Elxan Abdullayev azarkeşlərdən üzr istədi: "Məğlub olmaq istəməzdik"

“Çempionatın startını səbrsizliklə gözləyirdik. Əfsuslar olsun ki, məğlub olduq”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının ilk turunda öz meydanında “Qarabağ”a məğlub olub.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Məğlub olmaq istəməzdik. Amma bu gün belə alındı. İlk hissədə yox, ikinci hissədə yaxşı oynadıq. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik”.

- Elnur Cəfərovun oyunundan nə dərəcədə razı qaldnız?

- Matç əvvəldən planlaşdırdığımız kimi getmədi. Buraxdığımız ilk qol planlarımızı pozdu. Elnura vaxt lazımdı. Gənc futbolçudu, gələcəyi var. Nəsə alınmırdı, amma çalışırdı. Necə razı qala bilərəm ki, məğlub olmuşuq. Lakin perspektivi var.

- “Qarabağ” “Neftçi”yə qarşı ikinci heyətlə oynayırdı. Necə düşünürsünüz, komandanız hansı cəhətlərdə “Qarabağ”dan geri qaldı?

- Mən bu barədə danışmaq istəmirəm. Həmişə istəyirəm ki, “Qarabağ” bizə qarşı əsas heyətlə oynasın. Əksinə, ehtiyat oyunçular şans qazananda daha da həvəsli olurlar. Etiraf edək ki, “Qarabağ” bizdən güclüdü. Uzun müddətdi bir yerdə oynayırlar.

- Birinci qol zamanı Səlahət Ağayev kobud səhvə yol verdi. Oyundan sonra onunla bu haqda danışdınızmı?

- Yəqin ki, Səlahət öz oyununu təhlil edəcək. Bəli, səhvi var idi. Əgər qapısından kənara çıxmasaydı, bəlkə də qol olmayacaqdı.

- Oyunu Derlisin üzərində qurmuşdunuz. Onu oynatmaq məcburiyyətində idiniz?

- Mən Derlisin oyunundan çox razı qaldım. Ötürmələr zamanı səhvlər etmədi. Şəxsən mənə, komandaya onun kimi oyunçu lazımdır. Ümid edirəm ki, Derlis oyundan-oyuna daha yaxşı çıxış edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right