“O an dərk etmirdik ki, Çempionlar Liqasında mərhələ keçən ilk Azərbaycan klubuyuq”

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

Artıq avrokuboklarda yeni mövsüm başlayıb. Komandalarımızdan “İnter” və “Zirə” mübarizəyə qoşulub. Bu, Azərbaycan klublarının Avropada 23-cü sınağıdır. 1994-cü ildən başlayan yolda təmsilçilərimiz müəyyən qədər uğurlara imza atıblar. Təəssüf ki, uğurlarımız "Neftçi”, “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində çıxışlarından o yana keçməyib. Çempionlar Liqasında qrupa düşmək isə klublarımız üçün həmişə əlçatmaz olub. 

Budəfəki yazımızda Çempionlar Liqasında ilk uğurumuzdan bəhs edəcəyik. Bu, 17 il əvvəl baş verib. Çempionlar Liqasının 2000-2001 mövsümündə “Şəmkir” Latviyanın “Skonto” komandasını mübarizədən kənarlaşdıraraq II təsnifat mərhələsinə yüksəlib. Ağasəlim Mircavadovun komandası bunu bacaran ilk Azərbaycan klubu kimi futbolumuzun tarixinə düşüb. Buna qədər isə bir dəfə “Neftçi” (1997/98 mövsümü) iki dəfə isə “Kəpəz” (  1998/99, 1999/2000) qitənin ən nüfuzlu klub turnirinin ilk mərhələsində mübarizəni dayandırmışdı.


19 iyul, 2000-ci il
UEFA Çempionlar Liqası
I mərhələnin cavab görüşü

"Şəmkir" (Azərbaycan) - "Skonto" (Latviya) - 4:1
Qollar: 
Badri Kvaratsxeliya, 3 (1:0), Mantas Samusiovas, 31 (1:1), Badri Kvaratsxeliya, 90 (2:1), 100 (3:1), Viktor Kulikov, 110 (4:1)
İlk oyun - 1:2
Sarı vərəqələr:
“Şəmkir”: Mehman Yunusov, 62; Əli Abuşov, 71; Badri Kvaratsxeliya, 110; Rauf Mehdiyev, 115 
“Skonto”:  Aleksandr Rekviaşvili, 69
Baş hakim: Miroslav Rişka (Polşa)


"Şəmkir":  1. Rauf Mehdiyev, 2. Mübariz Orucov (16. Aqil Məmmədov, 62), 3. Mehman Yunusov (k), 4. Nicami Ocaqverdiyev, 5. Faiq Cabbarov, 6. Əli Abuşov (14. Xaqani Məmmədov, 78), 7. Mahmud Qurbanov, 8. Xaliq Mərdanov, 9. İsmayıl Məmmədov (15. Etimad Qurbanov, 73), 10. Viktor Kulikov, 11. Badri Kvaratsxeliya
Ehtiyat oyunçular: 12. Etibar Tarıverdiyev, 13. Arif Məmmədov, 17. Mətləb Məmmədov, 18. İmamyar Süleymanov
Baş məşqçi: Ağasəlim Mircavadov

"Skonto" : 1. Aleksandr Kolinko, 2. İqor Stepanov, 4. Mixail Zemlinski, 5. Valentin Lobanov, 6. Oleq Blaqonadezdin (3. Yuri Layzans, 102), 7. Aleksandr Rekviaşvili (k), 8. Orestas Buitku, 9. Andrey Rubin, 10. Vladimir Kolesniçenko (11. Mixail Mixolap, 71), 18. Andrey Tereşnikas (13. Levan Korqalidze, 92), 23. Mantas Samusiovas
Ehtiyat oyunçular: 16. Andrey Pedel, 12. Renar Vuçan, 19. Yevgeni Buda
Baş məşqçi: Aleksandr Starkov

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu. 10500 tamaşaşı


“Skonto” ilə keçirilən oyunlar haqda əvvəlcə “Şəmkir”in o dövrdə baş məşqçisi olan Ağasəlim Mircavadovla danışdıq. Əməkdar məşqçi söhbətə lap əvvəldən başladı.

