Kamran Quliyev: "Bu, artıq onlara xəyanətdi"

"Sumqayıt"ın prezidenti Kamran Quliyev Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində baş tutan "Sumqayıt" - "Neftçi" (1:0) oyunundan sonra Newsport.az saytına müsahibə verib.

- "Sumqayıt" meydanda daha istəkli idi. Siz belə düşünmürsünüz? 

- ki ardıcıl məğlubiyyətdən sonra, təbii ki, komanda oyuna istəkli çıxmalı idi. Milli komandaların oyununa görə çempionatda yaranan fasilədən maksimum istifadə etdik, komandamız özünə gəldi. Məğlub olduğumuz oyunlarda da komandamız pis oyun sərgiləməyib. Kaş ki, ikinci hissəni də birinci hissədəki kimi keçirərdik. Bəli, komandada istək çox idi, qələbə qazanmalı idik. 

- Hücumlar var, futbolçular bir-birini yaxşı başa düşürlər. Amma son nöqtəni qoymaqda bir qədər çətinlik çəkirsiniz. 

- Bəli, bu, problemdi. Özü də bizdə qol vurmağı bacaran futbolçular çoxdur. Amil Yunanov, Cavid İmamverdiyev və Rəşad Eyubov kimi qol duyumu olan futbolçularımız var. Amma qol epizodlarını sağa-sola xərcləyirik. Bu problemin üzərində işləmək lazımdır. 

- "Sumqayıt" Avropa Liqasına vəsiqə qazanacaq komandalar siyahısında göstərilir. Sizcə, daha da güclü olmaq üçün bir neçə legioner futbolçu transfer etmək düzgün olmazmı?

- Ötən il çempionatın son turlarına yaxın Avropa Liqasına iddialı komandalardan biri idik. Əgər Avropa Liqasına vəsiqə qazansaq, yəqin ki, klubun sahibləri bizə legioner futbolçu transfer etməyə icazə verəcəklər. 

- Düşünmürsünüz ki, "Sumqayıt" "Neftçi"yə qarşı xüsusi motivasiya ilə oynayır?

- Xeyr. Əvvəlki oyunlra necə çıxmışdıqsa, bu oyuna da eyni istəklə, həvəslə çıxmışdıq. Bu qədər azarkeş bizi dəstəkləyirsə, necə oynamalıyıq? İstəksiz oynamaq artıq onlara xəyanətdi. 

- Azarkeşlər tribunalarda oturmağa yer tapmırlar, oyunu stadionun kənarından izləyirələr. Yaxın zamanlarda qarşı tərəfdə tribuna inşa edilməsi nəzərdə tutulub?

- Bu barədə danışmaq istəmirəm. Təbii ki, biz azarkeşləri düşünürük və onlar üçün hər şeyin yaxşı olmasını istəyirik. Amma indiki vəziyyət belədi. Hələlik bu məsələ ilə bağlı konkret söz deyə bilmirəm. 

- Bəs Mehdi Hüseynzadə adına stadionun təmiri ilə bağlı hansı yenilik var?

- Kluba aid olmayan məsələdir. Amma son məlumat belədir: hansısa irəliləyiş yoxdur. Müxtəlif tarixlər səslənirdi, təmir işlərinin iyun ayında start götürəcəyi iddia edilirdi. Lakin hazırda yenilik yoxdur.   

- Burada Qəbələdəki kimi portativ oturacaqlar da qoymaq mümkün deyil?

- Düşünürəm ki, o, çarə deyil. Bildiyim qədərilə dediyiniz portativ oturacaqları 2 və ya 3 sıra qoymaq olar. Ondan artıq yerləşdirmək isə təhlükə yaradır. Yəni, bu, müvəqqəti bir şeydir. Baş ağrıyanda dərmanla sakitləşdirdiyimiz kimi, bu da ona oxşar bir şeydir. Normal bir tribuna olsa, daha yaxşı olar. Azarkeşlər bunu haqq edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right