2017/18 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.
Newsport.az-ın məlumatına görə, sumqayıtlılar Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Fateh" klubu ilə üz-üzə gəliblər. Qarşılaşma VON Resort Hotelinin stadionunda yerli saatla 18:00-da start götürüb.
Qeyd edək ki, 1958-ci ildə yaranmış “Al-Fateh” son mövsümdə Səudiyyə Ərəbistanı Peşəkar Liqasını 8-ci yerdə bitirib.
Qarşılaşma "Sumqayıt"ın hücumları ilə başlayıb. İlk hissələrdən hücuma atılan komanda hesabı 14-cü dəqiqədə açıb. Yeni transferlərdən olan Rəşad Eyyubov cərimə zərbəsindən topu qapının "uzaq doqquzluğ"una göndərməklə baxımlı qola imza atıb.
Oyunun 37-ci dəqiqəsində Eyyubov uzaq məsafədən daha bir gözəl qolla yadda qalıb. Fasilədən sonra heyətdə bir neçə dəyişiklik olub. Ümumiyyətlə, baş məşqçi Samir Abasov bu oyunda bütün futbolçuları sınaqdan keçirib.
İkinci hissə də "Sumqayıt"ın üstünlüyü ilə keçib. Qarşılaşmanın 88-ci dəqiqəsində Tural Bayramlının cinah ötürməsindən sonra Ramil Həsənov başla vurduğu qolla oyunun hesabını rəsmiləşdirib.