etdirməsi.

«Sumqayıt»ı isə «Viləş»i qonaq edəcək. Mehman Yunusovun komandası qeyri-stabil çıxışı ilə yadda qalan «Viləş»ə qalib gəlməklə 14-cü turdan bu yana üzləşdiyi qələbə həsrətinə son qoya bilər.

«Viləş» - «Turan» 2:0

«Viləş»dən söz düşmüşkən, Masallı təmsilçisi axır ki, evdə qalib gələ bildi. İndiyə kimi keçirdiyi ev oyunlarında cəmi 1 xal qazanan komanda «Turan»ı məğlub etdi. Eyni zamanda, 13 oyunluq qələbəsizliyi də «dəfn etdi».

«Viləş»in üstünlüyü şəraitində keçən oyunda meydan sahibləri hələ 5-ci dəqiqədə hesabı aça bilərdilər. Amma Samir Əliyev əlinə düşən fürsətdən istifadə edə bilmədi. Oyunda hesab 20-ci dəqiqədə açıldı. Bəhmən İbadovdan ötürmə alan Orxan Quliyev fərqləndi. Birinci hissədə başqa qol vurulmadı və komandalar fasiləyə «Viləş»in 1:0-lıq üstünlüyü ilə yollandılar.

Yekun nəticəni müəyyən edən qol 50-ci dəqiqədə vuruldu. Ruslan Əmiraslanovun Samir Əliyevə qarşı kobud oyununa görə təyin olunan penaltini Mirsəlim İsayev dəqiq yerinə yetirdi – 2:0.

Oyunda heç nə ilə yadda qalmayan «Turan» rəqib qapısı önündə cəmi 1 təhlükəli vəziyyət yarada bildi. Elcan Hüseynov qol vurmağa yaxın olsa da, zərbəsində dəqiqlik çatmadı. Amma onun başqa zərbəsi dəqiq oldu… Matçın sonuna yaxın rəqib futbolçunu vurduğuna görə Elcan qarşısında qırmızı vərəqə gördü.

Qələbə sayəsində 3 pillə irəliləyən «Viləş»i növbəti turda «Sumqayıt»la çətin oyun gözləyir. Masallı təmsilçisinin bu dəfə Sumqayıt komandasından xal alması qeyri-real deyil. Təəssüf ki, «Turan» haqqında eyni sözləri demək olmur. Çünki tovuzlular 2-ci pillədə qərarlaşan «Vətən»i qəbul edəcəklər.

«Kəpəz» - İOEUGİM 1:0

Nəhayət, turun son görüşü barədə. Gəncə TİM-nin bərbad meydanında keçirilən «Kəpəz» - İOEUGİM matçı olduqca maraqlı keçdi. Qapılara cəmi 1 top vurulsa da, oyunda qol epizodları yetərində çox idi. Hər iki tərəf dəfələrlə fərqlənə bilərdi. «Kəpəz»dən Bəhram Muradov, Raul Əlizadə, Nəsən Seyfullayev, İOEUGİM-dən Harun Abbasov, Elnur İsmayılov, Seyid Təhməzov, Tural Haqverdiyev, Sabir Quliyev əllərinə düşən imkanlardan yararlana bilsəydilər, oyunda daha çox qol qeydə alınardı. İlham Səmədovun komandasına qələbə gətirən yeganə qol matçın 13-cü dəqiqəsində vuruldu. Cavad Kərimovdan ötürmə alan Bəhram Muradov fərqləndi.

«Kəpəz»in gələn tur xallarının dəyişməyəcəyi dəqiqdir. Çünki  Gəncə təmsilçisi turu buraxacaq. Baba Əsgərovun komandası isə özü ilə bərabər gücdə olan «Neftçi» İK İB-ni qəbul edəcək. Turnir cədvəlində qonşu olan bu komandalar «aşağı»da qərarlaşmasaydılar, bu oyunu da turun mərkəzi görüşlərindən biri adlandırmaq olardı.

Bombardirlər: Elvin Abdullayev («Vətən»), Mehrac Baxşəliyev («Qəbələ») – 18 qol, Alı Alı («Sumqayıt»),– 14 qol.

20-ci turun oyunları martın 3-4-də keçiriləcək: İOEUGİM (Sumqayıt) – «Neftçi» İK İB, «Keşlə» - «Neftçi», İsgəndər Cavadov BFA – «Qarabağ», «Zirə» - «Qəbələ», «Zaqatala» - «Səbail», «Sumqayıt» - «Viləş», «Turan» - «Vətən». Oyunların başlama vaxtı və keçiriləcəyi məkanlar haqqında əlavə məlumat verəcəyik.

«Het-trik news»

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right