Qurbanov: "Qəbələ"nin nəticəsini təkrarlamaq haqda düşünmürük"

“Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var, bunları da sabah görəcəkiniz”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Samtredia”nı qəbul edəcək. Oyundan bir gün öncə keçirilən mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Bizim üçün asan olmayacaq. Hazırlaşmışıq, çalışacağıq ki, öz meydanımızda qələbə qazana bilək”.

- Yeni transferləri sabah meydanda görə biləcəyikmi?

- Xeyr. Sabah onlar meydanda olmayacaqlar.

- Almeydanın durumu necədir?

- Onun oyunda iştirakı sual altındadır.

- Yoxlama oyunlarındakı məğlubiyyətlərdən sonra komandada psixoloji problem yaranıb. Bu durumu aradan qaldıra bilmisinizmi?

- Gərginlik həmişə olur və bu, normal haldır. Amma təcrübəli futbolçularımız var və bu duruma öyrəşmişik. Ümid edirik ki, yaxşı nəticə qazana biləcəyik. Düzdü, futbolçular tam hazır vəziyyətdə deyillər. Amma təlm-məşq toplanışından bu bu yana komandada dəyişikliklər olub. Futbolçuların vəziyyətini eyni səviyyəyə gətirməyə çalışmışıq. Fikrimcə, Bakıda yaxşı hazırlıq keçmişik.

- Komanda sabahkı oyuna tam hazırdı?
- Tam hazırdı demək olmaz. Lakin sabahkı qarşılaşmada yaxşı oynaya biləcəklər. Toplanışdan sonra çox dəyişikliklər olub.

- “Qəbələ”nin qarşılaşdığı “Samtredia” ilə bugünkü “Samtredia” nə dərəcədə oxşardı?
- Tam fərqli komandalardı. Futbol gündən-günə inkişaf edir. Bu gün biz tam fərqli bir “Samtredia” görürük. Bu il onlar 3 dəfə oyun stillərini dəyişiblər. Müqayisə etmək istəməzdim. Çünki, bu komanda ildən-ilə daha da təcrübəli olur.

- Transferləri yekunlaşdırmısız?
- Xeyr. Bizə bu barədə suallar daima verilir. Bu il bəlkə də, futbolçuların videoyazısına ən çox baxdığımız il olub. Çünki transfer etmək hər keçən il bir az daha çətin olur.

- Ötən günə olan məlumata görə, 9 min bilet satılmışdı. Azarkeşlərə nə isə sözünüz var?
- Azarkeşlərlə görüşməmişəm. Bir şeyi bilirəm, stadionda olmasalar belə, azarkeşlər bizim oyunumuzla yaxından maraqlanırlar. Sayından asılı olmayaraq, bizim ürəyimiz həmişə onlarladı. Stadionun dolub-dolmamasından asılı olmayaraq, sabah qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

- Heyətdəki problemlər sabahkı oyunda nəticəyə təsir etməyəcək ki?
- Heyətdə həmişə problemlər olur. Elə olur ki, futbolçu zədəli olsa da, onun 2 dəqiqə də olsa, meydanda olması komandanın xeyrinə olur. Çalışırıq ki, heyətdəki problemlər komandanın çıxışına təsir göstərməsin.

- Komanda təlim-məşq toplanışında 4 oyunda uduzdu. Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Lakin bu məğlubiyyətlərdən nəticə çıxarmısız?
- Məğlub olmuşuqsa, deməli, nə isə problem var. Bizim toplanışıda buraxdığımız səhvlər elə səhvlərdi ki, onları tez zamanda aradan qaldırmaq mümkündü. Biz bu səhvləri ilboyu edirik. Sadəcə, burada daha görünən oldu. Bundan da rəqiblərimiz maksimum yararlandı. Düşünürəm ki, toplanışdakı səhvlər sabahkı oyunda təkrarlanmayacaq. Çünki rəsmi oyunda məsuliyyət daha çox olur.

- Gürcülər daha çox hücumameyilli və müdafiədə səhvə meyilli oyuna üstünlük verirlər. Bundan yararlanmaq barədə düşünmürsüz ki?
- Hamı çalışır ki, daha az səhv etsin. Səhvlər üzərində çalışırlar. Buna görə, düşünmürəm ki, biz sabah meydanda çempionatdakı “Samtredia”nı görək.

- “Qəbələ” bu rəqibi böyük hesabla məğlub etmişdi. Sabah “Qəbələ”nin bu komandaya qarşı nəticəsini yaxşılaşdırmaq barədə düşünmürsüz ki? Yoxsa gücünüzə qənaət edəcəksiz?
- Əfsuslar olsun ki, bu gün bizim gücümüz o qədər çox deyil ki, onu qoruyaq. “Qəbələ”nin ötən ilki nəticəsini təkrarlamaq və ya ondan yaxşı nəticəni əldə etmək barədə də düşünmürük. Biz sabah sadəcə, meydana çıxıb qalib gəlmək istəyirik. Azarkeşlərimizə baxımlı futbol bəxş etmək istəyirik. Əsas odu, onlar stadiondan razı ayrılsınlar.

- Avropa Liqasında mübarizə aparan “İnter” və “Zirə”nin oyunlarını izlədiz?
- Hər iki komandanın oyununu izlədim. Həm “Zirə”, həm də “İnter” yaxşı təsir bağışladılar. Onların keçirdiyi oyunlarda qələbə qazanması alqışalayiqdi. Bu komandalara və “Qəbələ”yə qarşıdakı oyunda uğurlar arzulayıram. Biz də çalışacağıq sabah qalib gələk. Bu cür qələbələrlə azarkeşləri stadionlara cəlb edə bilərik. Futbol elə oyundu ki, idmana başqa bir zövq verir. İnanıram ki, digər idmançılar bu sözdən inciməzlər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right