"Futbolla məşğul olan insanların bu işi görmək ixtiyarları yoxdu"

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı təşkil edilib:

- Bu gün xoş gündü. Milli komandaların yaşaması üçün bazanın açılışını etdik. Burda bir komandanın yaşaması və məşq etməsi üçün hər bir şərait yaradıılıb. Həmçinin, gələcəkdə “Səbail” də burdan istifadə edəcək. Bu, UEFA-nın dəstəyi nəticəsində başa gəlib. Bütün maliyyə qitə futbol qurumu tərəfindən ödənilib. Bu, UEFA-nın hədiyyəsidi. 

Bu gün İcraiyyə Komitəsinin iclasında əsas qərar milli komandaların baş məşqçilərinin təsdiqi oldu. Seçim əsasən millimizin baş məşqçisi Qurban Qurbanov və mütəxəssislər tərəfindən edilib. Bundan başqa, manipulyasiya ilə bağlı bizə məlumat verildi. UEFA böyük şirkət tutub, hətta regional oyunları da nəzarətdə saxlayır. Şübhəli məqam varsa, bu barədə məlumat verir. Hamı bilsin ki, futbolla məşğul olan adam mərc oyunlarında heç vaxt iştirak etməməlidi. Keçən il bu qanun qəbul olundu. Bu, artıq cinayət məsuliyyəti daşıyır. “Keşlə”nin iki futbolçusu və “Neftçi”nin bir məşqçisi artıq prokurorluğa verilib.

UEFA tərəfindən ayrılmış maliyyyə ilə Sumayıtda 2 və Bakı Olimpiya stadionunda təbii örtüklü meydança salınacaq.

Region Liqasının başlanması ilə bağlı hesabat da verildi. Bu yarışa maraq çox böyükdü. Azərbaycanı əhatə edən yarışlar olacaq və futbolun inkişafına təkan verəcək.

- “Kəpəz”də aparılan yoxlamanın nəticəsi açıqlanmadı...
- Bu barədə yoxlama oldu. Əfsuslar olsun ki, bizim nümayəndə tərəfindən pozuntuya cəhd olunmuşdu. Yoxlamanın nəticələri ilə tanış olduq və bir neçə nəfəri işdən azad etdik. Sistemi elə qurmaq istəyirik ki, şəffaf olsun. Yenə manipulyasıya məsələsinə qayıdıram. Həmin şəxslər barədə qəti tədbir görüldü. Bu, belə də davam edəcək. UEFA nümayəndələri ilə görüşəndə deyildi ki, Şərqi Avropa ölkələrində də bu hallar var. Bu üzdən də onların futbolu dibə getdi. Amma Avropanın mərkəzində bunun kökünü kəsdilər. Bu, klubda olan bəzi fərdi insanlara qarşı oldu. Çalışırıq ki, futbolumuza haram qatılmasın.

- Futboldan uzaqlaşdırılanlar barədə konkret səbəb göstərilmədi... 
- Özləri etiraf etdilər. Bu, böyük sistemdi, iş davam edir. Futbolla məşğul olan insanların bu işi görmək ixtiyarları yoxdu. Böyük iş apardıq. UEFA-dan keçən il də, o biri il də məlumatlar gəlirdi. “Rəvan”, “Bakı” var idi. UEFA tələb qoydu ki, çempionatdan çıxarılmalıdı. Amma indiki fərdi şəxslərlə bağlıdı. FİFA prezidenti şübhəli bilindiyi üçün futboldan 6-7 illik uzaqlaşdırıldı. Hələ şübhəli ola-ola.

- Növbəti mövsüm üçün Premyer Liqa klublarının sayının artırılması müzakirə olundumu?
- Keçən il də demişdim ki, 10 komandaya çatdırmaq istərdim. 9-a çətinliklə çatdırdıq, 8 komanda ilə başladıq. İqtisadi cəhətdən müəyyən çətinliklər oldu və sponsorlar futboldan getdi. Sponsor və ictimaiyyət olmalıdı. Bu gün Gəncəyə nəzarət qoymuşuq. Bizim adamlar orda oturub, oranın futbolunu irəli aparmağa çalışır. Amma bizim hər bölgədə bunu etməyə imkanımız yoxdu. Həmin bölgədə irəli çıxan lazımdı.

- Belə söz-söhbət var ki, AFFA özü kənar şəxsləri buraxmır...
- Bu, boş söhbətlərdi. Mənim özümün xoşuma gəlir?

- Bəlkə lisenziyanın şərtlərini asanlaşdırmaq lazımdı?
- Bu, UEFA-nın tələbləridi. Komandaları sponsorlar yarı yolda qoyub getməməlidi.

- Dediniz ki, haramçılıqdan uzaq olmaq lazımdır. Amma bu gün Premyer Liqanın sponsoru Topaz-dır..

- Topaz rəsmi qurumdur. Ordan gələn pullar futbolun inkişafına sərf olunur. Ona görə də burada hansısa haramçılıq görmürəm.

- Region Liqasından birinci diviziona komanda çıxacaq?

