Kiçik rayonun futbol dərdi YAZI

Alaq basmış bostanı xatırladan meydan, torsuz qalmış «çılpaq» qapılar, mal damını xatırladan soyunub-geyinmə otaqları… İşğaldan azad olunan məkanı xatırladan görüntü. Bir hüzn çöküb sanki üzərinə. Atılmış, kimsəsiz, yiyəsiz kimi. Xaçmaz şəhər stadionunun hazırki durumu belədir. Əslində, bura stadion demək doğru olmaz. Görmüşük ki, stadionun tribunası olar. Burada isə tribunadan əsər-əlamət yoxdur. Uzaqdan məşqçinin səsi gəlir - “ötürmə ver”, “sol ayağınla vur”, “iki komandaya bölüşün”... Fikrimi bir az da cəmləyib, baxıram. Gözümə az qala özü boyda olan otların arasında rəngarəng “futbolkalar”la böyük arzuları, xəyalları üçün top qovan uşaqlar sataşır...

 

 

Xarabaya dönmüş stadion

 

Xaçmaz futbolu ilə tanışlığı şəhər stadionundan başlamağı planlaşdırmışdıq. Biz ora çatanda 7-13 yaşlı uşaqlar iki qrupda məşq keçirdilər. Ronaldo, Messi və digər məşhurların adları yazılmış futbolkalarda top qovan uşaqlara mane olmamaq şərtilə stadionla tanış olduq. Yalnız futbol qapılarının olması «bostan»ın nə vaxtsa meydan, paltar asmaq üçün divarlarına mismarlar vurulmuş «mal damı»nın isə «razdevalka» olmasından xəbər verirdi. Otaqların hər ikisi bərbad durumda idi. Pəncərələrinin şüşəsi olmayan, qapıları qırılmış otaqlardan onsuz da istifadə olunmur. Çünki natəmizlik bir yana, stadionda işıq və qaz yoxdur. Borcdan kəsilib. Uşaqlar əyinlərini meydanın kənarında olan skamyalarda dəyişirlər. Sanitar qovşaqdan isə danışmağa dəyməz. Çünki ora yaxın getmək hər oğulun işi deyil.

 


İndi baxımsızlıqdan dağılmış bu stadion bir vaxtlar şəhər sakinlərinin ən sevimli yerlərindən olub. Ötən əsrin 50-ci illərində inşa edilən Xaçmaz şəhər stadonunda SSRİ dövründə respublika əhəmiyyətli yarışlar keçirilib. Sonuncu dəfə burada azarkeşlər təxminən 10 il əvvəl həvəskarlar liqasında çıxış edən komandalarına azarkeşlik ediblər. O vaxtdan «xarabalaşma» prosesi başlayıb. Bu stadion şəhərdə yeganə olmayıb. İmperiya vaxtı Xaçmazda Konserv Zavodunun da stadionu var imiş. Daha bir stadion isə 80-ci illərdə şəhərin mərkəzində salınıbmış. Lakin bir neçə il əvvəl həmin stadion sökülüb. Yerində isə məktəb inşa edilib və yol salınıb. 
Şəhər stadionunun rəhbərliyi ilə görüşmək mümkün olmasa da, direktor Ceyhun Əlifovla əlaqə saxlayıb bəzi məlumatlar ala bildik. Məlum oldu ki, stadion «Məhsul» Gönüllü İdman Cəmiyyətinin balansındadır. 3 işçisi var. Direktordan başqa mühasib və gözətçi. Düzü, gözətçinin nəyi qoruduğu bizə çox maraqlı gəldi. Axı, stadionda qorunmalı nəsə qalmamışdı. Ceyhun müəllim stadionun hazırki durumunun fərqinə vardıqlarını bildirməklə yanaşı, maliyyə ayrılmadığı üçün təmir işlərinin aparılmadığını söylədi. Şəhər sakinləri ilə söhbət zamanı bu gedişlə stadionun təmir olunmayacağını öyrəndik. Çünki idman qurğusunun ləğv olunması gündəmdədir. Şəhər İcra Hakimiyyəti və nazirliklərdən bir neçəsi ərazini balansına keçirməkdə maraqlıdır. Bu barədə isə Ceyhun müəllim hansısa məlumatının olmamasını söylədi.

