“Qarabağ”ın yeni transferləri: Vild ansamblın üzvü olmalıdır!

Son illər Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda adından söz etdirən və uğurlu nəticələrə imza atan “Qarabağ” klubu transfer işinə ən həssas yanaşan komandadır. Baş məşqçi Qurban Qurbanov bir oyunçunu heyətə qatana kimi onu yüz ölçüb bir biçir.

Odur ki, “Qarabağ” transfer çalışmalarını çox incələyir, xüsusən də legionerləri. “Qarabağ”ın heyətində çıxış edən legioner yaxşı oynamaqla yanaşı, həm də kollektivə uyğunlaşmalıdı. Əks təqdirdə onun Ağdam klubunda qalması müşkül olur. Bununla bağlı xeyli misal çəkə bilərik, amma bu bir başqa yazının mövzusudu...

Gələk, builki legioner futbolçulara.

Anton Kanibolotski (Şaxtyor, Ukrayna): Sözsüz, İbrahim Şehiçi “Qarabağ”ın əsas heyətindən sıxışdırıb çıxarmaq hər qapıçının işi deyil. Çünki İbrahimin “Qarabağ”ın son illər qazandığı uğurlarda böyük əməyi var. Komandaya və onun ruhuna tam uyğunlaşan bosniyalı qolkiper Azərbaycanda çıxış edən ən yaxşı legionerlərdən biridir. Buna baxmayaraq, baş məşqçi Qurban Qurbanov “Samtredia” ilə cavab görüşündə Anton Kanibolotskini meydançaya buraxdı və qolkiper elə də çox olmayan işinin öhdəsindən layiqincə gəldi. Legionerin gələcək performansını isə elə gələcəkdə görəcəyik.

Yakub Jezniçak ("Legiya", Polşa): Bu oyunçunun transferinə görə isə Qurban Qurbanovu eləcə də “Qarabağ” rəhbərliyini alqışlamaq lazımdır. Belə futbolçuların Premyer Liqamıza gətiririlməsi həqiqətən də çox yaxşı addımdır. Kuba “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun layiqli əvəzləyicisi adını daşımaq üçün bütün göstəricilərə malikdir. Düşünmək olar ki, Kuba uzun müddət “Qarabağ”da qalacaq. 

Vild-Donald Gerrye ("Alanyaspor", Türkiyə): Sürəti, texnikası ilə seçilən futbolçu olsa da, “Qarabağ” ruhuna bir qədər yaddır. Bunu elə “Samtredia” ilə oyunda gördük. Konkret olaraq, 3 epizodda Vild “Qarabağ” dəsti-xəttini pozdu. Düzdür, Ağdam klubunda öz fərdi göstəriciləri ilə seçilən oyunçular hər zaman olub. Amma bu fərdlər hər zaman komanda oyununa xidmət ediblər. Vild isə bunu etmədi və bizdə olan məlumata görə Qurban Qurbanov onunla bu barədə çox ciddi söhbət edib. Vild ya dəyişməlidi, ya da dəyişməlidir. Əks təqdirdə onun “Qarabağ” karyerası heç də uğurlu olmayacaq.

Futbol11.az 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right