"Əsasən azarkeşlərimizə səslənirəm ki, tribunalardan əskik olmasınlar" İsmayıl Hüseynov

Birinci Divizion təmsilçisi “Binə”nin yeni baş məşqçisi İsmayıl Hüseynov klubun rəsmi saytına müsahibə verib. Əsasən qarşıdakı planlar haqda danışan təcrübəli mütəxəssis komandada da ediləcək dəyişikliklər haqda da danışıb.

Newsport.az sizə müsahibəni təqdim edir:

- Mövsümün ikinci yarısına hazırlıq necə keçir?
- Komanda ilə 3 gündür ki, mənim rəhbərliyim altında məşqlərə başlamışıq. Əsasən seleksiya xarakterli məşqlərə üstünlük veririk. Həftəboyu çalışacağıq ki, seçimlərimizi davam etdirək. Daha sonra isə tam komanda ilə ümumi məşqlərə start veriləcək.

- Qış transfer dönəmində bir neçə futbolçu komandadan ayrıldı. Onların boşluğunu doldurmaq mümkün olacaqmı?
- Elə futbolçular var ki, onların yerini doldurmaq bir az çətindi. Ancaq çalışacağıq ki, yeni transferlərlə bu boşluqları dolduraq. Seleksiya məşqlərimizdə də ümumi məqsədimiz odu ki, bizə uyğun, komandaya xeyir verə biləcək futbolçuları heyətimizə cəlb edək.

- Birinci Divizionda bu mövsüm 6+2+3 (6 nəfər daha yaşlı Azərbaycan vətandaşı, 2 nəfər legioner, 3 nəfər 1996-cı il və daha gənc təvəllüdlü Azərbaycan vətəndaşı) limiti tətbiq olunur. Heyəti formalaşdırmaqda limit məsələsi nə kimi rol oynayır?
- Limit ilə bağlı onu deyə bilərəm ki, bu qərarla gənc futbolçular üçün də şans yaradılır və mən də həmişə gənc futbolçuların oynamasının tərəfdarı olmuşam. Əlbəttə ki, legioner futbolçular da olmalıdı. Demək olar ki, əksər futbol ölkələrində əcnəbi futbolçulara yer verilir və bizdə də legioner futbolçulara şərait yaradılır. Heyəti formalaşdırarkən bütün bu nüanslara xüsusi diqqət yetiririk və hesab edirəm ki, limitlə bağlı problemimiz olmayacaq.

- Sizin rəhbərliyiniz altında komandanın ilk rəsmi oyunu "Şüvəlan" ilə səfər qarşılaşması olacaq. Bu oyun həm də mövsümün ikinci yarısının ilk matçı olacaq. Bu qarşılaşma ilə bağlı hansı fikirdəsiz?
- İlk oyunlar həmişə çətin olur. Mövsümün ikinci yarısının ilk matçı olduğu üçün bu oyunun mahiyyəti komanda üçün də önəmlidi. Çalışacağıq ki, həmin qarşılaşmaya tam hazır vəziyyətdə çıxaq. Əsasən azarkeşlərimizə səslənirəm ki, tribunalardan əskik olmasınlar. Gəlsinlər, komandanı dəstəkləsinlər və biz də yaxşı oyunla onları sevindirək.

- Binədə həmişə futbol ab-havası olub. Yerli sakinlər də "Binə"ni doğma komandaları kimi görürlər. Azarkeşlər istər ev oyunlarında, istərsə də səfər oyunlarında hər zaman komandaya dəstək olublar. Bu barədə düşüncələriniz necədi?
- Məndə olan məlumata görə, Binə azarkeşləri hər zaman komandanı dəstəkləyiblər. Arzu edirəm ki, belə də davam etsinlər, hər zaman öz doğma komandalarına dəstək olsunlar. Komanda qələbə də qazana bilər, məğlubiyyət də ala bilər. Ancaq nəticə nə olursa olsun, əminəm ki, azarkeşlərimiz hər zaman yanımızda olacaqlar. Qısa müddət ərzində gördüklərimə, eşitdiklərimə əsaslanaraq onu deyə bilərəm ki, sadiq azarkeşlərimiz var və onların bizi dəstəkləyəcəklərinə heç bir şübhəm yoxdu. Biz də yaxşı oyunla, qələbələrimizlə onları sevindirməyə çalışacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right