AFFA-ya müraciət edirlər ki, “bizə Media Komitəsi lazım deyil, bizə sadəcə pul verin”

Son vaxtlar AFFA yanında Media Komitəsinin fəaliyyəti geniş müzakirə edilir. AFFA-nın baş katibi Elxan Məmmədov bu yaxınlarda ölkə mətbuatına verdiyi açıqlamada komitənin fəaliyyətinə dair hesabat hazırlanaraq İcraiyyə Komitəsinə (İK) təqdim ediləcəyini bildirmişdi. Baş katib həmçinin, MK-nın büdcəni keçməsi halında, layihələrin dayandırıla biləcəyini demişdi.

“Futbol+” qəzetinin baş redaktoru, AFFA yanında Media Komitəsinin (MK) sədri Mahir Rüstəmli komitənin fəaliyyəti, gələcək taleyi ilə bağlı müsahibə verib.

- Bir neçə gün öncə AFFA-nın baş katibi Elxan Məmmədov ölkə mətbuatına açıqlamasında Media Komitəsində büdcədən kənara çıxmaların olub-olmadığının araşdırılacağını, belə olduğu təqdirdə layihələrin məhdudlaşdırıla biləcəyini deyib... 
- Media Komitəsi 2016-cı ilin martında işə başladı. Bu müddətdə müəyyən qədər pul xərclənib. İlk maliyyə ili 2016-cı ilin aprelin 1-dən həmin il dekabrın 31-dək davam etdi. Keçən il isə bu müddət bir qədər uzun oldu - yanvarın 1-dən dekabrın 31-dək. Buna görə, məbləğdə müəyyən fərqlər olması normaldı. 2016-cı ildə 88673 manat pul xərclənib. Bu rəqəm AFFA-nın 2017-ci ilin mart ayında keçirilmiş hesabat konfransında da açıqlanmışdı. Ümumilikdə isə Media Komitəsinin illik fəaliyyəti üçün tələb olunan məbləğ 115-118 min manat arasındadı. Bu məbləğdən az və ya çox kənara çıxmalar ola bilər. Özümüz də bu ilin hesabatlarına, hər ayın xərclərinə ayrıca baxdıq, araşdırdıq. Doğrudan da, ayrılan büdcə müəyyən qədər aşılıb.

- Büdcə AFFA ilə əvvəlcədən razılaşdırılmamışdı?
- İlkin məbləğ olaraq 80 min manat müəyyənləşdirilmişdi. Qurum yaradılanda düşünürdük ki, komitənin fəaliyyəti üçün ölkə klubları da müəyyən töhfə verəcək, müəyyən məbləğ ayıracaqlar. Bundan əlavə, başqa federasiyalar, başqa idman qurumları da komitə ilə əməkdaşlıq edəcəklər. Lakin gözlədiyimiz dəstəyi görmədik. Faktiki olaraq əsas güc AFFA, AGİN və PFL-in üzərinə düşdü.

- Bu məsələ ilə bağlı Elxan Məmmədovla görüşmüsüz?
- Bəli, çərşənbə günü Elxan Məmmədovla görüşdük. Bir çox məsələləri, həmçinin, maliyyə ilə bağlı məsələni müzakirə etdik. Məmmədovun Media Komitəsi ilə bağlı müəyyən irad və narazılıqları var idi. Həmin məsələləri biz də öz aramızda müzakirə etmişdik. Təbii ki, işlə bağlı müəyyən çətinliklər var. Bu çətinliklər həm obyektiv xarakter daşıyır, həm də subyektiv. Elə məqamlar var ki, onlar bilavasitə AFFA yanında Media Komitəsinin idarə heyətindən asılıdı. Lakin elə məqamlar da var ki, birbaşa AFFA-ya bağlıdı. Bu görüşdə Elxan müəllimin iradlarını eşitməklə yanaşı, biz özümüz də iradlarımızı baş katibə çatdırdıq.

- Media Komitəsinin strukturu ilə bağlı gələcəkdə hansısa dəyişiklik gözlənilir?
- Məncə, Media Komitəsi yaşayacaq. Ancaq həm Elxan Məmmədovun, həm də idarə heyətinin üzvlərinin fikri belə oldu ki, həm strukturla, həm də işin qurulması ilə bağlı müəyyən düzəlişlərə, komitəni irəli apara biləcək ideyalara ehtiyac var. Bu ideyaların irəli sürülməsində təkcə AFFA və ya MK-nın idarə heyətinin üzvləri yox, həm də, üzvlər fəallıq göstərməlidi. Yeri gəlmişkən, sizin saytın baş redaktoru Rəşad Ergün də komitəyə öz təkliflərini göndərib və həmin təkliflər də komitənin növbəti iclasında müzakirə olunacaq. Biz bu cür təşəbbüsləri həm də komitənin üzvlərindən gözləyirik. İndiki idarə heyətinin səlahiyyət müddəti martın 31-nə kimidi. Bundan sonra çox güman ki, yeni qüvvələr olacaq və bu işləri yeni əsaslarla quracaqlar. Mənim fikrimcə isə Media Komitəsi bir institut olaraq faydalıdı, yaşamalıdı. Ancaq bir qədər fərqli şəkildə, fəaliyyətində düzəlişlər etməklə idman jurnalistikasının inkişafına öz töhfələrini verməlidi.

- Deməli, komitə ilə bağlı əsas dəyişikliklər növbəti seçkilərdən sonra olacaq...
- Bəli, əsas etibarı ilə növbəti seçkilərdən sonra olacaq. Ancaq mən bu dəyişikliklərin ilkin cizgilərini deyə bilərəm - saytların və qəzetlərin işi ilə bağlı kifayət qədər məhdudiyyətlər, qadağalar, şərtlər olacaq. Çünki Media Komitəsinin daha güclü saytlar və qəzetlərlə işləməyə ehtiyacı var. Belə demək mümkünsə, üzvlərin sayı əsas olmamalıdı. Sırf keyfiyyətə üstünlük verilməlidi. Fikrimcə, MK istər kadr, istərsə də texniki imkanlar baxımından daha güclü qurumlarla yoluna davam etməlidi.

- Növbəti seçkiyə kimi yeni layihələr olacaq?
- Yanvar ayı artıq bitmək üzrədi. Buna görə, bu ay üçün istiqamətləri açıqlamağa ehtiyac görmədik. Ancaq fevral və mart ayları üçün nəzərdə tutulmuş layihə istiqamətləri yaxın günlərdə açıqlanacaq.

- Media Komitəsi fəaliyyətə başladığı ilk gündən etibarən, bu quruma qarşı olan jurnalistlər də var. Sizcə, onların etirazlarının səbəbi nədi?
- Onların etirazlarında heç bir məna görmürəm. Bunların çox az qismi səmimiyyətdən, canıyananlıq hissindən doğur. Böyük qismi isə predmetsiz, dəlilsiz, sadəcə, bütün jurnalistlərə və jurnalistikaya xas olan eqonun təsiri ilə yaranan narazılıqlardı. Açıq deyim, bəzən məndə elə təəssürat yaranır ki, bizim bəzi həmkarlarımız sadəcə, Media Komitəsinin mövcudluğunu istəmirlər. Həmin həmkarlarımız AFFA-ya müraciət edirlər ki, “bizə Media Komitəsi lazım deyil, bizə sadəcə pul verin”. Bu cür yanaşmanı heç bir halda qəbul edə bilmərəm. Hesab edirəm ki, Media Komitəsinin mövcudluğu lazımlıdı. Həmin həmkarlarımız da bir gün başa düşəcəklər ki, səhv yoldadılar. Media Komitəsində Mahir Rüstəmlinin olub-olmamasından asılı olmayaraq, gəlib burda təmsil olunacaq, komitənin işinə töhfə verəcək, öz saytlarının daha güclü olması üçün çalışacaqlar.

Komanda.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right