Newsport.az-ın məlumatına görə, klubla əlaqələrini tamamilə kəsən bank borclarını almağı "Aqrarkredit" QSC-ə həvalə edib. Paytaxt klubu mövcud borcu ödəyə bilmədiyi üçün bazası olan "İnter Arena"dan çıxarılır.
Sabiq "bankirlər"ə "Aqrarkredit" tərəfindən bazanı tərk etmək üçün vaxt qoyulmasa da, klub artıq bu işlərə start verib. "İnter"in əsas komandası AFFA-nın balansında olan Mərdəkandakı "Dalğa Arena"da məşqlərini keçsə də, baza tamamilə tərk edilməyib.
Bizdə olan məlumata görə, "İnter" rəsmiləri avqustun 1-dək oranı tamamilə boşaltmağı və "Dalğa Arena"ya köçməyi planlaşdırıb.
Qeyd edək ki, "İnter" əsas və əvəzedici komandası bundan sonra ev oyunlarını "Dalğa Arena"da keçirəcək. Klubun akademiyası böyük ehtimalla Bakı Olimpiya Stadionunda yerləşdiriləcək.