Arif Əsədov: "Komandaların mübarizliyi baxımından I Divizion Premyer Liqadan üstündü"

I Divizionun 2-ci turunda "Sabah" səfərdə "Qaradağ Lökbatan"a 1:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra qonaqların baş məşqçisi Arif Əsədov müsahibə verib.

- İlk öncə oyun haqda fikirlərinizi bildirərdiz...

- “Qaradağ Lökbatan” artıq birinci dəstədə təcrübəsi olan, hər mövsüm çempionluğa oynayan kollektivdi. Buna baxmayaraq komandam pis oynamadı, sadəcə olaraq futbolçular tərəfindən yol verilən müəyyən səhvlər oyunu uduzmağımıza səbəb oldu. Komandanın cəmi 35 günün komandası olması və ehtiyat qüvvənin azlığı da bu gün öz sözünü dedi. Çünki ilk oyunda futbolçularımız çox böyük güc sərf eləmişdilər. Üstəlik kapitanımız İlqar Ələkbərov da “Binə” ilə oyunda zədə aldığına görə, bu oyunda bizə kömək edə bilmirdi.

- Hesabı qoruyub saxlaya bilməməyinizi nə ilə əlaqələndirirsiz?

- Əgər biz birinci hissəni 1:0 öndə tamamlasaydıq, burdan yaxşı nəticəylə dönə bilərdik. Sadəcə olaraq birinci hissədə heçnədən buraxdığımız qol oyunun nəticəsinə də təsir göstərdi.

-Premyer Liqa təcrübəniz olsa da, I Divizionda ilk dəfədi ki, komanda çalışdırırsız. Bu iki turnir arasındakı fərq daha çox nədə hiss olunur?

- Təbii ki, oyunçuların ustalığı və sürəti baxımından fərq açıq-aydın hiss olunur. Amma futbolçulardakı istək və komandaların mübarizliyi baxımından I Divizion Premyer Liqadan daha üstündü.

- Oyunun sonlarına yaxın oyunçularda yorğunluq hiss olunurdu. Bu nə ilə əlaqədar idi?

- Bizim komandanın özəyini təşkil edən cəmi 11-12 futbolçumuz var ki, 4 gün ərzində keçirdiyimiz 2 oyunda da onların xidmətindən istifadə elədik. Qalan futbolçularımız çox gəncdilər və onları oyunlarda şans verə-verə komandaya qazandırmalıyıq. Yəni ola bilər ki, bu səbəbdən futbolçular bir qədər yorğun görünürdülər.

- Ölkə kubokunda püşk sizi “Sumqayıt” klubuna rəqib etdi. Ümumiyyətlə bu turnirə yanaşmanız necədi?

- Bizim bu il qarşımıza qoyulan məqsəd kollektivi formalaşdırıb növbəti mövsümə hazırlamaqdı. İndiki vəziyyətdə futbolçular 3 gündən bir oyuna tab gətirə bilmir, qaldı ki, kubok oyunlarına. Premyer Liqa klubları ilə oynamaq hər bir futbolçumuza yaxşı təcrübə, stimul olacaq və onlar bu oyunlardan sonra özləri üçün müəyyən edə biləcəklər ki, hansı dərəcədə hazırlıqlı olmalıdılar ki, belə komandalarla mübarizə apara bilsinlər.

- Bu il üçün hədəfiniz nədən ibarətdi?

- Hədəfimiz yaxşı komanda formalaşdırmaq, gənc futbolçuları ölkə futboluna qazandırmaqdı. Hazırda da bu yöndə işlər aparırıq.

- Fasilə dövründə heyəti genişləndirmək, yeni futbolçular cəlb etmək planlarınız var?

- Büdcəmizin bizə imkan verdiyi qədər heyəti genişləndirib, komandanı gücləndirmək istəyirik. Hal-hazırda bizə müəyyən büdcə ayrılıb ki, o büdcəyə görə də heyət formalaşdırmışıq. Gələcəkdə qarşımıza Premyer Liqaya çıxmaq məqsədi qoyulsa və bu məqsədə uyğun büdcə təyin olunsa, təbii ki, daha güclü futbolçuları da heyətimizə cəlb edə bilərik.

- Arif Əsədovun I Divizion klubu ilə anlaşması bir qədər təəccüblə qarşılandı. Çünki siz I Diviziondan gələn təkliflərə isti yanaşmadığınızı açıqlamışdız. “Sabah”la razılığa gəlməyinizə yəqin ki, hansısa müsbət məqamlar təsir göstərib. Sizi bu kluba gətirən əsas səbəblər nələr oldu?

- Bu klubun rəhbərliyinin tutduğu yol, perspektivli və uzunmüddətli bir layihəyə başlamaq istəmələri mənim seçimimə təsir göstərən ən əsas amildi. Onlar 2-3 il vaxt təyin ediblər ki, biz bu müddət ərzində komanda kimi formalaşıb, gələcəkdə Premyer Liqada layiqli şəkildə mübarizə apara bilək. İndi isə I Diviziondayıq və mümkün qədər turnir cədvəlinin üst pillələrində qərarlaşmağa çalışacağıq.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right