 

Futbol tarixi bəsit olan rayon

 

Xaçmaz kiçik rayondur. Ərazisi 1046 kv.km-dir. Əhalisi də o qədər çox deyil. Haradasa, 160 mindən bir qədər artıq. SSRİ dövründə müxtəlif vaxtlarda Xaçmazda «Lokomotiv», «Şərabçı», BMK, «Xudat», «Xaçmaz» komandaları fəaliyyət göstərib. Əsasən respublika miqyaslı yarışlarda çıxış edən həmin komandaların ən böyük uğuru Azərbaycan çempionatında çıxış olub. O da uzaq 1976 və 1978-ci illərdə. Müstəqillik qazanıldıqdan sonra cəmi 1 mövsüm I Divizionda Xaçmazın komandası çıxış edib. 1993/94-cü illər mövsümündə 1-ci dəstənin B qrupunda yarışan «Şərabçı» Bakıdan çağırılmış nisbətən təcrübəli futbolçular hesabına 18 oyunda 17 xal toplayaraq (8 qələbə, 1 heç-heçə, 9 məğlubiyyət, top fərqi 28-25) 6-cı yeri tutub. Həmin mövsüm Azərbaycan Kubokunda da çıxış edən «Şərabçı» 1/32 finalda «Zabrat»a hər iki oyunda məğlub olaraq mübarizəni erkən dayandırıb – 0:2, 0:1. Ondan sonra ölkə çempionatlarında Xaçmaz təmsilçisini gördüm deyən olmayıb. Yalnız 10-12 il əvvələ kimi həvəskarlar liqasında rayonun təmsilçisi çıxış edib. Rayonun sabiq icra başçısı Rafiq Niftəliyevin dövründə rayonda futbola az-çox şərait yaradılsa da, 2004-cü ildə Şəmsəddin Xanbabayevin icra başçısı təyin olunmasından sonra rayon rəhbərliyi futbola maraq göstərməyib. Nəticədə stadion bərbad duruma düşüb, hətta rayonun həvəskar komandası fəaliyyətini dayandırıb.

 

Xaçmaz futbol rayonu kimi tanınmır. Bu, o anlama gəlmir ki, rayonda futbol adına hər şey məhv edilməlidir. Axı, rayonda futbolu sevən minlərlə uşaq və gənc var. Onların arasında istedadı ilə seçilənlər az deyil. Yeri gəlmişkən, onlar haqqında bir qədər sonra bəhs edəcək, biri ilə tanış olacağıq. Digər tərəfdən ölkədə idmanın inkişafı dövlət siyasətinin bir hissəsidir. İdman, xüsusilə də futbol gənc nəslin təlim-tərbiyəsində, sağlam böyüməsində əvəzsiz rol oynayır. O halda rayonda futbolun bu günə düşməsində maraq nədir?

 

Uşaq futbolunda da vəziyyət ürəkaçan deyil

 


