Təbriz Həsənov: "İndiki uşaqlar biraz məsuliyyətiz böyüyürlər" Müsahibə

"AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb, hesabatımı təqdim etdim. Qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verdik. Normal qarşıladım. Çünki həqiqətən də nəticələr uğursuzdur”. 
 
Newsport.az xəbər verir ki, bunu "Report”a açıqlamasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi postunu tərk edən Təbriz Həsənov deyib.

 

50 yaşlı mütəxəssis bildirib ki, yığmadakı işinə son verilməsi məntiqli addımdır. Onun sözlərinə görə, nəticələrin yaxşı olması üçün əlindən gələni edib: "Avropa çempionatının ilkin seçmə mərhələsində 3 oyun keçirdik. İkisində uduzub, birində heç-heçə etdik. Yəni, qarşıya qoyulan məqsədə çata bilmədik. Bununla da AFFA ilə əməkdaşlığa son verdik. Artıq başqa təklifləri gözdən keçirməli olacağam”.

 

Həsənov aşağı yaş qrupları üzrə yığma komandalara rəhbərlik edən mütəxəssislərin heyətə sifarişlə futbolçu cəlb etmələri yönündə iddialara münasibət bildirib. O deyib ki, futbol sektorunda çalışan şəxslərin hansısa oyunçunu yoxlamağı xahiş etməsi halları olub və bu, normaldır: "Lakin heç kim diqtə edə bilməz ki, filan futbolçunu götür. Ehtiyac olsa, kimisə yoxlamaq olar. Yığmalarda milliləşdirmə ehtiyacdan irəli gəlir. Rəqabət lazımdır. Nəticələr öz yerində, bəzi futbolçularda inkişaf var. Deməzdim ki, hamısında irəlilyiş müşahidə olunur. Lakin məşqlər öz faydasını verir. Sadəcə, indiki nəsil bir az gec qavrayır. Təxminən 7-8 il əvvəl işlədiyim uşaqlara bir şeyi uzağı 2 dəfə deyirdim, götürürdülər. İndi 10 dəfə söyləyirsən, xeyiri olmur. Xarakter bir yana, qavrama problemi var. Sanki məsuliyyətsiz böyüyürlər. Söhbət bir neçə nəfərdən getmir. Vəziyyət ümumən belədir”.

 

Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində Kiprə 1:2, Serbiyaya isə 1:4 hesabı ilə uduzub. Təbriz Həsənovun rəhbərlik etdiyi kollektiv yalnız İrlandiya ilə qolsuz bərabərə qalmağı bacarıb və 1 xalla yer aldığı VII qrupda sonuncu yeri tutub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right