"Rəhbərliyin qərarına qarşı çıxacaq statusa sahib deyiləm" - Nizami Hacıyev

“Neftçi” ilə oyunda da məğlubiyyətlə barışan və turnir cədvəlinin zirzəmisinin bir addımlığında lövbər salan “Keşlə”nin kapitanı Nizami Hacıyev matçdan sonra Newsport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Sənin əvəzlənməyindən sonra sanki komanda oynamağa başladı. 

- Yəqin mane oluram, artıq getməyin vaxtıdı.

- Bunu kimsə dedi, yoxsa özünüz belə düşünürsüz?

- Yox, kim deyə bilər bunu mənə. 8 il bu komandanın şərəfini qorumuşam və heç kim deyə bilməz ki, hansısa oyunda başqa hərəkətə yol vermişəm. Aydın məsələdi, top itkiləri ola bilər. Böyük futbolçular belə oyun zamanı topu itirirlər. 

- Bəs əvəzlənməyinizə səbəb nə idi?

- Bilmirəm. Baş məşqçidi, işini görür. Onun işinə qarışmaq istəmirəm. Neçə dəqiqə oynamağa imkan verirsə, o qədər də mübarizə  apardım. Özümü sübut etməli idim, yəqin meydanda olduğum dəqiqələrdə bunu bacarmadım və baş məşqçi dəyişiklik etmək qərarına gəldi. Normal qarşılayıram.

- Bəlkə doğurdan fikrin gedəcəyin yerdədi? Adətən yol üstə olanda insan fikrini bir yerə cəmləşdirə bilmir.

- Bugünkü oyunda gedib-getməyəcəyimi fikirləşmirdim. Hər zaman məşğul olduğum işə 100 faiz konsantrasiya olmağa çalışıram. Getmək deyəndə, bir çempionat, iki kubok oyunum qalıb. Bu oyunlardan sonra qərarımı verəcəm. Nəyisə dəyişmək lazımdı. Demək olar, yorulmuşam.

- Amma klub deyir müqaviləniz mövsümün sonuna qədərdi və gedəcəyiniz təqdirdə kompensasiya ödənilməlidi.

- Elə deyil. Daxili müqaviləmiz dekabrın 31-də, PFL-ə təqdim edilən anlaşmam isə mayın 31-də başa çatacaq. Klubdan məktub verilib ki, ikitərəfli razılıq əsasında müqaviləmi poza bilərik və yanvarın 1-də başqa komandaya keçməyimə etiraz etmirlər. Bu məktuba görə, klub rəhbərliyinə təşəkkür edirəm. Onlar mənim pulsuz-parasız getməyimə şərait yaradırlar. Gedib-getməyəcəyim hələ sual altındadı. 

- “Neftçi”yə keçəcəyiniz deyilir. Müqavilə imzalamısınızmı?

- Hələ anlaşma yoxdu. Ancaq razılıq var, şərtlər müzakirə olunur. Yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək.

- Bəs “Keşlə”nin aqibəti necə olacaq? Komanda uduza-uduza gedir, autsayder statusundan qurtula bilmir. Futbolçularda da istək yoxdu, bugünkü oyun da göstərdi ki, sanki meydana məcburiyyətdən çıxıblar.

- Bizim vəziyyətdə ola-ola mübarizə aparmaq çox çətindi. Hər şey pulla, imkanla bağlı deyil. Bəzən görürsən ki. Istəsən də, işlərin alınmır. Onda nəyisə dəyişmək gərəkir. 

- Bəlkə baş məşqçi ilə bağlı verilən qərar futbolçuları narazı salıb. Çünki Zaur Svanadze də çətin günlərdə “Keşlə”ni yalqız buraxmadı və haqsız olaraq sonda komandadan qovuldu.

- Svanadzenin gedişi ilə Ramiz Məmmədovun gəlişi komandada problem yaratmadı. Hər məşqçinin öz iş planı, oyuna və futbolçulara yanaşma tərzi var. Problem bununla bağlı deyil. Sadəcə, düşünürlər ki, artıq tükəniblər. Şəxsən mən də özüm haqda belə düşünürəm, hiss edirəm ki, gücüm tükənib, yorulmuşam. Mühiti dəyişmək istəyirəm. Bu dəyişikliyin həyatıma da müsbət təsir etməsini istəyirəm. 8 il bu komandada çıxış etmişəm və çox əziyyət çəkmişəm. Onun 5 ilini xoşbəxt olmuşam, son 3 ildə isə bədbəxt olduğumu demək istəmirəm. Təkliflərim olub, amma imtina etmişəm. “İnter” mənim üçün önəmli komanda olub. Gözümü açıb, bu komandanı görmüşəm. Zabratda “Xəzər Universiteti” adlanan dövrdən tutmuş “İnter” və indi “Keşlə” adı ilə yarışan komanda ilə böyümüşəm. Arzum bu komandada oynamaq olub. Buna nail oldum və son 3 ildə isə kapitan sarğısını daşıdım. Hansısa irəliləyişə nail olmaq üçün dəyişiklik etməyə ehtiyac var.

- Formanın üzərində hələ də “İnter”in loqosu qalır. Bu yeni adı qəbul etməməyinlə bağlıdı?

- Rəhbərliyin qərarına qarşı çıxacaq statusa sahib deyiləm, bu heç peşəkarlığa da sığmır. Bu formadan iki ədəddi – birində “Keşlə”nin, digərində “İnter”in loqosu var. “İnter” hər zaman qəlbimdə olacaq. Bunu hamı bilir, “İnter”ə bağlıyam. Həyatımda çox şeyə nail olmuşam və bunda klubun əməyi böyükdü.

- Hamı “Neftçi”yə keçəcəyinizi gözləyir. Hansısa sürpriz yaşana bilərmi?

- Əlbəttə, hər şey ola bilər. Bu təklifdən asılıdı. Bir həftə gözləmək lazımdı. Kubok oyunlarından sonra hansı komandaya keçəcəyim bilinəcək. 

- “Qarabağ”, “Qəbələ” və “Zirə” namizədlər arasında varmı?

- Bu klubların heç biri ilə danışmamışam. Onlardan təklif almamışam. Sabah başımıza nə gələcəyini bilmirik, ona görə də həyatda hər şey mümkündü. Xaricə getməyim real deyil. 29 yaşım və bundan sonra gedib özümü kiməsə sübut etməyim gecdi. Konkret təklifim var, niyə də dəyərləndirməyim.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right