"Narkotik istifadəçisi və "alkaş" deyiləm" - Tərlan Əhmədov

"Neftçi"nin baş məşqçisi Təraln Əhmədov "Sabah"la yoxlama matçından (1:0) sonra müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir:

- Bu gün mənim üçün nəticə önəmli deyildi. Əlbəttə, idmanda nəticə qazanmaq üçün oynayırlar. Əsas o idi ki, komandanın səhvləri üzərində çalışaq. Oyundan razı qaldım. Rəqibimiz yaxşı komanda idi. Baxmayaraq ki, I Divizion klubu idi. Futbolda zəif rəqib yoxdur, zəif hazırlıq var.

- Nöqsanlar nə idi? “Neftçi”də çatışmayan nədir?

- Hər şeyi ideal vəziyyətə gətirmək çətindir. Heç bir komandada belə şey yoxdur. Oyundan-oyuna yeni səhvlər peyda olur. Bunların da üzərində çalışmaq lazımdır. Bir səhvi aradan qaldıranda, digəri yaranır. Qarşındakı rəqib də meydanda hərəkətli olur və səni səhv etməyə məcbur edir. İstər-istəməz səhvlər olacaq. Bunun üzərində işləyəcəyik və inkişafa doğru gedəcəyik. Sadəcə, yaratdığımız qol şanslarından istifadə edə bilməməyimiz məni narahat edir. Antalya toplanışında da hər oyunda 4-5 100 faizli qol şansından yararlanmırdıq. Bu gün də belə oldu. Bu da məni qayğılandıran səbəblərdən biridir.

- Yeni transferlər ürəyinizcədir?

- İstədiyim futbolçuları heyətə cəlb edə bilmişəm. Adaptasiya prosesi gedir. Lukas Qomesin oyunu ürəyimcədir. İlk hissədə mən istədiyim futbolu sərgilədi. Bildiyiniz kimi, hər futbolçunun gəlişindən sonra uyğunlaşmaq üçün vaxta ehtiyacı olur. Meydanın mərkəzində topla oynamağı bacaran Meza Kolli, Rəhman Hacıyev və Emin Mahmudov kimi futbolçular var. Lakin onlarda top oğurlamaq keyfiyyətləri yüksək deyil. Mayk Kampazda isə bu keyfiyyət var. Qato da komandaya tam öyrəşib. Sadəcə, ailəsində problem var idi. Ümumilikdə, transferlər ürəyimizcədir.

- 7 yoxlama oyununda yalnız I Divizion klubu olan “Sabah”a qalib gələ bildiniz. Çempionat zamanı futbolçuların psxioloji durumuna təsir göstərməyəcək?

- Joze Mourinyo maraqlı bir taktikası var. Yoxlama oyunlarında ilk dəqiqələrdə komandası qol buraxır. Hesabda geri düşdükdən sonra isə oyunu xilas etmək üçün çalışır. Bu taktikadan yararlanır. Yoxlama oyunlarının hamısında qalib gəlib, çempionatda uduzmağımızı istəmirəm. Səhvlərimizi görmək istəyirəm. Bütün səhvlərimizi analiz edirik.

- Zədəlilərin durumu necədir?

- Rəhman Hacıyev qripdir. Müalicəsi davam edir. Elnur Süleymanov, Elnur Cəfərov və Ömər Buludov zədəlidir. Cəfərovla Buludov U-21 millisinin düşərgəsində sıradan çıxdılar. Birinin burnu sınıb, digərinin isə topuğunda zədə var.

- Fasilədən sonra ilk oyun “Kəpəz”lə olacaq. Gəncə klubnun Antalyada izləyə bildiniz?

- Məlumatımız var. Yeni transferlər ediblər. Hər bir məlumata sahibik. Öz oyunumuza köklənmişik.

- Ramin Musayev deyib ki, Tərlan Əhmədov vaxtının çox hissəsini klubdan kənarda keçirir. Sizdən incidiyini vurğulayıb...

- Ramin müəllim böyük qardaşdır. Qardaş qardaşdan inciyə bilər. Küsübsə, inciyibsə, deməli nəsə səbəbi var və haqlıdır. Ramin Musayevə nəyi necə çatdırdıqlarını bilmirəm. Mən nə narkotik istifadəçisi, nə də “alkaş” deyiləm ki, hər gün içib gəzim Həyatımda içki, narkotika və qumar olmayıb. Bu 3 şeyə görə, çox adamı həyatımdan silmişəm. Öz şəxsi həyatım var. Şəxsi həyatıma qarışan insanları başa düşmürəm. Niyə maraqlanıb, Ramin müəllimə fərqli çatdırıblar? O insanları anlamıram. İnciyibsə, böyük qardaşımdır, haqqı var. Bundan nəticə çıxaracam. Cəmiyyətdə insanlar işimizlə deyil, şəxsi həyatla maraqlanırlar. Ancaq mən heç vaxt başqasının şəxsi işləriylə maraqlanmamışam. Kiminsə şəxsi işləri ilə maraqlanmaq yaxşı deyil və Allaha da xoş getməz. Dost-tanışlarım da məni yaxşı tanıyır ki, necə bir insanam. İşdən sonra nə edəcəyimi və hara gedəcəyimi bilirlər. Ramin müəllim indi məndən inciyib. Vaxt gələr hər şey qaydasına düşər. Bunu aradan qaldırmaq üçün çalışacam. İnşallah hər şey öz yolun tutar.

- Görüşüb, danışmısız?

- Böyük qardaşdır, bir-iki addım atacam. İnciməyinin səbəbi var. İndi elə zamandır ki, sözü elə çatdırırlar ki, qarşı tərəfdə inciklik yaranır. 

- “Kəpəz” üzərindəki qələbə bu söhbəti yox edə bilər?

- Bizim işimiz nəticəyə bağlıdır. Bu gündəmlik məsələ deyil. Şəxsi həyat tərzim var. Bunun heç kimə aidiyyatı yoxdur. Bu söz-söhbətin komandaya dəxli yoxdur. 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah