Riçard Qadze: "Zirə"nin avrokuboklarda ilk qolunun müəllifi olmaq qürurverici hissdir"

"Zirə"nin hücumçusu Riçard Qadzenin Newsport.az-a müsahibəsi...
 
- Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında "Differdanj"ı 2:0 hesabı ilə məğlub etdiniz. Qələbəyə necə şərh verə bilərsən?
- Çətin qarşılaşma oldu. İlk dəqiqələrdən üstünlüyü ələ almağa çalışdıq. Ardıcıl hücumlar təşkil edərək hesabı açdıq. İkinci hissədə də üstün oynamağa çalışdıq. Düşünürəm ki, 2:0 hesablı qələbə ədalətli idi.
 
- "Zirə" nin avrokuboklarda ilk qolunun müəllifi oldun...
- Buna görü özümü möhtəşəm hiss edirəm. Komandanın avrokuboklarda ilk qolunun müəllifi olmaq qürurverici hissdir. Ümid edirəm ki, Avropa Liqasının qrup mərhələsində də ilk qolu mən vuraram. 
 
- Avrokuboklarda debüt oyununda qələbə qazanan ilk Azərbaycan klubu da oldunuz. Bu uğuru Ayxan Abbasova həsr etmək olarmı?
- Təbii ki. Qələbəmizin əsas memarı baş məşqçimizdir. Onun sayəsində bu gün sevincliyik. Ayxan bəyi də qələbə və uğur münasibəti ilə təbrik edirəm.
 
- "Differdanj"ın üzvləri "Zirə"nin o qədər də üstün oyun sərgiləmədiyini vurğuladılar...
- Bu futboldur. Burada hər şey ola bilər. Bizə əsas sərfəli nəticə lazım idi. Avrokuboklarda debütünüz idi və ehtiyyatlı olmalı idik. Düşünürəm ki, rəqibi üstələyə bildik və bu, hesabda da öz əksini tapdı.
 
- Qələbədən sonra növbəti mərhələyə keçmək şansınız nə qədər olduğunu düşünürsən?
- Hazırda üstün tərəf bizik. Çünki ilk oyunda 2:0 hesablı qələbə qazanmışıq. Bu, böyük üstünlükdür. Səfər matçında da qələbə qazanmağa çalışacağıq. İndidən növbəti mərhələ haqda düşünmək doğru olmaz. Əlimizdən gələni edəcəyik ki, "Astra" ilə qarşılaşaq. Bunun üçün sadəcə Lüksemburqdan uğurlu nəticə ilə dönmək lazımdır.
 
- İndidən "Astra" haqda düşünməyə başlamısınız?
-Xeyr! Sadəcə mərhələni keçməyi çox istəyirik. "Astra" ilə qarşılaşmaq üçün "Differdanj" səddini tam keçməliyik. Hər şey Lüksemburqdakı oyundan sonra bəlli olacaq. Səfərdən də qələbə ilə dönmək istəyirik. Bundan sonra Rumıniya təmsilçisi haqda düşünmək olar.
 
İlkin Sultanlı




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right