- Biz çempionatda üç yer uğrunda mübarizə aparırdıq - çempionluq, ikinci yer və ölkə kuboku. Sonra gördük ki, çempion ola bilərik. Uşaqlar yaxşı oynayırdılar. O şəraitlə futbolçuların oyununa alqış düşürdü. Şəmkirdə otelin 5-ci mərtəbəsində qalırdıq. Hansı ki, orada heç kim qalmaq istəmirdi. Çünki oteldə lift yox idi. Beşinci mərtəbəyə ayaqla qalxmaq da idman idi (gülür). Qış aylarında otaqlar çox soyuq olurdu. Mənim otağımda soba düzəltmişdik. “Şəmkir”in rəhbəri, rəhmətlik Şahbaz Süleymanov məni komandaya dəvət edəndə futbolçuların forması da yox idi. Şahbaz müəllimə dedim ki, top və forma lazımdır. Dedi, gedək İstanbula. Getdik İstanbuldan 35 min dollarlıq forma aldıq. Yəni Şahbaz müəllimdə “yox” sözü ola bilməzdi.  

Biz çempion olduqdan sonra Çempionlar Liqasının hazırlıqlarına başladıq. Bir yaxşı məqam vardı ki, qışda Ukraynanın Aluşta şəhərində təlim-məşq toplanışında olmuşduq.  O vaxt Şahbaz müəllim birbaşa Ukraynadan An-24 təyyarəsini sifariş verdi və həmin təyyarəni Gəncəyə gətizdirdi ki, bizi Aluştaya aparsın. Həmin dövrdə belə şeylər möcüzə kimi idi. Bunları ona görə danışıram ki, Şahbaz Süleymanov futbolu necə sevdiyini, “Şəmkir” üçün hər şey etdiyini hamı bilsin. Biz də onun qarşılığında maksimum nəticə verməyə çalışırdıq. Onu da deyim ki, Şəmkir camaatı da futbolu sevirdi. Bizim hər məşqimizə 2-3 min adam gəlirdi. Oyunlar zamanı bizi 10 min azarkeş dəstəkləyirdi.

“Heç kim inanmırdı ki, Latviyada bu cür oynayarıq”

“Şəmkir”lə “Skonto” arasında ilk oyun 12 iyul, 2000-ci ildə keçirilib. Latviya klubu bu matçda 2:1 hesabı ilə qalib ayrılsa da, Viktor Kulikovun qolu komandamızı mərhələ adlamağa ümidləndirmişdi. Ağasəlim Mircavadov həmin görüşdə “Şəmkir”in məğlubiyyətə layiq olmadığını düşünür:

“İlk oyunun hazırlığını Bilgəhdə keçirdik. Buzovnanın stadionunda məşq edirdik. Meydançanı sulayıb məşqə çıxırdıq. Hava çox isti idi, amma uşaqlar dözürdülər. Maliyyə vəziyyətimiz o qədər də yaxşı deyildi ki, sərin ölkələrdə hazırlıq keçək.

Heç kim inanmırdı ki, biz Latviyada bu cür oynayarıq. Futbolçularımız sona qədər mübarizə apardılar. Görüş 1:1 hesabı ilə başa çata bilərdi. Sona yaxın “Skonto”nun 2 hündürboy futbolçusu meydana daxil oldu. Bizim futbolçular isə bəstəboy idilər. Hava mübarizəsində çətinlik çəkirdilər. Mən də müdafiəni gücləndirmək üçün Arif Məmmədovu meydana daxil etdim. Ona tapşırmışdım ki, cərimə meydançasında ehtiyatlı oynasın. Bir neçə epizodda rəqiblə mübarizədən qalib ayrıldı. Ancaq oyunun bitməsinə 1 dəqiqə qalmış cərimə meydançasında rəqibi yıxdı və qapımıza penalti təyin edildi. “Skonto” hesabı 2:1 öz xeyrinə dəyişdi. Oyun bitəndə Arif ağladı. Biz onu qucaqladıq, sakitləşdirdik. Bildirdim ki, fikir eləmə, oyunda bu cür hallar olur.  Mən sakit idim. Uşaqların oyunu məni sevindirmişdi. Səfərdə bir qol vurmağımız da ümidimizi artırırdı”.