Azərbaycanın hər bir rayonunda olduğu kimi Xaçmazda da Uşaq-Gənclər İdman Məktəbi fəaliyyət göstərir. Məktəbin fəaliyyəti, əsas da futbol bölməsi haqqında sırf təsadüf nəticəsində tanış olduğumuz İqrar İsmayılovdan məlumat ala bildik. İqrar müəllim Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Xaçmaz UGİM-nin tədris-hissə müdiridir. «Zavuç»la söhbət zamanı UGİM-də futbolla yanaşı bir neçə bölmənin olduğunu öyrəndik. Bizi daha çox futbol maraqlandırdığından keçmiş cüdoçu ilə bu sahə haqda danışdıq. İqrar müəllimin sözlərinə görə, hazırda futbol bölməsində bir neçə yaş qrupu üzrə komandalar var. Bu komandalarda 8-13 yaşlı 200 civarında uşaq futbolla məşğul olur. Balacalara məktəbin futbol məşqçiləri məşq keçirlər. Onların sayı isə 12-dir. Aralarında bir neçəsinin kateqoriyası var. Məşqlər bir neçə stadionda – Çingiz Abdullayev adına 2 saylı məktəbin (Çingiz Abdullayev futbolçu olub, Qarabağ döyüşlərində həlak olub – İ.T.), bayaq haqqında bəhs etdiyimiz şəhər stadionunun, Həsənqala kənd orta məktəbinin, Xudat qəsəbə məktəbinin və digər təhsil ocaqlarının meydanlarında tədris proqramına uyğun keçirilir. Başqa sözlə, qruplar uşaqların yaşadıqları ərazilərə görə təşkil olunub və həmin ərazinin məktəblərinin meydanlarında məşq edirlər. Uşaqlar il ərzində Təhsil Nazirliyinin və AFFA-nın verdiyi formalar və toplarla təmin olunur, ildə 2 dəfə rayon xəstəxanasında tibbi baxışdan keçirlər. UGİM-nin komandaları AFFA bayrağı altına təşkil olunan yarışlarda Şimal regionunda (Quba) iştirak edirlər. Ötən mövsüm zona yarışlarında 2006-07-ci il təvəllüdlü futbolçulardan ibarət komanda çempion olub, 2004-05-ci il təvəllüdlü futbolçulardan qurulmuş komanda isə 3-cü yeri tutub. Respublika üzrə nəticələr isə ürəkaçan deyil. Sonuncu mövsüm rayonun heç bir komandası respublika çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib. Xaçmazda futbolun real durumunun acı nəticəsi… UGİM-dən başqa rayonun «Xudat» və «Yalama» adlı komandaları da respublika birinciliyində çıxış edirlər. Hər 3 komanda bütün oyunları Quba şəhərində keçirir. Özü də ən böyük yaş qrupu U-14-dür. Daha böyük yaş qruplarına rast gəlmək mümkün deyil. Səbəbini İqrar müəllimdən soruşmağa ehtiyac duymadıq. U-15 liqasından etibarən komandalar respublika üzrə rayon və şəhərlərə səfər edirlər ki, bunun üçün də az xərc tələb olunmur. UGİM-nin isə buna imkanı çatmır.

 

Olimpiya İdman Kompleksinin meydanından niyə istifadə olunmur?

 

 
Yazının bura kimi yazılan hissəsini oxuduqda elə təəssürat yaranır ki, dövlət Xaçmazda idmanın inkişafı üçün heç nə etmir. Əslində, belə deyil. 2013-cü il iyulun 19-da Prezident İlham Əliyev Xaçmaz Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Kompleksdə uşaq və gənclərin futzal, basketbol və voleybolla məşğul olmaları üçün idman zalı, həmçinin, güləş, aerobika, trenajor zalları, mini-futbol meydançası və futbol meydanı da var. Özü də futbol meydanı təbii örtüklüdür. Təəssüf ki, zallar və meydanlar təyinatı üzrə istifadə olunmur. Bunu gənc futbolçuların valideynlərindən eşitdik. Adının açıqlanmasını istəməyən valideynlərdən biri narazılığını gizlətmədi: «Xahiş edirəm, adımı yazmayın, işimdən ola bilərəm. Oğlum neçə ildir ki, futbolla məşğul olur. Məşq etdikləri şəraiti gördünüz. Xaçmazda normal stadion ola-ola uşaqların elə yerdə məşq keçmələri cinayətdir. Kompleksin gül kimi stadionu var. Amma orada məşq keçməyə icazə vermirlər. Daha doğrusu, pul istəyirlər. Uşaqlar üçün tikilən mini-futbol meydançası saatı 20-30 manata böyüklərə icarəyə verilir. Məgər dövlət həmin stadionu pul yığmaq üçün tikib? Əlbəttə, yox. Tikib ki, övladlarımız normal məşq keçsinlər».

