"Sürpriz transfer ola bilər" - Tahir Gözəl

Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə “Neftçi”yə qalib gələn (3:1) “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl oyundan sonra Newsport.az-ın suallarını cavablandırıb.
 
- Çempionatda ilk oyunumuz idi. Bu qələbə bizə əlavə güc verdi.  Avrokubklar üçün motivasiya oldu. Əminəm ki, zaman keçdikcə güclənəcəyik. Dani Kintananın zədələnməsinə üzüldüm. Sabah onu müayinə edəcəyik. Yəqin ki, 1 ay yarım sonra komandaya qoşular. İnşallah yanılaram və onun zədəsi yüngül olar. Optimist düşünürəm.
 
- Meydanda ancaq “Qarabağ” var idi...
- Onu deməzdim. “Neftçi” də yaxşı oynadı. “Neftçi” hər zaman güclü olub. Belə davam etsələr, stabil komanda olacaqlar.
 
- “Qarabağ” ÇL-in pley-off mərhələsində “Kopenhagen”lə oyunda qol buraxmadan qalib gəlmək istəyəcək...
- Ən böyük ümidimiz də elə budur. “Qarabağ”ın gözəl oyunlarını çox görmüşük. Bütün ümidimi Bakıya bağlamıram. Komandamıza inanıram. “Kopenhagen”ə Bakıda çətin olacaq.
 
- “Qarabağ” minimum qışa qədər avrokuboklarda oynayacaq. Heyətə legioner futbolçu cəlb ediləcək?
- Söz-söhbət gedir. Ad verə bilməyəcəm. Avropada danışıq apardığımız oyunçular var. Sürpriz transfer də ola bilər. Ətraflı danışmaq istəməzdim.
 
- Sürpriz dedikdə tanınmış futbolçu nəzərdə tutursunuz?
- Xeyr, belə deməzdim. Ancaq bizim axtardığımız oyunçu olacaq. “Qarabağ”ın keyfiyyətli legionerləri olub. Ümid edirik ki, yeni oyunçumuz da onlar kimi olacaq.
 
- Kintananın zədə alması yeni transferi sürətləndirəcək?
- Bununla əlaqəsi yoxdu.
 
- Azərbaycan əsilli Ramil Quliyev Türkiyə adına Atletika üzrə 200 metr məsafədə qaçış yarışında dünya çempionu oldu. Bu barədə fikirləriniz necədir?
- Əlbəttə, böyük uğur, qələbədir. Azərbaycanı, Qarabağı, Türkiyəni dünyaya tanıdan hər kəsə biz ancaq təşəkkür edirik. Ramili təbrik edirəm.
 
- Əzəli rəqibiniz olan “Neftçi”nin belə vəziyyətdə olması sizə necə təsir edir?
- “Neftçi”nin güclənmək və formalaşmaq istəyi var. Bir az zamana ehtiyacları var. Mən daha güclü “Neftçi”ni qarşımızda görmək istəyirəm. Ümid edirəm ki, belə də olacaq.
 
Mərdan Həsənov




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right