Elxan Məmmədovun "yalandı" deməyi yalandı

Bildiyiniz kimi, bir müddət əvvəl ictimai-siyasi KİV-də "AFFA-da saçyoldu" mövzulu xəbər yayıldı. Məsələnin ciddiyyətini araşdırıb, yazdıq. Məlum oldu ki, AFFA-nın baş katibi Elxan Məmmədovun qrup yoldaşı və dostu Xanım Hüseynova, onun bacısı Sevinc kadrlar şöbəsinin rəhbəri vəzifəsinə bir neçə ay əvvəl təyin olunan Günay Fətəliyevanın perspektivinin daha uğurlu olacağını görüb, ona "torba tikiblər". Prosesi çılpaqlığıyla, yəni məlumatlı mənbənin dediyi kimi deyil, tərəflərin açıqlamalarıyla dərc etməyin peşəkar yanaşma olduğunu əsas tutub, bunadək mövzu ətrafında belə mövqe tutduq. Ancaq görünür, yalanlarını həqiqət kimi sırımaqda pərgar olan AFFA rəhbərliyi, konkret olaraq Elxan Məmmədov qaydanı pozmağın cavabını almalıdı.
 
"İnter"in "Mladost"la AL matçından sonra brifinqində baş katib deyib ki, "çox yalan məlumatdı, AFFA-da saçyoldu olmayıb".
 
Çox yalan məlumat?
 
Nə qədər çox? Bu yanaşmanın miqyasını artırmaqla kütlənin mövzuya diqqətini yayındırmaq, əhəmiyyətsizləşdirmək istəyirsiz, cənab baş katib?
 
Məlumat dərc ediləndən xeyli sonra bu haqda qeyd yazan "FutbolPress" keçən müddət ərzində məhz hadisənin reallığa söykənib-söykənmədiyini araşdırırdı. Məlum oldu ki, bəli, saçyoldu olub. Sizin dostunuz olduğu üçün AFFA-nın məsul vəzifəsini daşıyan Xanım adlı qadın bacısının Günay Fətəliyevayla mübahisəsinə müdaxilə edərək, onu işdən qovduracağıyla hədələyib və bu iddiada sizə güvəndiyini bildirib: "Elxançikə deyərəm, səni iti qovan kimi qovar".
 
Bəli, biz redaksiya olaraq vulqar mühit formalaşdırmağın əleyhinəyik deyə, informasiyanı çılpaqlığıyla dərc etməyi lazım bilmirdik, hətta qarşı tərəf kimi quruma tribuna verdik. Mikayıl Nərimanoğlu yazılanları nə təsdiq etdi, nə də təkzib.
 
Siz isə mübahisənin, davanın olmadığını iddia edirsiz.
 
"FutbolPress"in indiyədək heç bir məqamda populizmə meyl etmədiyini, yalançı hay-küy yaratmağın əleyhinə olduğunu bilirsiniz.
 
Odur ki, sizin "yazılanlar yalandı" deməyiniz, bir növ, bu sayta hörmətsizlikdir.
 
Odur ki, yalançı xitabının sizə uyğun olduğunu bir-iki məqamda izah edək, oxucular, mövzunu izləyənlər də bilsin:
 
- Necə yalan olur ki, hadisə haqda ilk informasiya çıxanda siz panikada - xəbərin AFFA-dan necə çıxdığını araşdırmağa başlamısınız?
 
- Necə yalan olur ki, Günay Fətəliyeva proses haqda bir kəlimə də danışmaq istəmir? Məgər bizimçün sizin hansısa vasitələrlə qadağa qoyduğunuzu ayırd etmək çətindir? O, heç vaxt nüfuzlu şirkətlərdə işə götürülməyəcək deyə hədə-qorxuya məruz qalıb.
 
- Necə yalan olur ki, AFFA-nın 5-ci mərtəbəsində baş verən hadisənin mediaya ötürülməsi sizi heyrətləndirib və xüsusi qorunan o mərtəbəyə kimlərin gedib-gəldiyini uzun müddət izləmisiniz, videogörüntülərə baxmısınız?
 
Və s.
 
Yalan belə olmur. Yalan odur ki, AFFA-nın strukturunda biabırçı həddə absurd mexanizm hökm sürür. Sizin dost-tanışınızı bu sektora yönəldib, hökmranlıq etmək iddianız hər detalda özünü büruzə verir.
 
Mümkünsə, qurumdakı "izlərinizi" səhmana salın. Qurumun büdcəsi dostlarınız vasitəsiylə talanırsa, media təmsilçisi olaraq buna susmaq niyyətimiz yoxdur. Mümkünsə ayıblarınızı səhmana salın.
 
Hələlik...
 
(futbolpress.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right