 

Xaçmaz Olimpiya İdman Kompleksinə baş çəkdik. Məqsədimiz vəziyyətlə yerindəcə tanış olmaq idi. Əsas meydana nəzər saldıqda hiss olunurdu ki, ora uzun müddətdir ki, istifadəsiz qalıb. Ot örtüyünün tapdanmaması bunu deməyə əsas verirdi. İlk baxışdan qaydasında olan mini-futbol meydançası isə… 

 

Kompleksin rəhbərliyi ilə görüşmək istəyimiz baş tutmadı. Direktor Rafiq Zülfüqarov yerində yox idi. Əvəzində Bakıya döndükdən bir neçə gün sonra Rafiq müəllimlə əlaqə saxlaya bildik. O, haqlarında deyilən ittihamların əsassız olduğunu, kompleksin futbol meydanlarının uşaqların istifadəsinə havayı verməyə hazır olduqlarını da bildirdi: «Olimpiya İdman Kompleksində olimpiya idman növləri üzrə məşqlər pulsuzdur. Yəni, kimdənsə pul tələb etməyimiz yalandır. Kompleks istifadəyə veriləndən buranın rəhbəriyəm. İndiyə kimi belə hal olmayıb və gələcəkdə də olmayacağına sizi əmin edirəm. O ki qaldı mini-futbol meydançasına görə 20-30 manat almağıza… Aydınlıq gətirim. Doğrudur, böyüklər müəyyən ödəniş etməklə orada futbol oynayırlar. Amma sizin eşitdiyiniz kimi 20-30 manata deyil, saatı 15 manata. Bu pulu almağımızın səbəbi var. Kompleks təsərrüfat hesablıdır, oyunlar zamanı işıqdan, sudan istifadə olunur. Həmin məbləğ istifadə olunan işıq və su üçün ödənilir. Təxminən 2 il əvvəl meydanlar uşaqlara təmənnasız istifadəyə verilmişdi. Hətta 13 yaşlı qızlardan ibarət komanda burada məşq keçirdi. Sonradan nəticə olmadığından həmin komanda ləğv olundu. Bu gün kompleksdə futbol məşqlərinin keçirilməməsi faktı doğrudur. Amma bu, bizim günahımız deyil. Çünki heç kim meydanlardan istifadə ilə bağlı bizə müraciət etməyib. Əgər belə müraciət olarsa, uşaqların məşq keçmələri üçün qrafikə uğyun vaxt ayırmağa hazırıq».

 

Yeganə ümid yeri…
 

 
Az əvvəl Xaçmaz UGİM-lə yanaşı «Xudat» və «Yalama» komandalarının da respublika birinciliyində iştirak etdiyini bildirdik. Hər iki komanda ilə tanış olmaq istəsək də, vaxt azlığı, əsas da komandaların məşqlərə başlamadıqlarını öyrəndikdən sonra fikrimizdən daşınmalı olduq. Bu komandalar haqqında başqa vaxt… İndi isə Xaçmazda gənc və perspektivli futbolçuların üzə çıxmasında böyük rolu olan «İnter» Futbol Klubunun (klubun adı «Keşlə»yə dəyişdirilsə də, «İnter»dən istifadə etməyi lazım bildik – İ.T.) Xaçmaz rayon filialı haqqında bəhs edək. Filialın rəhbəri Zöhrab Mahmudov 1954-cü ildə Dağıstanda anadan olub. Uşaq ikən ailəsi Xaçmaza köçüb. Orta təhsilini Xaçmazda alıb, daha sonra Lvovda Bədən Tərbiyəsi İnstitutunu bitirib. Uşaq vaxtından könlünü futbola verən Zöhrab Mahmudov gəncliyində Xaçmaz komandalarının şərəfini qoruyub. Bir ara hərbi xidmətlə əlaqədar Polşanın MOİK komandasında da çıxış edib. Dediyinə görə, 50 yaşına kimi həvəskar səviyyədə olsa da, futbol oynayıb. 1976-cı ildən həm də məşqçi işləyir. Uzun müddətdir UGİM-də çalışır. 10 il əvvəl «İnter»in bu rayonda filialının açılmasına nail olub: «Əlimdə bir neçə istedadlı uşaq var idi. Onları Bakıya apardım. Məqsədim həmin uşaqları Bakı klublarının akademiyalarına vermək idi. Əvəzində Xaçmazda hansısa klubun filialının təşkilinə nail olmaq istəyirdim. «Bakı», «Neftçi», «Olimpik» və digər klubların uşaq futbol məktəblərinin rəhbərləri ilə görüşdüm. Tələbələrimi bəyənsələr də, filialın açılması onlar üçün maraqlı olmadı. «İnter» isə bu işə həvəslə girişdi. Artıq 10 ildən çoxdur ki, Xaçmazda bu klubun filialı fəaliyyət göstərir. Filialda 2 məşqçi – mən və oğlum Rəcəb Mahmudov «İnter» üçün futbolçu hazırlayırıq. Klub məşq keçdiyim uşaqları idman geyimləri və toplarla təmin edir. Biz isə hər il bir neçə istedadlı futbolçunu akademiyaya göndəririk». 

