"Hər dəfə baş məşqçinin verəcəyi şansı gözləyirəm" "Neftçi"nin hücumçusu

"Neftçi"nin hücumçusu Daniel Seqovia Azərvaycan Premyer Liqasının 13-cü turunda "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra Newsport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Uzun fasilədən sonra yaşıl meydana qayıtdın. Son saniyələrdə də olsa meydanda oldun. Təəssüratlarını bilmək maraqlı olardı...

- Əlbəttə, sevinirəm ki, yenidən meydana döndüm, az da olsa oynadım. Öz üzərimdə işləyirəm, çalışıram. Hər dəfə baş məşqçinin verəcəyi şansı gözləyirəm. Ümid edirəm ki, növbəti oyunlarda meydanda daha çox vaxt qazanaram. 

- Uzun müddətdir ehtiyatda qalmağını nəylə izah edərdin? Əvvəlki baş məşqçinin vaxtında oynayan Danil Seqioviya niyə Tərlan Əhmədovun gəlişindən sonra heyətdən kənarda qaldı?

- Heç vaxt bu haqda düşünürəm ki, bu, nədən belə ola bilər. Bu, baş məşqçinin qərarıdı. Mən isə bir futbolçu olaraq öz üzərimdə işləyirəm, məşqlərimi davam etdirirəm. Mən peşəkaram. Peşəkar isə hər yerdə peşəkar olmalıdı. Bu, istər meydanda olmalıdı, istərsə də ondan kənarda. Hansı klubda olmuşam, çalışmışam ki, həmişə özümü peşəkar kimi aparım. "Neftçi"də də həmçinin. Kim oynayacaq, kim oynamayacaq, bu qərarı həmişə baş məşqçi verir. Biz də bir futbolçu olaraq öz üzərimizə düşəni etməliyik. Sonda da qərarı verən baş məşqçi olur.

- Ancaq uzun müddət ehtiyatda qalmaq futbolçunu formadan salır. Hazırda özünü bu baxımdan necə hiss edirsən? "Neftçi"yə kömək etmək gücdəsənmi?

- Əlbəttə ki, oynamadıqca oyun ritmindən düşürsən. Ola bilsin ki, məndə də belə şey baş bilər. Ancaq buna baxmayaraq, oyun ritmini bərpa etmək çətin iş deyil. Təbii ki, peşəkarsa, hər gün yaxşı məşq edirsənsə.

- Qış fasiləsi yaxınlaşır və "Neftçi"dən göndəriləcək futbolçular arasında sənin də adın hallanır. Bu haqda nə düşünürsən? İl başa çatandan sonra "Neftçi"dən gedişin gözlənilir?

- Əlbəttə ki, futbolda belə hadisələr baş verə bilir. Peşəkar futbolçusansa, səbr etməlisən və baş məşqçi tərəfdən şansı gözləməlisən. Mən də bunu gözləyirəm. Bilmirəm ki, bu gün, sabah, yoxsa 1 ay sonra gələcək. Nə vaxt gələcəksə, bu şansımdan maksimum istifadə etməyə çalışacağam. Müqaviləmin sonunadək qalıram və komandamın uğurları üçün çalışacağam. 

- Müqavilən cari mövsümün sonunda başa çatır. Belə çıxır ki, qış fasiləsində "məni icarəyə verin, özümə klub tapmışam, müqaviləni pozaq" kimi düşüncələrdə olmayacaqsan?

-  Mən "Neftçi"yə ötən mövsümün ortasında gəldim. Ondan başlayaraq həmin çempionatın sonunadək 23 xal topladıq. Bundan vurdum 5 qolla mənim də payım oldu. Düzdür, bu mövsümün gedişində yeni baş məşqçi gəldi. Hamı çalışır ki, özünü yaxşı tərəfdən göstərsin. Mən də həmçinin. Əlimdən gələni edirəm ki, baş məşqçi mənə oynamağa şans versin. Bu şansı gözləyirəm. Hər gələn şansı layiqincə dəyərləndirəcəyəm. Qışda da burdan hər hansı yerə getməyi fikirləşmirəm. Çünki "Neftçi"də hələ sözümü demək istəyirəm. 

- Mətbuatda Seqoviya haqda söhbətlər belədi ki, klubda ən çox maaş alan futbolçudu, ancaq bunun qarşılığını verə bilmir, əsas heyətə düşmür, faydalı deyil. Bu kimi söhbətlər gəlib sənə çatıbmı?

- Medianı elə də yaxından izləmirəm. Sadəcə, mətbuatda hansısa şəklim çıxanda həyat yoldaşım onları çıxardır, yaddaşda saxlayır. Fikir vermirəm ki, haqqımda pozitiv, yoxsa neqativ şey yazılıb. Sadəcə, fotoma görə saxlayırıq, kolleksiya yaradırıq. "Neftçi"də may ayının sonuna kimi müqaviləm var. Qazandığım haqqını meydanda verməyə çalışıram. Yeni mövsümdə o qədər şans qazanmamışam. Ancaq meydanda olanda qazandığımın haqqını verirəm. Futbol belədi, işlərin yaxşı gedəndə hamı səni tərifləyir, uğursuzluq olanda hamı başlayır haqqında pis danışmağa. Həvəədən düşməyəcəyəm. Bundan sonra da yaxşı məşqlər etməyə çalışacağam. 

- Deyirsən ki ötən mövsümün qış fasiləsindən sonra 23 xal topladıq və çempionatın sonunda müsahibə verərkən, yeni mövsümdə bundan yaxşı olacağını vurğulamışdınız. Artıq çempionatın birinci dövrəsi yekunlaşır və Neftçi cəmi 16 xal toplayıb. Son oyunda qələbə qazansa, bu, 19 olacaq. Bəs dediyiniz göstəricini təkrarlamağa nə mane oldu?

- Futbolda belə şeylər hər yerdə olur. Hətta böyük klublar çempionatın startında itirdikləri xallları sonra qazandıqları oyunlarda bərpa edə bilmirlər. Biz çempionata pis başladıq, məğlubiyyətləri sıraladıq. Sonradan yeni baş məşqçi gəldi, komandanı pis vəziyyyətdən çıxara bildi. Artıq 5 qələbəmiz var. Növbəti oyunlarda da 3 xal üçün çıxacağıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right