Mircavadov Bakıda keçirilən cavab oyunu haqda ətraflı danışır: “Biz istəyirdik ki, oyunu Gəncədə keçirək. Ancaq Gəncə şəhər stadionu UEFA-nın tələblərinə cavab vermirdi. Həmin vaxt Azərbaycanda bir dənə normal stadion “Tofiq Bəhramov” idi. Millimiz də orda oynayırdı, klublarımız da.

Komandamız çox ağıllı oynadı. Görüşdə hesab 1:1 olarkən 90-cı dəqiqədə Badri Kvaratsxeliya ikinci qolumuzu vurdu. Buna görə də əlavə 30 dəqiqə oynamalı olduq. Fasilədə futbolçularla söhbətim oldu. Onlara dedim ki, tribunalara baxın,  bu qədər insan sizin üçün bura yığılıb, onları sevindirmək sizdən asılıdır. Hiss edirdim ki, rəqib da çox yorulub. Çünki bizim uşaqlar yaxşı top saxlayırdılar. Qarşılaşmaya əlavə edilən 30 dəqiqədə komandamız gözəl oyun nümayiş etdirdi. 



"Şəmkir"in "Skonto"ya vurduğu tarixi qollar


Uşaqlar çox gümrah görünürdülər. İki qol vurduq. Əlavə 2-3 real qol imkanımız da oldu. "Skonto" həmin vaxt bir növ Latviya yığması sayılırdı. Çünki 9 futbolçuları millidə oynayırdı. Adətən milli üzvünün fiziki durumu daha yaxşı olur. Ancaq bizim uşaqlar daha əzmlə mübarizə apardılar. Futbolçularımızın yorulmamağı səbəbsiz deyildi. Biz məşqlərdə matçın istidə keçiriləcəyini nəzərə almışdıq. Məşqi saat 6-7-də, günün isti vaxtında edirdik. Heç bir bir futbolçu demirdi ki, istidir, bəlkə bir az məşqi azaldaq? Əksinə, əzmlə çalışırdılar ki, mərhələni keçək. Həm də futbolçularımızın hamısı məsuliyyətli idi. Biz bir ailə kimi idik.

“Mətbuat konfransına gedəndə azarkeşlər üstümə şığıyırdılar”

Oyun bitəndə biz dərk etmirdik ki, Çempionlar Liqasında mərhələ keçən ilk Azərbaycan klubuyuq. Bölgə klubunun bu nəticəni qazanması böyük hadisə idi. O zaman “Şəmkir”i heç kim tanımırdı. Oyundan sonra hamıda bayram əhval-ruhiyyəsi var idi. Mətbuat konfransına gedəndə azarkeşlər üstümə şığıyırdılar. O mənzərəni görmək lazım idi. Sözlə ifadə etmək çətindir. Bölgələrdən də xeyli insan gəlmişdi. Bizə inanırdılar. Oyundan sonra mənə, kluba gələn təbriklərin sayı-hesabı yox idi. 
Oyun başa çatandan sonra Şahbaz müəllim bizi apardı restorana. Bizə yaxşı qonaqlıq verdi. Onda artıq hiss edirdik ki, biz mərhələ keçmişik (gülür). 


Ağasəlim Mircavadov "Şəmkir"in o vaxtkı prezidenti Şahbaz Süleymanovla


Şəmkirdə də bayram idi. Bütün camaat küçələrə çıxmışdı. Bəziləri stadiona toplaşmışdı”.

Növbəti həmsöhbətimiz “Şəmkir”in ovaxtkı kapitanı Mehman Yunusov oldu. “Şəmkir”lə iki dəfə Azərbaycan çempionu olan Yunusov bu qələbənin onun karyerasında xüsusi yeri olduğunu deyir: 

 

“Skonto” ilə ilk görüşdə də yaxşı oynamışdıq. Sadəcə, matçın bitməsinə bir neçə saniyə qalmış hakim qapımıza penalti təyin etdi və rəqib 2:1 hesabı ilə qalib gəldi. Ancaq bizdə mərhələni keçəcəyimizə inam vardı. Futbolçularımızın hamısı ürəklə dedi ki, bunları Bakıda udacağıq.

