"Bu oyundan sonra daha yaxşı olacaq" - Meza Kolli

"Neftçi"nin futbolçusu Derlis Meza Kolli Azərbaycan Premyer Liqanın 7-ci turunda "İnter"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Nəhayət, "Neftçi” tilsimi qırdı və qələbə qazandı…

- Bundan əvvəlki 2 matçda da pis oynamamışdıq. Hətta deyərdim ki, qələbəyə layiq idik. Lakin buna nail ola bilməmişdik. Hər dəfə bunun üçün kiçik amillər çatmırdı. Lakin bu oyunda özümüzə inandıq və qələbə qazana bildik. Bu nəticədə məşqçi əməyi böyükdür. Çünki baş məşqçimiz bizə özünəinamı qaytarmaqda yardımçı oldu.
 
- Bu çatışmazlıq futbolçuların ustalıq səviyyəsindən qaynaqlanırdı, yoxsa ab-hava ilə bağlı idi?

- Demək olmaz ki, komanda yoldaşlarımın ustalıq səviyyəsi çatmırdı. Sadəcə, təlim-məşq toplanışında çox güclü rəqiblərlə oynadıq və məğlub olduq. Elə o toplanışdan pis ab-havada qayıtdıq, çempionata isə yaxşı başlaya bilmədik. Get-gedə əhval-ruhiyyəmiz pozulurdu. Qələbə və döyüş ruhunu qaytarmaq üçünsə bir qələbəyə ehtiyacımız var idi. Məncə, bu oyundan sonra daha yaxşı olacaq.
 
- Buna əminsiniz?

- Əlbəttə, öz üzərimizdə işləyirik, oyundan-oyuna səhvlərimizi düzəltməyə çalışırıq. Çalışırıq ki, bir oyunda etdiyimiz səhvi növbəti qarşılaşmada təkrarlamayaq. Komandanın üzvü kimi deyə bilərəm ki, əhval-ruhiyyəmiz gündən-günə daha yaxşılaşır, artıq bir ailə kimi formalaşırıq. Komanda yumruq kimi birləşəndə nəticələr də öz-özünə gəlməlidir.
 
- Azərbaycanda olduğunuz müddətdə karyeranızın ən yaxşı vaxtlarını "İnter”lə elə bu stadionda keçirmisiniz. Sonra "Qəbələ”də oynadınız, indi isə "Neftçi”dəsiniz. Bu üç klubu müqayisə edə bilərsinizmi?

- Oynadığım komandalara maksimum dərəcədə kömək etməyə çalışmışam. "İnter”dəki keçirdiyim günlər heç vaxt unudulmaz. Çalışacağam ki, "Neftçi”də də belə günlər yaşayım.
 
- "Qəbələ” karyeranız uzun olmadı. Baş məşqçi ilə yola getmədiniz, yoxsa...?

- Bu komandada olduğum günləri da yaxşı xatırlayıram. Heç vaxt unutmaram. Amma mən keçmişdən danışmaq istəmirəm. Orda olduğum zaman ölkədən yaxşı təklif aldım və bunu dəyərləndirməli oldum.
 
- Oyun zamanı Zaur Svanadze ilə qucaqlaşıb görüşdünüz. Buna qədər onunla görüşməmişdiniz?

- Onu görməmişdim. Uzun fasilədən sonra yenidən görüşdük. Həm ona, həm də əvvəlki baş məşqçimiz Kaxaber Sxadadzeyə hörmətim böyükdür. Ümumiyyətlə, birgə işlədiyimiz insanların hamısına hörmətim sonsuzdur. Hamısını yadımda saxlayıram.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right