Kamran Quliyev: "Hə" desəm məni istəməyəcəklər"

"Sumqayıt" klubunun prezidenti Kamran Quliyevin müsahibəsi...
 
- "Sumqayıt" yeni mövsüm ilk oyununa çıxdı və "Səbail"lə 2:2 hesablı bərabərə qaldı. Komandanızın oyununu necə dəyərləndirirsiniz?
- Uşaqlar təzyiqin altında oynayırlar. Gündə iki dəfə məşq edirlər, oyunçularımız istirahətdən sonra özlərinə gəlirlər. Görünür ki, komandaya təcrübəli və daha keyfiyyətli oyunçular gəlib. Ancaq ən əsası gənc Səbuhini meydanda gördük. Neçə ildir ki, biz onun yetişməsini gözləyirik. Gənc futbolçular özlərini pis göstərmədilər. "Qəbələ"dən gələn Ramil Həsənov da dublla yadda qaldı. İkinci hissədə daha istəkli oyunçular gördüm. Düzdü, indidən nəsə demək də düz deyil. Ancaq görünür ki, komandaya gələnlərin keyfiyyəti yüksəkdir. 
 
- Transferlər baxımından "Qarabağ" və "Qəbələ"dən sonra "Sumqayıt" ən çox transfer edən üçüncü komandadır. Deyəsən siyasətinizi dəyişib, özünü sübut etmiş təcrübəli oyunçularla oynayacaqsınız bundan sonra. Premyer Liqadakı hədəf nədir?
- Daha yüksək yerlər uğrunda oynamaqdır. Keçən il biz avrokubokların bir addımlığında idik. Bəlkə bu il daha yaxşı alındı, görək də. 
 
- Komanda ən azından dördüncü yer üçün oynayacaq?
- Biz Avropa Liqasına düşəcək gücdəyik. Amma yeni mövsüm başlasın və üç-dörd turdan sonra nəyə qadir olduğumuzu daha yaxşı biləcəyik. Yəni əsas odu nəsə görünür.
 
- Qarşıdakı mövsüm klub üçün avrokuboklar yolunda son şans ola bilər? 
- Biz istəyirik ki, "Sumqayıt" avrokuboklarda oynasın. Ancaq digər komandalar da bunu istəyir.
 
- Yeddi illik "Sumqayıt" tarixində belə güclü heyət olmayıb...
- Adlarına görə, bəli ola bilər. Gəlin tələsməyək. Futbolçu adına görə yox, komandaya verdiyi faydasına görə seçilməlidir. Cavid İmamverdiyev, Cavid Tağıyev, Rəşad Eyyubov, Tural Axundov, bu oyunçular hamısı öz klublarında sözlərini deyiblər. Adını sadaladıqların oyunçular Azərbaycan futbolunda özlərini təsdiq ediblər. Ötən il komandaya dəvət olunanlar da özlərini yaxşı tərəfdən göstərib. 
 
- "Zenit"dən baxışa gələn oyunçu haqda fikriniz necədir?
- Baxışda olan oyunçuların adlarını çəkmək məncə, düzgün deyil. Gəlin onlara hələ mesaj yollamayaq. Adlarını çəksək, bəlkə arxayınlaşarlar. Onlar özlərini göstərsinlər, sonra onlar haqda ətraflı danışarıq. 
 
- Büdcədə hər hansı dəyişikliklər var, yoxsa elə 1,5 milyon manat büdcə ilə oynayacaqsınız?
- Büdcədə heç bir dəyişikliklər yoxdur. Yeni gələn oyunçuların maaşları da büdcəyə təsir etməyəcək. 
 
- Sizə elə gəlmir ki, Azərbaycan futbolunda maaşları aşağı salan məhz "Sumqayıt" oldu? Yəni məhdud büdcə ilə normal futbol sərgiləməyiniz digər klublara da təsir etdi..
- Buna "hə" desəm, futbolçular məni istəməyəcəklər. "Yox" da desəm, yalan olacaq. "Sumqayıt"da ümumi vəziyyət elədi ki, komandaya yeni gələn futbolçular 3-4 il əvvəl indiki maaşa gəlməzdilər komandamıza. Ötən mövsüm "Sumqayıt" özünü yaxşı göstərdi, hər şey stabil idi bizdə. Bu il də belə olmasını istəyirik. Təbii ki, klubun sponsoruna da təşəkkür edirik. Əgər qarşıdakı mövsümdə də hər şey stabil olarsa, "Sumqayıt"ın populyarlığı, cəlbedici klub kimi özünü sübuta yetirməyi yaxşı nəticələrə gətirib çıxaracaq.
 
- Stadionla bağlı planlarınız var?
- Xeyr, qarşıdakı mövsümü də "Kapital Bank" arenada oynayacağıq.
 
Sportnet.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right