Yunis Hüseynov: "Uşaq səhvləri buraxırıq"

Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Qarabağ”a uduzan (0:1) “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, Hüseynov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- “Qarabağ”ı təbrik edirəm. Bu gün əks-hücumlara daha çox üstünlük verirdik. “Qarabağ” topla yaxşı oynayan komandadı. Əks-hücumlarda bir neçə fürsət əldə etsək də, dəyərləndirə bilmədik. Rəqib 86-cı dəqiqədə fərqləndi. Kaş 20-ci dəqiqədə qol buraxıb uduzardıq. Belə uduzmaq ağırdı. Yaxşı oyun sərgiləməsək də, uşaqlar bu gün döyüşdülər. Qol epizoduna təkrar baxmalıyam. “Keşlə” ilə oyunda qapımıza qolu ofsayddan vurdular. Məncə, bu oyunda da buraxdığımız qolda ofsayd var idi. Bununla özümüzü sığortalamıram. Bir epizod oldu ki, İlyas Səfərzadə qapıçıyla təkbətək çıxan zaman hakim digər oyunçuya qarşı kobudluğa görə oyunu dayandırdı.

- Dedimarı oyuna buraxmağınıza səbəb nə idi?
- Samir Zərgərov zədələnmişdi. Həm də, o, mərkəzdə yaxşı oynayır. Ona Miçellə fərdi oynamağı tapşırmışdıq.

- Hakimlikdən danışdız. PFL buna görə sizə cəza verə bilər.
- Mən heç kimi mühakimə etmirəm. Sadəcə, daha diqqətli olmaq lazım olduğunu deyirəm.

- Bu gün mətbuat konfransına bir qədər gec gəldiz. Oyunçuları danlayırdız?
- Heç kimi danlamırdım. Sadəcə, son dəqiqələrdə qol buraxılanda istənilən məşqçi əsəbləşər. Səhvlərimiz çoxdu. Ancaq uşaq səhvləri buraxırıq.

- Roman Hüseynov “Kəpəz”ə keçəndə hamı düşündü ki, burda şans qazanacaq...
- Heç kimdən geri qalmır. Sadəcə, öz vaxtını gözləməlidi.

- İlkin Sadıqov oyun zamanı yıxılaraq vaxt uzadırdı.
- Heç kimə vaxt uzatmağı tapşırmamışdım. O, fiziki cəhətdən güclü futbolçudu.

- İstədiyiniz “Kəpəz”i qura bilmisiz?
- Komanda qurmaq bir neçə ayın işi deyil. Mən söz vermişəm ki, son pillədən çıxacağıq. Komanda qurmaq üçün vaxt lazımdı. Hazırda komandamız pis deyil. Ancaq vaxt lazımdı.

- Şahin Diniyevin qoyub getdiyi komanda ilə öz komandanız arasında nə kimi fərqlər var?
- Mən öz komandamı heç kimin komandası ilə müqayisə etmək istəmirəm. Keçmiş keçmişdə qalıb, gələcəyə baxmaq lazımdı.

- Vinçesterin yoxluğunun səbəbi nə idi?
- Onun soyuqdəyməsi var. Buna görə şans qazanmadı.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right