Azərbaycan Premyer Liqasının XVI turunun açılış oyununda “Qəbələ” ən yaxın izləyicisi “Zirə”ni 2:1 hesabı ilə məğlub etdi. Matçdan sonra “qırmızı-qaralar”ın vitse-prezidenti Fariz Nəcəfov Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Qış fasiləsindən sonra doğma “divarlar arası”nda ilk oyun barədə fikirləriniz maraqlıdı...
- Oyundan-oyuna irəliləyiş var və bunu hiss edirik. Əlbəttə, səhvlərimiz də var, yaratdığımız bir sıra qol imkanlarından istifadə edə bilməməyimizi də görürük. Qarşılaşma kifayət qədər gərgin məcrada davam etdi. Sevinirik ki, 3 xalı qazanan tərəf biz olduq.
- Kifayət qədər qol imkanları yaxalayan “Qəbələ” son nöqtəni qoymaq komponentində əziyyət çəkdi...
- Bu, tək indi başa çatmış qarşılaşmada görünən problem deyil. Ötən mövsümdən etibarən belə problemləri yaşayırıq. Məşqçilər korpusu da bunu görür.
- Təmkin Xəlilzadə mövsümün ilk yarısında sərgilədiyi futbolu ortaya qoymur. Başqa sözlə, milli futbolçu “Zirə”də daha xoş təsir bağışlayırdı.
- Yeni komandaya gəlib, qarşısında fərqli tələblər qoyulub. “Qarabağ”la oyunda Təmkini bəyənmişdim. Bugünkü oyunda ola bilər hansısa məqamda uğursuz oldu, ancaq bu, təbiidi. Çünki komandamıza yenio qoşulub. Uyğunlaşma üçün bir qədər zamana ehtiyac var.
- Matçdan sonra futbolçular arasında münaqişə yaşandı.
- Bu barədə dolğun məlumatım yoxdu. Tapşırıq vermişəm ki, araşdırılsın. Günah bizim uşaqlardadısa, mütləq cəzalandırılacaqlar.
- Ayxan Abbasov mətbuat konfransında bildirdi ki, Ruslan Qurbanov dayanmadan söyüş söyürdü.
- Belə bir hal yaşanıbsa, Ruslan mütləq cəzalandırılacaq.
Mərdan HƏSƏNOV, Qəbələ