Deni Qaysumov: “Rəşad Sadıqovun gedişi milli üçün böyük itkidi”

1995-1998-ci illər arasında Azərbaycan millisində 23 oyun keçirən Deni Qaysumov hazırda Çeçenistanda uşaq futbolunun inkişafı üçün çalışır. Son olaraq “Terek”də çıxış etmiş Qaysumov müsahibəsində millimizin indiki durumundan danışıb:

- Hazırda nə işlə məşğul olursunuz?
- Çeçenistanda məşqçi kimi fəaliyyət göstərirəm. Amma böyük komandaya getmək niyyətindəyəm. Görək necə olacaq.

- Maraqlıdı, Azərbaycandan təklif almısınız?
- Məşqçi kimi?

- Bəli.
- Bir ara belə söhbət var idi. Amma sonradan həmin söhbət, söhbət olaraq qaldı. Real təklif olsa, gəlib işləyərdim.

- Azərbaycan futbolu ilə necə, maraqlanırsınız?
- Əlbəttə. Hər zaman Azərbaycan futbolu ilə maraqlanıram. Bir müddət əvvəl Fuad Musayevin dünyasını dəyişdiyini xəbər tutdum. Həqiqətən də çox pis oldum. Musayev əla insan idi. Onunla çox xatirələrimiz var. Amma nə etmək olar? Həyat belədi.

- Azərbaycan millisinin çıxışını necə, izləyirsən?
- Çexiya ilə son oyuna baxdım. Bu görüşdə millimizin uduzmayacağını düşünürdüm. Düzdü, rəqibin qol imkanı çox idi. Onlara qol şansları çox verdik. Ona görə də uduzduq.

- Yəni müdafiədəki problemlərə görə uduzduq?
- Belə deyərdim, bizim futbolçular düşən imkanlardan yararlana bilmədi. Ancaq çexlər tam əksinə, ələ düşən imkanları Yaxşı dəyərləndirdilər.

- Rəşad Sadıqov milli karyerasını başa vurdu. Onun olmaması yığmamız üçün çox çətinlik yaradacaq?
- Rəşad Sadıqova hər şeyə görə minnətdarıq. Əlbəttə, onun gedişi milli üçün böyük itkidi. Amma ümid edirəm ki, baş məşqçi Rəşadın layiqli əvəzedicisini tapacaq.

- Sadıqovdan sonra yığmanın kapitanı Rahid Əmirquliyev olacaq. Səncə, o, Sadıqovun yoxluğunu aradan qaldıra biləcək?
- Rahidə layiqli kapitan olmağı arzulayıram. Millidəki bütün uşaqlara da uğurlar arzulayıram.

- Millimiz Almaniya ilə oyuna çıxacaq. Matç barədə nə düşünürsən?
- Çox güman ki, almanlar oyuna əsas heyətlə çıxmayacaq. Fikrimcə, bizimlə görüşə ikinci heyəti buraxacaqlar. Amma almanların meydana hansı heyətlə çıxmasından asılı olmayaraq, ümid edirəm ki, bizim uşaqlar layiqli mübarizə aparacaqlar.

- 1995-1998-ci illərdə milli komandamızda oynamısan. Necə düşünürsən, həmin vaxtkı yığma güclü idi, yoxsa indiki daha güclüdü?
- Hər dövrün özünə görə güclü komandası var. Millimiz bu tsiklin ilk görüşlərində çox yaxşı nəticələr göstərdi. Gələcək üçün yaxşı potensial olduğunu, böyük komandalara qarşı yaxşı oynaya bildiyini göstərdi. Bunun özü də yaxşıdı. Ümidvaram ki, bu cür də davam edəcəklər və azarkeşlərimizi yaxşı nəticələrlə sevindirə biləcəklər.

dsport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right