Cavab oyununa yaxşı hazırlaşdıq. Ağasəlim Mircavadov bizi düzgün təlimatlandırmışdı. Stadionda yaxşı atmosfer var idi. Xeyli azarkeş gəlmişdi. Ancaq həmişəki kimi matçın bitməsinə bir neçə dəqiqə qalmış azarkeşlər stadionu tərk etməyə başladı. Çünki hesab 1:1 idi və bu nəticə bizə sərf etmirdi. Matçın 90-cı dəqiqəsində Badri Kvaratsxeliya növbəti qolumuzu vuranda camaat  qayıtdı. 
90 dəqiqə başa çatandan sonra ümumi hesab bərabər olduğu üçün əlavə 30 dəqiqə oynamalı olduq. Fasilədə öz aramızda danışırdıq ki, bir az da artırmalıyıq. Ağasəlim müəllim də dedi ki, qalib gələcəyimizə inanıram. Bildirdi ki, rəqibə 2-3 qol vuracaqsınız. Elə oldu ki, 30 dəqiqə ərzində 2 qol vurduq. Daha 3-4 qol da vura bilərdik. Badrinin 90-cı dəqiqədə vurduğu qoldan sonra komandamızda inam artmışdı. Ona görə də yorğunluq hiss etmirdik. Baş məşqçimizin sözləri də bizi ürəkləndirmişdi.

“Oyun bitəndən sonra butsumun iplərini yarım saata açdım”

Qələbənin asanlıqla başa gəlmədiyini deyən Mehman Yunusov matçın istidə - saat 5-də başlamasının səbəbini də izah edib: 

“Heç vaxt bu cür istidə oynamamışdıq. Oyun bitəndən sonra butsumun iplərini yarım saata açdım. Halım yox idi. Hava çox isti idi. Həmin matçda 4 kilo çəki atmışdım. Oyunda isə heç nə hiss olunmurdu, ancaq qaçırdıq. Qarşılaşmadan sonra rəhmətlik Şahbaz Süleymanov mənə dedi ki, uşaqları yığ, gedək restorana. Mən isə o qədər yorğun idim ki, icazə aldım, komanda ilə axşam yeməyinə getmədim. Oyundan sonra bütün gün ərzində yatdım. Gecə saat 2-də durub yeməyimi yedim. 

Özümüz oyunun istidə keçirilməsini istədik. Bilirdik ki, rəqibin istiyə dözümü olmayacaq. Özləri də oyunun saat 5-ə təyin edilməsindən gileylənirdilər. Hiss olunurdu ki, istiyə dözmürlər. Biz daha dözümlü olduğumuz üçün qalib gəldik. Nə qədər əziyyətli olsa da, bu qələbə bizim karyeramızda xüsusi yer tutur”.

Tarixi qələbə üçün 1500 dollar mükafat

Mehman Yunusovun sözlərinə görə, “Skonto” üzərində qələbəyə görə klub prezidenti Şahbaz Süleymanov oyunun səhəri günü əsas heyətin hər bir oyunçusuna 1500 dollar mükafat verib. Mükafat futbolçulara meydanda olma dəqiqəsinə əsasən verilib. Yəni 90 dəqiqə oynayanlar 1500, digər futbolçular isə 1000 dollar mükafat alıblar.

“Skonto”nu mübarizədən kənarlaşdıran “Şəmkir” qarşısına daha da irəliləmək hədəfi qoysa da, növbəti mərhələdə Azərbaycan çempionunun qarşısına güclü “Slaviya” klubu çıxır. Əksər futbolçuları Çexiya millisinin üzvləri olan Praqa təmsilçisi Çexiyadakı oyunda  1:0, Bakıdakı görüşdə isə 4:1 hesablı qələbə qazanır. O vaxt tarixinin ən güclü dövrlərini yaşayan “Slaviya” “Şəmkir”lə oyundan bir il qabaq  - 1999-cu ildə Çempionlar Liqasının 1/4 finalına qədər irəliləmişdi.  1/4 finalda isə “Liverpul”a uduzmuşdu.

Ramiq AĞAMƏMMƏDOV / qol.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right