Səhv salınan adaşlar, “əcdad"ından imtina edənlər və ya adın nə fərqi var? ARAŞDIRMA

Müstəqillik dövründə futbol üzrə Azərbaycan çempionatlarında nə qədər komanda iştirak edib? İlk baxışdan sadə sualdır. Mövsümlər üzrə turnir cədvəlləri, bir az səbir və azacıq diqqət yetər ki, komandaların sayını hesablayasan. Əslində, bu, bir neçə səbəbə görə heç də göründüyü qədər asan iş deyil. Çünki müxtəlif vaxtlarda eyni adı daşıyan bir neçə komanda fəaliyyət göstərib və bu komandalar hesablamalar apararkən statistiklərə çətinlik yaşadır. Yaxud, adını dəyişən komandalar. Elə klublar var ki, mövcud olduğu dövrdə bir neçə dəfə ad dəyişikliyi ediblər... Bu dəfə səbəblərin səbəbkarları haqqında danışacağıq.

“Səbail üçbucağı"

“Səbail"dən başlayaq. Müstəqillik dövründə “Səbail" adlı nə az, nə çox düz 3 komanda olub. Adaşların böyüyü 1994-cü ildə yaradılıb və 1994/95-ci illər mövsümündə I Divizionda mübarizə aparıb. Pis də nəticə göstərməyib - 15 komanda arasında 5-ci yer. Növbəti mövsüm komandanın adı dəyişdirilib və “Fərid" olub. “Fərid" 1995/96-cı illər mövsümündə I Divizionda çıxış edib və 16 komanda arasında 66 xalla 3-cü yeri tutub. Maraq üçün qeyd edək ki, 1-ci yeri 68 xalla  “Sumqayıt", 2-ci yeri isə 67 xalla “Çinar Polis Akademiyası" tutub. Hansılar ki, bir qədər sonra onlardan da bəhs edəcəyik. 
Problem “böyük" “Səbail"in “Fərid" olması ilə paralel “ortancıl" “Səbail"in “dünyaya gəlməsindədir". Bəzi statistiklər iddia edirlər ki, 1995/96-cı illərdə mövsümündə 1-ci dəstədə oynayan “Səbail" elə əvvəlki “Səbail"di. “Fərid" isə tamam başqa komandadır. Lakin o vaxt “Fərid"in məşqçilərinin və komandada oynayan futbolçuların fikirləri bu iddianın əsassız olduğunu sübut edir. “Ortancıl"  “Səbail" 1995/96-cı illər mövsümündə “Fərid"lə birgə 1-ci dəstədə oynayıb və ömrü cəmi 1 il çəkib. “Böyük" “Səbail" və ya “Fərid" isə 1996/97-ci illər mövsümündə elitaya yüksəlib. “Sonbeşik" “Səbail" haqqında isə geniş məlumat verməyə ehtiyac görmürük. Ötən il AFFA-nın dəstəyi ilə yaradılan klub Premyer Liqa üçün nəzərdə tutulmuşdu. Elə də oldu. Başa çatan mövsüm I Divizionda 2-ci yeri tutan komanda bu ildən Premyer Liqada oynayacaq. 

Bu həna o hənadan deyil

Tovuz futbolu ilə bağlı statistik məlumatlarda da zaman-zaman anlazmazlıqlar ortaya çıxır. Məsələn, bəziləri hazırda Tovuzu təmsil edən “Turan Tovuz"u “Turan"la səhv salırlar. Həmçinin, “Turan-T" ilə. Halbuki hamısı ayrı-ayrı komandalar olub. Lap əvvələ gedək. Azərbaycanın ilk peşəkar futbol klubu olan “Turan" 1992-ci ildə təsis edilib. Klubun prezienti Vidadi Əhmədov olub. “Turan" 2013-cü ilə kimi Premyer Liqada çıxış edib. Həmin vaxt komandanın keçmiş baş məşqçisi, türkiyəli Naci Şeysoy klubun ona 120 min dollar borcu olduğunu iddia edərək UEFA-ya şikayət edib. UEFA isə klubun məşqçiyə olan borcunun ödənməsini tələb edib və komandanı xal cəriməsinə məruz qoyb. Bu isə o demək idi ki, 2013/14-cü illər mövsümündə I Divizionda oynamalı olan “Turan" çempionata -6 xalla başlayacaqdı. Üstəlik, Naci bəyə ödənilməli olan pul... Çıxış yolu “Turan"ı ləğv etmək idi. Belə də oldu. Əslində, yeni yaranan “Turan-T" elə həmin “Turan"dı. Lakin sənədlərdə fərqli komandalardı. Bu üzdən onları ayrı-ayrı klub kimi qəbul etmək zorundayıq. “Turan-T" 2013-2015-ci illər aralığında “aşağı"da çıxış edib. 2015-ci ildə isə ləğv olunub. Səbəbsə, klubu himayə edən AFFA-nın pulu dayandırması olub. “Turan-T"nin təsisçisi və prezidenti Namiq Məstanov bu üzdən klubun fəaliyyətinə son verib. Əvəzində yenə də AFFA-nın hərtərəfli dəstəyi ilə “Turan Tovuz" yaradılıb və Oqtay Abdullayev Müşahidə Şurasına sədr təyin olunub. 