 

Zöhrab müəllimin 20-dən çox yetirməsi hazırda «İnter»in futbol məktəbində futbolun sirlərinə yiyələnirlər. Onlardan bir neçəsi müxtəlif yaş yığmalarımızın üzvləridir: «Burada mənim məşq keçdiyim uşaqların hamısının «İnter»lə müqaviləsi var. Onlardan ən yaxşıları Bakıdadırlar, klubun müxtəlif yaş qruplarında çıxış edirlər. Qapıçı Əkbər Vəliyev «İnter»in əvəzedici komandasının üzvüdür. U-16 komandasında 5 yetirməm var. Onlardan Şirin Şirinov və Fərid Muxtarov U-16 yığmasına cəlb olunurlar. 20-ə yaxın xaçmazlı uşaq isə «İnter»in daha aşağı yaş qruplarındadı. Tələbələrimdən hazırda I Divizion komandalarında oynayanlar da az deyil, Tural Cəlilov Premyer Liqada çıxış edən «Kəpəz»in futbolçusudur. Daha biri isə yığma komandamızın üzvüdür. Qızlardan ibarət yığmamızın üzvü Süsən Mövsümzadəni nəzərdə tuturam…»

 

Zöhrab müəllim «İnter»in rayon futbolu üçün etdiklərindən ağızdolusu danışdı. Yeganə gileyi məvaciblərinin gecikməsindən idi ki, o da Xaçmaza səfərimizdən bir neçə gün sonra həllini tapdı.
 
Zöhrab müəllimdən məşq keçdiyi uşaqların xarici klubların formalarında məşq etmələrinin səbəbini də soruşduq. Axı, az əvvəl «İnter»in uşaqları idman geyimləri ilə təmin etdiyini söyləmişdi. Təcrübəli mütəxəssisin cavabı belə oldu: «Bir neçə gün əvvəl «İnter»in koordinatoru Rövşən Babayev Xaçmaza gəlmişdi. Özü ilə xeyli top və forma gətirmişdi. Özünüz də şahidi oldunuz ki, uşaqlar təzə toplardan istifadə edir. Formalar isə 1-2 günə paylanacaq. Sadəcə, ölçülərini dəqiqləşdirmək qalıb».

 

Xəyalın xəyalları
 
Xaçmaza səfər zamanı rayon mərkəzindən 13 km məsafədə yerləşən Ağyazı Buduq kəndinə də baş çəkdik. Məqsədimiz 2015-ci ildə Azərbaycan – ABŞ əməkdaşlığı çərçivəsində inşa edilmiş mini-futbol meydançasının vəziyyəti ilə tanış olmaq idi. Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə layihəsi çərçivəsində salınmış meydança  və yanındakı futbol meydanı bir növ Xaçmaz şəhər stadionunun meydanını xatırladırdı. Bələdçimiz olan kənd sakini Vidadi Əliyevin sözlərinə görə, bu meydança həm kənd sakinləri, həm də futbolla maraqlanan uşaqlar üçün böyük hədiyyə olub: «Yeganə çatışmazlıq meydançanın torpaq örtüklü olmasıdır. Yağışlı, qarlı havada burada futbol oynamaq çətin olur. Amma heç olmamaqdansa, bu yaxşıdır». Vidadi Əliyevin sözlərinə görə, 2-3 il əvvəl kənddəki futbol meydanının ləğv olunması təhlükəsi yaranmışdı. Kənd sakinlərinin etirazından və yeni mini-futbol meydançasının salınmasından sonra bu təhlükə aradan qalxdı. Bu gün Ağyazı Buduq kəndinin ayağı top tutanları tez-tez burada futbol oynayırlar. Vidadinin 13 yaşlı oğlu Xəyal da həmçinin. Hansı ki, yazının gedişində onun haqqında bəhs edəcəyimizi bildirmişdik.

