“Şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdur” – Tərlan Əhmədov

“Komandanın oyunundan razı qaldım. Futbolçularım yaxşı çıxış etdilər”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının XV turunda öz meydanında “Kəpəz”i qəbul edib. Azərbaycan meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra keçirilən mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:  “Məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq. Görüləcək işlərimiz çoxdu və növbəti oyunlara yaxşı hazırlaşmalıyıq”.

- Mirabdulla Abbasov hər zaman oyuna sonradan daxil olur və qolunu vurur. Niyə onu oyunun startından meydanda görə bilmirik?

- Hücum xəttimizdə problem var. Mən həmişə demişəm ki, Mirabdulla 20-25 dəqiqə meydanda olmağı bacarır. Onun potensialı çox böyükdü, sadəcə, tənbəllik edir. Bu gün meydana daxil oldu və qolunu vurdu. Deməli, əvəzetmədə səhv etməmişdik.

- Aqil Məmmədov qışda komandaya cəlb olundu və bir neçə gün sonra ayrılıq qərarı verdi. Ayrılğın səbəbi nə idi?

- Kiminsə işinə xələl gətirmək istəmirəm. Mən komandaya futbolçu gətirəndə, söz vermirəm ki, əsas heyətdə oynayacaqsan. Bu suala yalnız belə cavab vermək istəyirəm.

- Yeni transfer Lukas Qomesin oyunundan razı qaldınız?

- Bütün komanda qalib gəlib. Onun potensialını bələdik və oyunundan razı qaldım. Qato və Lukas ilk oyununa çıxmışdı, həyəcan var idi. Dediyim ki, komandadan razı qaldım.

- Qış fasiləsində yoxlama oyunlarındakı nəticələrə görə tənqidlərə məruz qaldınız. Demək olar ki, bu qələbə ilə həmin tənqidlərə cavab verdiniz?

- Mənim şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdur. Mənim işimə qiymət versinlər. Bu gün uduzsaq, məni tənqid etsələr, razıyam. “SKA-Xabarovsk”a 1:8 uduzanda, tənqid olundum. Buna heç nə demirəm. Həmin oyundakı səhvlərimdən nəticə çıxardım. Bugünkü oyundan çox razı qaldım. Bir də deyirəm, heç kimin mənim şəxsi həyatıma qarışmağa haqqı yoxdur.

- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız...

- Artıq bu oyunu yaddan çıxarıb, “Sumqayıt”la oyuna köklənməliyik. Tək bu matç heç nəyi həll etməyəcək. Qarşıda 13 oyunumuz var. Hər bir oyun önəmlidir. Mən bu komandanı qəbul edəndə, cəmi bir xalımız var idi. Ancaq indi bir xeyli irəliləmişik. Sumqayıtda süni örtükdə oynayacağıq. Bu, çətinlik yarada bilər.

- Bir neçə gün öncə “Forza Neftçi” fan-klubunun 9 yaşı tamam oldu. Bu qələbəni onlara həsr etdiyinizi demək olar?

- Əlbəttə, bu, onların qələbəsidir. Əvvəlcədən də demişdim ki, çalışacağıq, bu gün onları qələbə ilə sevindirək.

- Görüşün baş hakimi Rəhim Həsənovun idarəçiliyindən razı qaldınız?

- Səhvsiz insan yoxdur. Sadəcə, mən istəyirəm ki, hakim meydanda çox fit çalmasın. Belə olanda, oyunun tempi aşağı düşür. Buna görə, bəzən olur ki, hakimlərə sərt etiraz edim. Ancaq hakimləri də başa düşmək olar. Hamı öz işini görür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right