“Mən həmişə “Qəbələ”yə görə narahatam” – Fariz Nəcəfov

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədovun “Böyük qayıdış” filminin təqdimat mərasimindən sonra müsahibə verib.

- Əvvəlcə filmlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Çox yüksək səviyyədə film alınıb. Açığı, belə gözləmirdim. Epizodik olaraq baxmışdım, amma tam izləməmişdim. Millət vəkillərimiz, idmançılarımız ürək sözlərini dedilər. Mən də onların söylədiklərini təkrarlayıram. Belə filmlərin sayı çox olmalıdır. Çünki burda ibrət götürüləsi şeylər çoxdur. Farizin həyatında baş verən hadisələr hər kəsin başına gələ bilər. Elə film də bu cür hadisələri yaşayan birinin geri qayıdışından bəhs edir. Baxılası filmdir. Farizi təbrik edirəm, uğurlar arzu edirəm.

- Bilirik ki, “Qəbələ”nin Fariz Məmmədova dayaq durmasında sizin rolunuz danılmazdır. Demək olarmı ki, Fariz sonluğu yaxşı qoymaqla, həm də sizin etimadınızı doğrultdu?

- Burda danılası şey yoxdur. Farizi çoxdan tanıyıram, Ağdamda bir məktəbdə oxumuşuq. Farizin xarakterinə yaxşı bələd olan bir insan kimi ona dəstək verilməsinin təşəbbüskarı olmuşam. Klubun prezidenti Tale müəllim də sağ olsun ki, bu təşəbbüsə qoşuldu. Farizin uğur qazanmasında çox böyük dayaq oldu. Fariz də sağ olsun ki, bu qədər insanın etimadını doğrultdu.

- Bir az da “Qəbələ”dən danışaq. Komandanın qış fasiləsinə qədərki çıxışını necə qiymətləndirirsiniz?

- Normal qiymətləndirmək olar. Amma bundan da yaxşısını edə bilərdik. Ümid edirəm ki, toplanışdan maksimum yararlanıb ikinci dövrədə daha uğurlu çıxış edəcəyik.

- “Qəbələ” birinci dövrənin sonlarına doğru tempi artırdı və yaxşı nəticələr qazanmağa başladı. Yaranmış fasilənin komandaya mənfi təsir edəcəyindən qorxmursunuz?

- İnanın ki, mən həmişə komandaya görə narahatam. Qeyri-sabitlik bizdə gözlənilmədən olur. Amma ümid də edirəm ki, ilin sonunu yaxşı bitirəcəyik.

- Roman Qriqorçukun hələ də Bakıda olması transfer çalışmalarına görədir?

- Yox, sırf transferlərlə bağlı deyil. Bir neçə dəfə görüşüb, görüləcək işlərin planını müzakirə etmişik. Ailəsi və özü Bakını çox sevir. Yəqin ki, ona görə buradadır.

- Aydın məsələdir ki, ad açıqlamayacaqsınız. Ən azından bilmək olarmı, transferlərlə bağlı iş gedirmi?

- Ekiqo ilə müqaviləmiz başa çatdı, müddət uzadılmadı. Amma digər futbolçuların gedib-qalması barədə hələ dəqiq bir şey yoxdur.

- Endi Hallideyin komandadan ayrılacağı söylənilir...

- Bizimlə müqaviləsi var. Gələn təklif də yoxdur.

- Bəs Aqil Məmmədovla Elvin Məmmədovun “Neftçi”yə keçmək variantı var?

- Yenə deyirəm, hələ heç bir şey açıqlaya bilmirəm. Çünki bizimlə müqavilələri davam edir. Heç “Neftçi”dən təklif də gəlməyib.

- Bir də bugünlərdə “Kukesi”dən ayrılan Rauf Əliyevin “Qəbələ”yə keçəcəyi ilə bağlı xəbərlər dolaşır...

- Rauf Əliyevin məsələsini bilirsiniz də, 3-cü klubda oynaya bilməz. Amma adı yayda transfer siyahımızda olub. İndi isə mümkün deyil.

Qol.az





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah