Qurunun oduna yaş da yandı LAYİHƏ

“Uşaq futbolu” layihəsi çərçivəsində budəfəki reportajımız Astara rayonundan oldu. Astara cənubdan İranla, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Əsasən dağlıq zona olan bu rayon Azərbaycanın ən çox yağış yağan bölgəsi kimi də məşhurdur. Futbol üçün iqlimi əlverişli olan Astara bu idman növündə çox geridə qalıb. Burada futbola həvəs böyük olsa da, lakin futbolla məğul olmaq üçün imkanlar yox dərəcəsindədi. Buna görə Astara digər idman növlərində daha çox önə çıxır. Rayonun futbol tarixinə nəzər salanda elə də şanlı tarixinin olmadığını görərik. Uşaq futbolu haqqında məlumat verməmişdən öncə futbolu olmayan Astaranın futbol tarixi haqqında qısa arayış verək. 


Astarada futbol təxminən 1960-cı illərə təsadüf edir. Həmin illərdə rayonda məhəlli şəkildə yayılan futbol sonrakı illərdə həvəskar komandaya çevrilib. Sovetlər dönəmində müxtəlif həvəskar komandalar olub və qonşu rayonlarla matçlar keçirib. Müəyyən spartakiadalarda, yarışlarda iştirak ediblər və zona çempionu belə olublar. Cənub bölgəsində “Astara” adı ilə çıxış edən həvəskar futbolçulardan ibarət komanda rayonun futbola olan marağının göstərici idi. Həmin dövrdə rayonun mərkəzi stadionu da mövcud olub. Stadionun azarkeş tutumu təxminən 5 min nəfərə qədər olub. Rayonun veteran futbolçularının sözlərinə görə, o stadion ideal şəraitli olub və hər bölgədə belə stadion olmayıb. Uzun illər bu stadion Astara futboluna xidmət edib, lakin müstəqillik dövrünün ilk illərində Xəzər dənizinin sahilində yerləşən arena dənizin suyunun artması səbəbilə suyun altında qalıb. Sonrakı illərdə su geriyə çəkilsə də idman qurğusu tamamilə yararsız hala düşüb. Veteranların sözlərinə görə, əslində su çəkiləndən sonra da arenanı yenidən qurmaq olardı, lakin bununla heç maraqlanan da olmayıb. Bir neçə il sonra isə bu stadiondan əsər-əlamət belə qalmayıb. Müstəllik illərindən artıq Astara stadionsuz qalmışdı. Bu problem rayonda futbolun inkişaf etməsinə də ciddi maneə olurdu. Amma rayonun futbol azarkeşləri və futbolçuları komandasız və stadionsuz qalmaqla barışmaq istəmirdilər. Buna görə də yerli futbolçuların təşəbbüsü ilə həvəskar komanda yaradılır. Komanda futbolçuların öz vəsaitləri hesabına fəaliyyət göstərir. Yeni yarananda “Astara” adı fəaliyyət göstərsə də, sonralar “Sərhədçi” adıyla çıxış etməyə başlayır. 1992-ci ildə zona yarışlarının qalibi olan “Sərhədçi” respublika çempionatında iştirak edib. Komandanın heyəti yerli futbolçulardan ibarət olub. Təxminən 1994-cü ildə bu komanda dağılır. 1994-95-ci illərdə komandasız qalan Astara yarışlarda iştirak etmir. 1995-ci ildə rayonun polis rəsisi Əlövsət Əliyev şəxsi hesabına yeni komanda formalaşdırır. Yeni yaradılan komandanın adı “Dinamo Astara” olur. Yeni yaradılan komandanın da heyəti yerli futbolçulardan ibarət olur. “Dinamo Astara” artıq ikinci mövsüm zona yarışlarının qalibi olur və I divizionda çıxış etməyə vəsiqə qazanır. Burada da uğurlu çıxışını davam etdirir, hətta liderlər üçün ciddi rəqibə belə çevrilir. Mövsümün sonlarına yaxın rayonun polis rəisi Astaradan getdikdən sonra komanda “başsız” qalır. Belə olan halda isə AFFA-ya olan borcları ödəməyə və oyunlara getməyə imkan çatmır və komanda çempionatda IV yerdə qərarlaşsa çıxışını yarımçıq dayandırmalı olur. Bununla da Astara futbolunun “qara günlər”i başlayır. Bu 20 ildə rayonda peşəkar komanda yaradılmır. Futbolsuzluqdan əziyyət çəkən Astara veteran futbolçuların təşəbbüsü ilə həvəskar komanda yaradırlar. Veteranlar arasındakı yarışlarda iştirak edirlər, hətta Azərbaycanı xaricdə belə təmsil edirlər. Tiflisdə, Batumidə dəfələrlə yarışlarda iştirak ediblər. Lakin komandanın üzvləri onlara qarşı olan diqqətsizlikdən narazılıq edirlər. Veteran fubolçular gedib yarışlarda iştirak edib gəldikdən sonra heç onlarla maraqlananın olmadığını, bir təşəkkür belə edilmədiyini söyləyirlər. Belə biganəliyin onları çox üzdüyü aşkar sezilir. 

 


Peşəkar futbol olmasa da rayonun çimərlik futbolu üzrə komandası mövcuddu. Bu komanda da yerli futbolçuların öz hesablarına fəaliyyət göstərir. Onlar xarici turnirlərdə belə uğurlu çıxış edirlər. Amma rayonda ümumi futbolun vəziyyəti çox pisdi. Yerli futbol azarkeşləri futbolsuzluqdan çox əziyyət çəkirlər. Sovet dövründən sonra rayonun mərkəzi arenası olan “Gənclik” adlı stadionun dənizin altında qalmasından sonra Astarada başqa stadion olmayıb. Burada futbolun inkişafını istəyiriksə, birinci növbədə rayonun stadionu olmalıdı. 

 


Veteran futbolçularla söhbət edərkən onlar bildirdilər ki, stadionla bağlı şikayət etmədikləri, ərizə yazmadıqları yer qalmayıb, bu problem həllini heç cür tapmır. Veteranlar onu da nəzərə çatdırdılar ki, rayonda komanda yaratmaq üçün də rayon rəhbərliyinə, rayonunun iş adamlarına qədər müraciət ediblər, lakin heç bir kömək olmayıb. 

 

Astara futbolunun ümumi durumu ilə bağlı rayonun Gənclər və İdman İdarəsinin rəsi-müavini Afaq Məmmədovla söhbət etdik. O, rayonda futbolun vəziyyətinin heç də ürəkaçan olmadığını bildirdi: “Astarada futbola həvəs böyükdü. Bizim rayonun yetirmələri peşəkar klublarda oynayir, lakin futbol üçün şərait yaxşı deyil. Vaxtilə standartlara cavab verən stadionumuz var idi, dənizin suyunun artdığına görə məhv olub getdi. İndi stadionumuz yoxdu, meydança problemimiz var”.

 

Astaranın uşaq futboluna gəlincə böyük futbolu, stadionu, futbol üçün heç bir şəraiti olmayan bir rayonun uşaq futbolunun elə də güclü inkişaf etdiyini demək olmaz. Hazırda bu bölgədə uşaq futbolu ilə ancaq Uşaq Gənclər İdman Məktəbi (UGİM) məşğul olur. UGİM-də isə futbol üçün şəraitlə əlaqədar olaraq iş çox zəifdi. Meydançalar yoxdu, stadion yoxdu, uşaqların futbolla məşğul olmağı üçün toplar, futbol geyimləri və digər invertarlar çətinliklə tapılır. Bütün bunlar da Astaranın futbolunun inkişafına öz mənfi təsirini göstərir. Futboldan başqa digər idman növlərində irəliləyiş hiss olunur, lakin futbol günü-gündən geriləyir. UGİM-in nəzdində fəaliyyət göstərən futbol şöbəsində 6 müəllim məşqçi çalışır. Hər bir müəllimin 1 qrupu mövcuddu. Hər qrupda da 15 kiçik yaşlı uşaq var. Çünki artıq qrupları yaratmaq çox çətindi. Bu 5 qrupun məşq etmək üçün meydançaları. Zalları yoxdu, yeni qruplar yaranarsa, onlar harada məşq edəcəklər, təlimlər keçəcəklər?
UGİM-in futbol sektorunda dərs keçən Qəhraman Mirzəyev bizimlə söhbətində meydançaların olmamasından və Astarada futbol üçün şəraitinin yoxluğundan şikayət etdi:  

 

“Vaxtilə bizdə kiçik yaşlı uşaqlardan ibarət qruplar çox idi. 2011-ci ildə yoxlama gəldi işləməyənlərə görə bizim də qrupların hamısını bağladı. O birisilərin güdazına biz keçdik. İndi 5 futbol müəlliminin hərəsinə bir qrup var. “Qurunun oduna yaş da yandı” misalı burada yerinə düşür (gülür). İndi əsasən ibtidai yaş qruplarıdı. 2008-ci il təvəllüdlü uşaqlardan ibarət qrupdu. Zona yarışlarında da iştirak edirik, “Sevinc” kubokunda və AFFA-nın keçirdiyi yarışlarda da çıxış edirik. İstedadlı uşaqlarımız çoxdu. Peşəkar klublarda oynayan uşaqlarımız var. “Qəbələ”də Vüsal Mirzəzadə, “Səbayel”də Murad Abdullayev və digər klublarda da yetirmələrimiz var. Abdullayev eyni zamanda 17 yaşlılardan ibarət milli komandamızın da heyətinə cəlb olunub. Ötən mövsüm zona yarışlarında qalib olduq, republika çempionatında III yeri tutduq. Ən çox bizdən uşaqları “Vətən” klubu götürür. Uşaqları motivasiya eləmək çox çətin olur. Peşəkar klubumuz yoxdu, futbol üçün şəraitimiz yoxdu. Amma yenə gələcəyini fikirləşən uşaqlar çoxdu.

 

Stadionumuz yoxdu, meydança problemimiz var. İndi İdman Kompleksinin meydançasında məşq edirik, o da ki ödənişlidi. Məktəblərdəki zallarda, həyətlərindəki meydançalarda məşq etmək istəyəndə yenə problem yaradır. Futbolun adı gələn kimi hamsı başını tutur, vay sındırıb dağıdacaqlar. İnanın ki, meydança cəhətdən çox əziyyət çəkirik. Astara rayonunda bir dənə də olsun stadion, yaxud istifadə üçün tikilmiş futbol meydançaları yoxdu. Futbol geyimlərindən, toplar cəhətdən çətinliyimiz var. Ötən ilə kimi AFFA yardım edirdi, lakin indi heç nə vermir. Dərdimizi bilmirik ki, kimə deyək”.

 

 

Qəhrəman müəllim UGİM-dəki beş futbol məşqçisinin içində yalnız özünün məşqçilik kateqoriyası (“C”) olduğunu söylədi. Digər müəllimlərin və özünün məşqçilik kateqoriyasını artırmaq üçün maddi imkanlarının olmadığını bildirdi. 


Qəhrəman Mirzəyev Astaranın futbol veteranıdı. 1994-95-ci illərdə “Səbayel” komandasında oynayıb. Sonrakı illərdə “Səbayel”in adı dəyişib “Dalğıc” olub, orada da 1 il çıxış edib. Sonrada ailə vəziyyətilə əlaqədar rayona qayıdıb. Sonra Astaranın komandasında oynayıb. Futbol karyerasını davam etdirmək üçün Astarada yerləşən Pedaqoji Texnikomun Futbol fakultəsini bitirib. Buranı bitirdikdən sonra məşqçi kimi fəaliyyət göstərmək qərarına gəlir və UGİM-də kiçik yaşlı uşaqlara futbol dərsi keçməyə başlayıb. 

 

 

Reportajımızın sonunda qeyd etmək istəyirik ki, Astarada futbolun durumu çox acınacaqlıdı. Demək olar ki, futbol yox dərəcəsindədi. Bu rayondakı futbolun durumu ilə heç maraqlanan da yoxdu. Burada futbolun inkişafından danışırıqsa, ilk növbədə stadion və meydançalar inşa olunmalıdı, rayonu təmsil edən bir komanda olmalıdı. Astarada isə bunların heç biri yoxdu. Astara İdman Kompleksinin meydançası var, bu meydançanın da ölçüləri standarta uyğun deyil – 60-40m-dir. Eyni zamanda süni örtüklüdü və buradan istifadə etmək ödənişlidi. Uşaq futbolunda perspektivli uşaqlar olsa da şəraitsizlikdən onlar da inkişaf edə bilmir. Bir sözlə Astarada böyük futbol kimi uşaq futbolu da çox aşağı səviyyədədi, hətta “yox” kimi bir şeydi. Güman edirik ki, Astaradakı bu durumla aidiyyatı qurumlar maraqlanacaq və bu rayonun futbolsevərləri futbolsuz qalmayacaq. Güman edirik ki, Azərbaycan futbolunun gələcəyində bu rayonun da uşaq futbolunun bir töhfəsi olacaq.

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”


HƏMİD

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right