Samir Əliyev: "Futbolçularımız sevgiyə görə yox, pula görə oynayırlar"

"Səbail"in baş məşqçisi Samir ƏliyevinSportal.az-a müsahibəsi:

 

- Komandanızın Türkiyədə keçdiyi təlim-məşq toplanışını necə dəyərləndirirsiz?

- Orada çox yaxşı şərait var idi. Hər şey yüksək səviyyədə idi. Bacardığımız qədər toplanışdan maksimum istifadə etməyə çalışdıq. 5 hazırlıq oyunu keçirməli idik. Bir oyunumuz dumana görə təxirə düşdü. Ona görə də 4 oyun oynadıq. Rəqiblərimiz bizdən çox güclü idi. Bu oyunların üçündə məğlub olduq, bir heç-heçə etdik. Matçlarda problemlərimiz üzə çıxdı. Problemlərin nədən ibarət olduğunu bilirik. İndi onların üzərində işləyirik. Gələcəyə ümidlə baxırıq. Çempionatda layiqli mübarizə aparmağa çalışacağıq.

 

- Futbolda maliyyə çox şeyi həll edir. "Səbail"in büdcəsinin az olması istədiyiniz futbolçuları transfer etməyə mane olur?

- Bəli, futbolda maliyyə vacibdi. "Bayıl Arena"nın ot örtüyü sökülüb. Yeni süni örtük salınacaq. Bundan başqa, klubun bazası tikilir. Ona görə də bu il maliyyə bu işlər üçün sərf olunur. Gələn mövsüm büdcəmiz çox gümanki artacaq. İstədiyimiz futbolçuları transfer edə biləcəyik. Bu il isə bizə uyğun olan futbolçuları heyətimizə qata bildik. Futbolçu axtarışlarımız daim davam edəcək. İl boyu bu proses gedəcək. Çempionatın gedişi zamanı hansı mövqelərdə zəif olduğumuz bəlli olacaq.

 

- Yeni mövsümdə "Səbail"in hədəfi nə olacaq?

- Hədəfimiz Premyer Liqada qalmaq və layiqli mübarizə aparmaqdı.

 

- Komandaya yeni cəlb olunan futbolçular sizi qane edir?

- Legionerlər pis təsir bağışlamır. Gənc, təcrübəsiz futbolçular olsalar da, potensialları var. Klub rəhbərliyinin strategiyası var. Gənc futbolçuları oynadıb, onları yetişdirib, gələcəkdə başqa klublara satıb fayda götürmək barədə düşünürük.

 

- Mövsüm start götürənədək komandaya yeni legionerlər cəlb olunacaq?

- Bəli. Bu həftə yeni futbolçular komandaya qoşulmalıdı.

 

- Səviyyəli legionerlərin Azərbaycana gəlmək istəməməsinin səbəbi nədi?

- Bu normaldı. Legionerlər pulu düşünür. Azərbaycana heç kəs sevgiyə görə gəlmir. Heç bizim öz futbolçularımız da sevgiyə görə oynamır. Hamı pula görə oynayır. Futbol indi elə həddə çatıb ki, hamı maliyyəni düşünür. Legionerlərə də yaxşı pul təklif olunsa, ölkəmizdə oynamaq istəyərlər. Daha çox pula, daha yaxşı futbolçu transfer etmək olar. Bir var 300 minlik futbolçu transfer edəsən, bir də var 30 minlik. Əlbəttə ki, fərq var.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right