- Bəli, bir komanda birinci diviziona çıxacaq. Biri isə diviziondan Premyer Liqaya çıxacaq. Bizim üçün kimin çıxmasının fərqi yoxdur.

- Uşaq futbolunun inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Amma bu gün "Dalğa Arena"da şərait yoxdur...

- Bizdə "Dalğa Arena"da yeganə problem havanın küləkli olmasıdır. Amma havanın temperaturu 4 dərəcədən aşağı deyilsə, burada heç bir problem görmürəm.

-Ötən il 4-cü yeri tutan, bu il isə 5-ci yerdə qərarlaşan "Əlincə" komandası diqqətdən kənarda qalıb. Bir top belə bağışlanmadı onlara.

-Onlar bizə rəsmi məktub ünvanlamalıdır ki, biz də əlimizdən gələni edək.

- Adətən ortada cinayət olanda səbəbləri də açıqlanır. Amma Nizami ilə Mirhüseyn futboldan kənarlaşdırılsa da, ortada konkret fakt yoxdur...


- Özləri də boyunlarına alırlar. Araşdırma başlayandan hüquq-mühafizə orqanları da bizə kömək edirlər. Böyük bir sistem var. Bunun axırına çıxmaq lazımdır. Hüquq da deyir ki, araşdırma davam edir, açıqlama verilməsin. Bizim də öz komissiyamız var. Məxfi saxlamalıyıq. Futbolçu özü deyir ki, bilərəkdən zəif oynamışam. Bu artıq özlüyündə oyun qaydalarını pozmaqdır. 

- “Sabah” təhsil nazirliyi tərəfindən maliyyələşir. Bu komandanın Premyer Liqaya gəlməsi barədə söhbət olmayıb? 
- Bizim heç kimlə söhbətimiz olmayıb. Kimin gedəcəyini bilmirik.

- Çempionatda Bakı klubları daha çoxdu. Bu, nə dərəcədə qanunauyğundu? Olmaz ki, “Zirə”nin, “Səbail”in yerinə Tovuz klubu Premyer Liqaya çıxsın? 
- Sovet düşüncəsindən çıxmaq lazımdı. Bayılda futbol olmamalıdı? Bu klubların hər birinin öz sponsoru var. Tovuz klubu 1-ci divizionda oynayır. Biz onlara 1-ci divizion səviyyəsində sponsorluq edirik. Tovuzda heç kim futbola yaxın durmur.

- Mehdi Hüseynzadə adına stadionun SOCAR tərəfindən təmir ediləcəyi deyilir...
- Xeyr, belə bir şey yoxdu. “Bakcell Arena”ya bu gün “Bakcell” vəsait ödəyir. “Azərsun Arena” “Azərsun”undu. Bütün arenaların adları kommersiya olacaq. Bayıldakı stadiona da sponsor axtarırıq. Kim istəyirsə, sponsorluq edib, atasının adını stadiona qoysun (gülür). Mehdi Hüseynzadə ilə bağlı nəsə etməyi düşünürük. Bu gün də bunun müzakirəsi oldu. Orda 10 minlik stadionun tikilməsi məsələsinə baxmağı düşünürük. “Sumqayıt” rəhbərliyi də deyir ki, çox adam oyun vaxtı ayaq üstə baxır. Buna maliyyə axtarırıq. Elxan müəllim söz verdi ki, UEFA ilə bu barədə danışacaq. Bir az biz, bir az da özləri maliyyə tapar. Stadionun adına isə gələcəkdə qərar veriləcək.

- Bu gün Anatoli Banişevskinin adını daşıyan hansısa stadion yoxdu...
- Banişevski də var, Kazbek Tuayev də var. Stadion adları ancaq kommersiya məqsədli olacaq. Banişevski ilə bağlı həmişə böyük tədbirlər keçirmişik. Stadionun adlarını satacağıq ki, sponsor arenaya maliyyə ayırsın. Sonda qeyd etmək istərdim ki, futbolumuzda uğurlu illərdən biridi. AFFA yaranandan bəri 25 il keçib. AFFA yaranandan burda olan Kazbek Tuayevi diplomla təbrik etdik.

2017-ci il bizim üçün uğurlu oldu. Millimiz ilin əvvəllərində uğurlu çıxış etdi. İslamiadada birinci yeri tutduq. Ən əsası odu ki, “Qarabağ” Çempionlar Liqasındakı uğurlu oyunu ilə bizi sevindirdi. Cənab prezidentimiz İlham Əliyev sağ olsun ki, bunu qeyd etdi. Onun təltif etdiyi 3 şəxsdən 2-si futbol adamı oldu. İnanıram ki, 2018-ci ill daha uğurlu olacaq. Bizi ağır yarışlar gözləyir. Millətlər Liqası keçiriləcək. Avropa çempionatına vəsiqə üçün bu, bir şansdı. İnanıram ki, hamımız əl-ələ verib bu nəticəni qazanacaq və bu ilin nəticəsini kölgədə qoyacağıq.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz