İlk 16-lıq: Kim, indi, hardadı?

1992-ci ilin sentyabrı... Top atəşi altında olan ölkədə nəinki top oyunu, demək olar hər şey ikinci planda idi. Amma ordumuzun Qarabağda hücuma keçib, müdafiə olunduğu vaxtlarda da, eyni işi fərqli tərzdə görənlər var idi. Bu, futbol üzrə milli komandamız idi. Bəli, məhz 17 sentyabr 1992-ci ildə Azərbaycan yığması tarixində ilk oyununa çıxıb. İlk duel elə bizi kimi SSRİ-dən yenicə ayrılmış qonşu Gürcüstana qarşı olub. Səfərdə, Gürcaani şəhərində keçirilən matç yığmamızın məğlubiyyəti ilə yadda qalsa da, çətin ki, o vaxt kimsə buna görə üzüləydi. Əsas olan o idi, futbol xəritəsində də artıq Azərbaycan adına rast gəlmək mümkün olmuşdu. Hələ müstəqilliyinin 1 ili tamam olmayan ölkəmizin artıq yığma komandası var idi. İlk oyun, ilk 11-lik, ilk qol, cücərən ümidlər və...

Gürcüstan 6:3 Azərbaycan. Yoldaşlıq oyunu
Hakim: Quram Sepiaşvili

17.09.1992, Gürcaani, “David Kipiani” stadionu, 3000 tamaşaçı

30. David Xizilaşvili  (1:0), 42. Nazim Süleymanov (1:1), 48. David Xizilaşvili  (2:1), 52. Georgi Daraseliya (3:1), 69. Şota Arveladze (4:1), 71. (pen.) Kaxaber Qoqiçaşvili (5:1), 77. Vidadi Rzayev (5:2), 79. (pen.) Gia Cişkarani (6:2), 85. (pen) Nazim Süleymanov (6:3)

 

Yuxarıda(soldan sağa): Dimitri Kramarenko, Nazim Süleymanov (k), Aydın Ələkbərov, Emin Ağayev, Zaur Qarayev, Mahmud Qurbanov
Aşağıda (soldan sağa): Şahin Diniyev, Samir Ələkbərov, Vidadi Rzayev, Tərlan Əhmədov, Elşad Əhmədov

Həmin oyuna millini mərhum baş məşqçi Əhməd Ələsgərov çıxarmışdı. O Ələsgərov ki, artıq iki ildi ki, aramızda yoxdu. Amma onun həmin gün xidmətindən yararlandığı 16 futbolçu sağdı və bəziləri günü bu gün də Ələsgərov kimi məşqçilik edir, kimisi isə ümumiyyətlə futboldan, hətta ölkədən uzaqlaşıb:

Dimitri Kramarenko (42 yaş) - Uzun illər millinin şərəfini qorumuş qapıçı karyerasına 2013-cü ildə “Simurq”da son qoyub. Onun Azərbaycanda sonuncu iş yeri “Neftçi” olub. Kramarenko 2 ay əvvəl ailəvi səbəblərə görə “ağ-qaralar”dan ayrılıb. Hazırda Moskvanın ÇSKA klubunda aşağı yaş qrupları üzrə məşqçi vəzifəsində çalışır.

 

Aydın Ələkbərov (51 yaş) – Karyerasını başa vurduqdan sonra da bir müddət yaşıl meydanlarda qalan Ələkbərov hakimlik etdi. O, hazırda Kazbek Tuayevin idman futbol məktəbində məşqçi işləyir.

 

Elşad Əhmədov (47 yaş) – Karyerasnı uzun müddət əvvəl başa vursa da, hazırda sevimli peşəsi ilə məşğuldu. O, 8 ildi ki, fasilələrlə “Neftçi”nin əvəzedici komandasına məşqçilik edir. Bu müddətdə hətta Əhmədov cari mövsüm “ağ-qaralar”ın əsas komandasına da 2 oyunda rəhbərlik edib. Amma yuxarıda qeyd etdiyimiz kimi sentyabrın 11-də Tərlan Əhmədovun əsas komandaya məşqçi təyin edilməsindən sonra Elşad bəy əvvəlki işini davam etdirir.

 

Tərlan Əhmədov (45 yaş) – 1992 – 2005-ci illər aralığında millinin formasını geyinən Əhmədov futbolçu karyerasına 2009-cu ildə “Olimpik”də başa vurub. Daha sonradan məşqçiliyə başlayan sabiq kapitan “Xəzər Lənkəran” və “Neftçi”də köməkçi məşqçi işləyib. Əhmədovun sonuncu iş yeri AZAL olub. 2014-cü ildən bu ilin mayına kimi bu komandaya rəhbərlik edib. Şüvəlan klubu dağıldıqdan sonra bir müddət işsiz qalan Əhmədov sentyabrın 11-dən etibarən “Neftçi”nin yeni baş məşqçisi olub.

 

Zaur Qarayev (49 yaş) – O da hazırda işsizdi. Qarayevin sonuncu iş yeri AFFA-da olub. Burada Elit məşqçilər layihəsində 4 il işləsə də, sonradan ixtisara düşdü. Hazırda Mingəçevirdə yaşayır.

 

Emin Ağayev (44 yaş) – 1993-cü ildən Rusiya çempionatında çıxış edən müdafiəçi 2010-cu ildə Tver “Volqa”sında karyerasını başa vurub. Daha sonra müxtəlif komandalarda məşqçilik edib, indi uşaq futbolu üzrə mütəxəssisdi.

 

Şahin Diniyev (51 yaş) – Karyerasına 1998-ci ildə son qoyan Diniyev artıq uzun illərdi ki, məşqçi kimi fəaliyyət göstərir. Bir müddət milli komandanı da çalışdıran Şahin bəy 2015-ci ildən “Kəpəz”in sükanı arxasındadı. Maraqlıdı ki, o, müvəqqəti olaraq 1 oyunluq həvalə edilən Mahmud Qurbanov və Nazim Süleymanovu nəzərə almasaq yığmamıza təyin edilən sonuncu yerli məşqçidi.

 

Mahmud Qurbanov (44 yaş) – Azərbaycanda demək olar ki, əksər klublarda çıxış edən Qurbanov karyerasını 2012-ci ildə “Sumqayıt”da bitirdi. Elə o vaxtdan məşqçiliyə başlayan Mahmud bəy “Tərəqqi” və “Kəpəz”in baş məşqçisi kimi də fəaliyyət göstərib. Daha sonra müxtəlif yaş qrupları üzrə yığma komandalarda çalışan Qurbanov hazırda əsas millidə baş məşqçi Robert Prosineçkinin köməkçilərindən biridi.

 

Vidadi Rzayev (50 yaş) – Millimizin ilk matçında qol vuran digər futbolçu da “Vidoş”du. 2001-ci ilə kimi millidə çıxış edən Rzayevin futbolçu karyerası uzun olub. İstedadlı yarımmüdafiəçi 2007-ci ildə 40 yaşında yaşıl meydanlarla vidalaşsa da, hazırda futbolun içindədi. O, “Kəpəz”də köməkçi məşqçi kimi çalışır.

 

Nazim Süleymanov (52 yaş) – Millini gürcülərlə oyuna kapitan kimi çıxaran Süleymanov həm yığma komandamızın tarixində ilk qolun müəllifi kimi adını birdəfəlik həkk etdirib. Həmin qarşılaşmada dubl edən Süleymanov 1999-cu ilə kimi millimizin şərəfini qoruyub. Alaniya “Spartak”ı ilə Rusiya çempionu olmağı bacarmış sabiq hücumçunun son iş yeri 19 yaşlılardan ibarət yığmamız olub. Hazırda isə işsizdi.

 

Samir Ələkbərov (48 yaş) – Dönəmin AFFA prezidenti Fuad Musayevin də bir müddət futbolsuz qoyduğu Samir bəy karyerasına 2001-ci ildə indiki “İnter”in sələfi olan “Xəzər Universiteti”ndə son qoyub. Ona da eynən Tərlan Əhmədov kimi bir neçə gün əvvəl yeni iş həvalə edilib. Ələkbərov 21 yaşlılarmızdan ibarət yığmamızın baş məşqçisidi.

 

 

Oyuna sonradan daxil olanlar

Elxan Həsənov (50 yaş) – 2009-cu ildə “İnter”də karyerasını bitirən Həsənov bu gün də göz önündədi. Hazırda diqqət mərkəzində olan “Qarabağ”da çalışır. O, artıq 8 ildi ki, Ağdam klubunda qapıçılarla işləyən məşqçidi.

Vüqar İsmayılov (46 yaş)  – Hazırda Türkiyədə yaşayan Vüqar bəy futboldan uzaq qalıb. İsmayılov qardaş ölkədə biznesi ilə məşğuldu. Təəssüf ki, çoxsaylı cəhdlərmizə baxmayaraq, Vüqar bəy şəklini göndərmədi. 

 

Elman Sultanov (43 yaş) – 10 ilə yaxındı ki, karyerasını qutaran Sultanov bir müddət məşqçiliklə də məşğul oldu. O, ötən mövsüm yeni yaranmış “Səbail”i Premyer Liqaya çıxarsa da, postundan getməli olmuşdu. Buna baxmayaraq, Sultanov hazırda Bayıl təmsilçisinin əvəzedici komandasında fəaliyyət göstərir.

Kamil Bayramov (45 yaş) – Hazırda Rusiyada “OİK-Rostov” klubunda əvəzedici komandanın baş məşqçisidi. Bundan başqa, Bayramov Milli Tələbə Futbol Liqasında da komanda çalışdırır. O, artıq 20 ilə yaxındı ki, ölkəni tərk edib.

 

Əhməd Ələsgərov (1935 - 2015) – 1992-ci ildə yığmanı ilk oyununa çıxaran mərhum məşqçini bu postda Ələkbər Məmmədovun rəhbərlik etdiyi məşqçilər korpusu əvəzləyib. Yığmada 2-ci dəfə 90-cı illərin sonunda çalışan Ələsgərov milli komandadan ayrıldıqdan sonra qısa müddətdə “Neftçi” və “Bakı”ya rəhbərlik edib. Mütəxəssis ömrünün son illərində işləmirdi. Ukraynanın Odessa şəhərində yaşayan Ələsgərov 2015-ci ildə 79 yaşında vəfat edib və elə orada da dəfn edilib.

 

Futbolçularımız karyerasını başa vurduğu kimi deyəsən, matçın keçirildiyi “David Kipiani” adına stadion da öz “karyera”sını yekunlaşdırıb. Ən azı bunu arenanın şəklindən görmək mümkündü...

 

Futbol11.az / ELMAR ABDULLA-ZADƏ 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right