 


Xəyal Əliyev 2004-cü ildə Ağyazı Buduqda anadan olub. Evlərinin yaxınlığındakı futbol meydanı lap körpəliyindən onun ən sevimli yeri olub. Futbola hədsiz həvəsinin olduğunu görən atası Vidadi Xəyalı Xaçmaza, Zöhrab müəllimin yanına aparıb. Bir müddət burada futbolla məşğul olan balaca Xəyal 2013-cü ildə «Mançester Yunayted» Yay Futbol Məktəbinin layihəsinin qaliblərindən biri olub. Özü də Xəyal bu uğura imza atan yeganə xaçmazlı deyil. 2 il əvvəl Zöhrab müəllimin daha bir tələbəsi Elmar Əzizov da «Mançester Yunayted»in qaliblərindən biri olub. 2 il əvvələ kimi «İnter»in Futbol Məktəbində məşq edən Xəyal Əliyev hazırda AFFA-nın nəzdində olan «Mançester Yunayted» məktəbinin U-14 komandasının üzvüdür. Ən böyük arzusu yığma komandamızın şərəfini qorumaq və Avropanın tanınmış komandalarından birində oynamaqdır. Atasının arzusu isə…

 

 

Vidadi bəyin ən böyük istəyi Xəyalın peşəkar futbolçu kimi yetişməsinə nail olmaqdır: «Bu yolda hansı əziyyətləri çəkirik, bir biz bilirik, bir də Allah. Xəyal futbolla təzə-təzə məşğul olanda həftədə 3-4 dəfə onu rayon mərkəzinə məşqlərə aparıb-gətirmək lazım olurdu. Sonradan «İnter»lə müqavilə bağladım. 2-3 il hər şənbə-bazar Bakıya – oyunlara getməli olduq. «İnter»də vəziyyət pisləşəndə, məcbur olub oğlumu «Rəvan»a apardım. «Rəvan» Xəyalın qalmasını, yeməyini, təhsilini üzərinə götürmüşdü. Övladımın Bakıda valideyn nəzarətindən uzaq düşməsinin onun təlim-tərbiyəsinə, təhsilinə mənfi təsir göstərəcəyini düşünüb bir müddət sonra özüm də Bakıya getdim. Burada təsərrüfatla məşğul olurdum. Hər şeyi, o cümlədən oğlumun təhsilini, rahatlığımızı Xəyalın futbolçu karyerasına qurban verdim. Hazırda Bakıda kirayədə qalırıq. Kirayə və yemək pulunu məktəb ödəyir. Oğlum təhsilini Bakıda davam etdirir. Məqsədim övladımı arzusuna çatdırmaqdır. Nə qədər çətin olsa da…» 

 

 

Xaçmaz futbol rayonu kimi tanınmayıb. Rayonda futbola olan biganə münasibətə rəğmən yaxın gələcəkdə heç tanınması da gözlənilmir. Bəlkə gələcəkdə Xəyalın timsalında bu gün əzab-əziyyətlə futbolçu olmaq arzusu ilə alışıb-yanan uşaqların sayəsində bu fikir dağıla. Bunu zaman göstərəcək. Gəldiyimiz qənaət isə bundan ibarətdir ki, Xaçmazda idmana, xüsusən də futbola münasibət fərqli olsaydı, tamam başqa mənzərə ilə rastlaşardıq. Azından Xəyala, atasına, digər istedadlara, Zöhrab müəllimə ürəyimiz yanmazdı.

 

İlqar TAĞIYEV
(Bakı-Xaçmaz-Bakı)
«Het-trik news» qəzeti





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right