Şahin Diniyev: "Kəpəz" son iki illə müqayisədə bu gün daha gözoxşayandı"

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev müsahibə verib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis yeni hazırlığa başlayan komandasının durumundan, yeni futbolçuların vəziyyətindən və bir çox maraqlı məsələlərdən danışıb. 

- Komanda artıq bir neçə gündü hazırlıqlara start verib. Ümumi durum necədir?

- Ümumiyyətlə, bu gün futbolçularıln durumu istədiyimiz səviyyədə deyil. Bu da aydındı, iki aylıq istirahətdən sonra məşqlərə başlamışıq, indi bizi heç nə qane edə bilməz. Sadəcə, "Bakı" ilə yoxlama oyununda onların fikirlərinə baxmaq istəyirdim ki, nə fikirləşirlər.  Futbolçuların fikirləri məni qane elədi. Bəzi futbolçuları bir neçə mövqedə yoxladım. Yoxlanışa gələn 4 futbolçuya imkan yaratdım.  Bizə nəticədən çox futbolçuların fikirləri maraqlı idi. Düşünürəm ki, ilkin məlumatı ala bildim, hər bir oyunçunun futbol düşüncəsini götürə bildim. Mənə elə gəlir ki, zaman-zaman öz oyunumuzu da artıracağıq. Fikrimcə, avqust ayının əvvəllərində komanda yaxşı vəziyyətə gələcək.

- "Bakı" ilə yoxlama oyununda heyətə yeni cəlb etdiyiniz yerli futbolçulara şans yaratdınız. Onların vəziyyəti sizi qane etdimi?

- Durumu yox, fikirləri məni ane etdi. Ümumiyyətlə, bu dəqiqə heç bir futbolçunun durumu məni razı sala bilməz. Heç kim iki aydı məşq etmir. Amma fikirləri, futbola baxışları ürəyimcədir. Düşünürəm ki, onlardan istədiyim şeyləri ala bilərəm. İnşallah, üzərimizdə işləyəcəyik və bu futbolçuları yaxşı vəziyyətə gətirəcəyik. Belə deyim, "Kəpəz" son iki illə müqayisədə bu gün daha gözoxşayandı. Heyətimizdə mənim fikirlərimi həyata keçirə biləcək futbolçu çoxdur. Onların üzərində işləyib, sxemə salıb, sistemə uyğun futbol oynayacağıq. Mənə elə gəlir ki, istədiyim şeylər futbolçularda var. Sadəcə, üzərimizdə məsuliyyətli işləmək və komandanı düzgün yola yönəltmək qalır.

- Mövsüm başa çatandan sonra komandanı bir neçə legioner tərk edib və onların yerini 3 legionerlə dolduracaqsınız. Onların da adı məlumdur. Yəqin ki, onlar da öz istəyinizlə komandaya cəlb olunub. Necə düşünürsünüz, yenilər gedənlərin yerini doldura biləcəkmi?

- Heyətə cəlb etdiyimiz futbolçular çox önəmli mövqedə oynayacaqlar. O, mövqelər elədir ki, həmin yerdə oynayan futbolçu hər an oyunun taleyini həll edə billər. Bu dəfə biz saya yox, daha çox keyfiyyətə üstünlük vermişik. Futbolçuların üzərində 2 aya yaxın vaxt sərf etmişik. Belə deyək, Dario gələndə həmin Dario deyildi. Onlar sonradan bu komandada özünü tapdılar. Bir söz var ki, Azərbaycana gələn futbolçu üçün Avropaya qapı bağlanır. Amma bu, əksinə oldu. Bu gün Renan Silvanın "Voyvodina"ya getməsi, Darionun Cənubi Koreya klubuna transfer olunması və ya Budaq Nəsirovun "Sportinq"ə transfer olunması "Kəpəz"in adıdır. İndiki legionerlərin "Kəpəz"ə gəlməsində keçmiş futbolçularımız başqa komandaya transfer olunması da böyük rol oynayır. Futbolçular görürlər ki, "Kəpəz"dən başqa komandaya transfer oluna bilərlər və bu, sevindirici haldır. Mənə elə gəlir ki, o futbolçular bizim etimadımızı doğruldacaqlar. Bu gün bir neçə legioner götürmürük ki, bir neçəsində yanılaq. Heyətə cəlb etdiyimiz heç bir legionerə görə səhv etməməliyik. Ümid edirəm ki, seçimimizdə yanılmayacağıq.    

- Qapıçı problemi olacağını düşünmürsünüz?

- Fikirləşmirəm. Nəyə görə? Çünki keçən il Davud son 8-10 oyun ərzində özünü təsdiq elədi. Ancaq arxayınlaşmamaq olmamalıdı. "Bakı" ilə yoxlama oyununda Ruzi Qiyaslıya da şans verdim. Həm boyu, həm futbol bacarığı var. Düşünürəm ki, onu da yaxşı qapıçı kimi yetişdirəcəyik. 

- Təlim-məşq toplanışın növbəti hissəsini Ərzurumda keçirəcəksiniz. Yoxlama görüşlərindəki rəqiblərin adı bəllidir?

- Bəli. Türkiyədən mənə siyahı göndərilmişdi. Artıq mən seçimimi elədim və hansı komanda ilə oynamaq istədiyimizi müəyyənləşdirdim. Ola bilsin ki, hansısa dəyişiklik olsun. İlkin məlumat belədir: "Ərzurumspor", "Elazığspor" və "Ankaragücü" ilə qarşılaşacağıq. Bu klublar göndərilən siyahıda ən güclüləridir. Fikirləşirəm ki, bizim üçün güclü rəqibdirlər və onlarla oyunlarda zəif nöqtələrimizi müəyyənləşdirə biləcəyik. 

- Hər kəsi maraqlandıran məsələ stadionla bağlıdır. Bildiyimiz kimi, "Kəpəz"in stadionu çempionatın startına qədər hazır olmayacaq, "Dalğa Arena"dan isə "İnter" istifadə edəcək. "Kəpəz"in didərgin düşməsindən qorxmursunuz?

- Bu, sonranın işidir. Ancaq mənə məlumat veriblər ki, oktyabır ayında ev oyunlarımızı Gəncədə keçirəcəyik. Maksimum 3-4 ev oyununu öz meydanımızda keçirməyəcəyik. Bu, gözləniləndi. Amma mənə elə gəlir ki, Gəncədəki hava şəraitinə görə, meydan daha tez hazır olacaq. Düşünürəm ki, 3-4 ev oyununun başqa stadionda keçirilməsi bizim üçün faciə olmayacaq. Amma hansı stadionda oynayacağımızı hələlik müəyyənləşdirməmişik. 

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right