Qara Qarayev:"Liqada 8 komandanın olması çempionatın səviyyəsinin aşağı olmasından xəbər verir" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” doğma meydanda Sumqayıtın eyni adlı klubunu qəbul edib.

Newsport.az xəbər verir ki, turun açılış matçında ev sahibləri 2-0 hesabı ilə qalib gəlməyi bacarıblar. Oyundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.

-Qara ənənəvi sualla başlayaq, oyun haqda fikirlərin?

-Çalışırdıq ki, bu oyun qalib gələk. “Sumqayıt”ın son zamanlar yaxşı oyun sərgilədiyini görürdük. Ancaq oyunun əvvəllərində istənməyən bir qırmızı vərəqə aldıq və planlarımız dəyişdi. Lakin şükürlər olsun ki, komanda ruhdan düşmədi və sonda qalib gəldik.

- “Sumqayıt” son dəqiqələrdə təzyiqi artırmışdı. Hesab 2-1 olsaydı, sizin üçün daha çətin olardımı?

- Elə olacaqdı. Bir qol vursaydılar, yəqin ki, daha motivasiyalı oynayacaqdılar. Amma rəqibin təzyiqi normaldı, buna baxmayaraq, biz qalib gəldik.

- Çempionatın yaxşı səviyyədə olduğunu deyirlər, amma Avrokubok üçün oynayan “Sumqayıt” 10 nəfərlə oynayan “Qarabağ” qarşısında heç nə edə bilmədi. Bu, “Qarabağ”ın rəqabətsiz komanda olduğunu göstərirmi?

- Bu gün yalan danışmayaq, futbol üçün xeyirli nədirsə, onu deyək. Hazırki çempionat əvvəlki səviyyədə deyil. Ən azından bu gün Liqada 8 komandanın olması çempionatın səviyyəsinin aşağı olmasından xəbər verir. Amma ümid edirəm ki, tezliklə bu problem aradan qaldırılacaq. Biz daha da çətin çempionat arzusundayıq.

- “Qarabağ”da son oyunlarda qırmızı vərəqələri əsasən legioner oyunçular alırlar. Bu nə ilə bağlıdır?

-  Düşünmürəm nəsə planlaşdırılmış bir şey olsun, bunların hamısı təsadüfdür. Yəqin ki, bu hallar aradan qaldırılacaq, çünki hər oyun qırmızı vərəqə almağımız bir balaca oyun səviyyəmizi aşağı salır.

- Qarşıdakı oyunda rəqib “Çelsi”dir. Rəqibi düşünəndə belə insanı qorxu basır. Bəs siz necə, rəqibdən çəkinirsinizmi?

- Biz oyunun məsuliyyətini həqiqətən də başa düşürük. Bakıdakı oyunda qələbə qazanmaq bizim üçün xəyal olardı, ancaq biz bunu istəyirik. “Qarabağ”ın adına azərkeşlər üçün doğma meydanda “Çelsi”ni çətin vəziyyətə salmaq fikrindəyik. İnşallah, azərkeşlərlə birgə istədiyimizə çatarıq.

- Gecənin surprizi baş tuta biləcəyinə inam azalır elə bil?

- Bütün niyyətimiz, məşqlərimiz, yeməyimiz, içməyimiz, gündəlik həyatımız belə, bu oyuna köklənib.

- Pedronun olmamağı ilə bağlı nə deyə bilərsən?

- Pedronun olmamağı bizim üçün itkidi, amma onun yerini doldura biləcək oyunçularımız da var.

- Nəzəri cəhətdən üçüncü yerə şans var. Üstəlik səfərdə bərabərlik qazana bilmişik. Bu iki oyunun təqviminə baxanda nə dərəcədə bunu real sayırsız?

- Mən belə fikirləşirəm ki, bizim üçüncü yerə çıxa bilməyimiz “Atletiko”dakı oyundan asılı olacaq. “Roma” qalib gəlsə, bizim də üçüncü yerə çıxmaq şansımız olacaq. Belə deyək də, taleyimiz Madriddə həll olunacaq.

- “Qarabağ” bir çox ölkələrin klubları ilə oyunda başabaş mübarizə aparıb, ancaq “Tottenhem”lə oyunu xatırlayıram, həmin oyunda çox çətinlik çəkmişdik. Hiss olunur ki, ingilis komandaları ilə “Qarabağ” çətinlik çəkir. Razısanmı bununla?

- Mən də belə fikirləşirəm, almanlar dayanmır heç vaxt. İspanlar da belədir. İngilislər də vurduqca daha çox motivasiya olurlar. Daha da çox vurmaq istəyirlər, ancaq burada düşünürəm ki, onlardan xal ala bilərik. Bu son oyunumuzdur, inşallah düşündüyümüz kimi olar. Millətimizi, xalqımızı sevindirərik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right