Tovuz futbolu ilə bağlı anlaşmaz olan digər məqam farm-klublarla bağlıdır. 1993-cü ildə yaradılan “Turan-2" 1993 və 1993/94-cü illər mövsümündə 1-ci dəstədə çıxış edib. “Turan"la eyni mənbədən “qidalanmasına" baxmayaraq, “Turan-2" tamam başqa komanda olub. Maraqlıdır ki, 2007/08-ci illlər mövsümündə də 1-ci dəstədə “Turan-2" adlı komanda çıxış edib. Amma bu “Turan-2" o “Turan-2" olmayıb. Tovuz futbolundan söz düşmüşkən, bu şəhəri təmsil edən daha bir komanda var idi - “Rote Fahne". 2005-2007-ci illər aralığında I Divizionda çıxış edən “Rote Fahne"də “Turan"ın farm-klubu olub.

“Əcdad"ından imtina edən “İnter"...

Hazırda ağır günlərini yaşayan “İnter"lə də bağlı qeyri-müəyyənliklər var. Belə ki, hamıya “İnter"in “Xəzər Universiteti"nin sələfi olduğu məlumdur. Amma klubun loqosuna fikir versək, orada “2004" yazılıb. Yəni, klub 2004-cü ildə təsis olunub. Əslində isə 1997-ci ildə Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının təsisi etdiyi eyniadlı komanda 2004-cü ildə Beynəlxalq Bank tərəfindən himayəyə götürülüb və klubun adı dəyişdirilərək “İnter" qoyulub. Qısası, “İnter" “Xəzər Universiteti"nin davamçısıdır. 

...“Bakı" və “Qəbələ"

Hazırda Həvəskarlar Liqasının sakini olan “Bakı"nın da loqosunda yarandığı il kimi 2004 göstərilib. Amma 1997-ci il olmalıdır. Niyəsini izah edək. “Bakı"nın “Dinamo"nun bazasında yarandığı məlumdur. “Dinamo" isə 1997-ci ildə təsis edilib. Özü də havadan yox, başqa 2 klubun birləşməsindən. Onlardan biri “Çinar Polis Akademiyası"dır. Hansı ki, 1995/96-cı illər mövsümündə 1-ci dəstədə oynayıb və Güclülər Dəstəsinə vəsiqə qazanıb. Özü də bir qədər qısa - “Polis Akademiyası" adı ilə. 1995/96-cı illər mövsümündə “Çinar Polis Akademiyası" ilə eyni vaxtda 1-ci dəstədə “Qartal-95" də yarışıb. “Qartal-95" 1996/97-ci illər mövsümündə də “aşağı"da oynayıb. Hər iki komanda Daxili Qoşunları təmsil edib. 1997-ci ildə bu iki komanda birləşdirilərək “Dinamo" adlandırılıb. “Dinamo"nun da adında dəyişikliklər olub. Belə ki, 2000-2002-ci illər aralığında komanda “Dinamo-Bakılı" adı ilə çıxış edib. Sonrasını isə yazının bu hissəsinin girişində qeyd etmişik. 


“Bakı" “Dinamo" ilə eyni komanda olsa da, bəzən fərqli komandalar kimi göstərilirlər. Bunun nə dərəcədə doğru olduğunu deyə bilmərik. Amma “Dinamo" 2 klubun birləşməsindən yarandığına görə “Polis Akademiyası" və “Qartal-95"i ayrı-ayrı komandalar kimi qəbul etmək məcburiyyətindəyik.

“Qəbələ"də də eyni vəziyyətdir. “Qəbələ"nin “əcdad”ı 2005-ci ildə təsis edilən Xanların “Göy-göl" komandasıdır. “Göy-göl" daha sonra “Gilan" adlandırılıb. Ardınca isə Qəbələyə köçüb.  

O hansı klubdur ki, 5 adı olub?
Azərbaycanın futbol tarixində ən çox ad dəyişdirən klub bilirsiniz hansıdır? 20 il əvvələ qayıdaq. 1997-ci ildə AMMK adlı futzal klubu təsis edilib. Bu komanda bir müddət futzal birinciliyində çıxış edib və müəyyən uğurlar qazanıb. 2004/05-ci illər mövsümündə isə böyük futbolun 1-ci dəstəsində çıxış edib. 8 komanda arasında 1-ci yeri tutan AMMK növbəti mövsümdən Premyer Liqada oynamaq hüququ qazanıb. Həmin ildən klubun adı dəyişdirilərək “Olimpik" qoyulub və 2009-cu ilə kimi bu cür adlandırılıb. Haradasa, 2008 ya 2009-cu ildə AFFA prezidenti Rövnəq Abdullayevin Bakı klublarının adlarına Bakı kəndlərinin adlarının əlavə olunması ilə bağlı təklifinə ilk olaraq “Olimpik" cavab verib və klubun adı “Olimpik-Şüvalan"a dəyişdirilib. Komanda bu adla cəmi 1 mövsüm çıxış edib. 2010-cu ildə AZAL-ın timsalında sponsor qazanan “Olimpik-Şüvəlan" bu dəfə AZAL-a “çevrilib". AZAL adına bu ilə kimi toxunulmayıb. Mövsüm başa çatandan sonra isə klub “Şüvəlan" ismini götürüb. Gələcəkdə “Şüvəlan"ın da adının dəyişdiyini görsəniz, təəccüblənməyin. Nə çox ad var həyatda...

AZAL-la bağlı toxunulması vacib olan daha bir məqam da var. 1993-98-ci illər aralığında 1-ci dəstədə AZAL adında komanda çıxış edib. Amma o AZAL-ın “Şüvəlan"ın sələfinə heç bir aidiyatı yoxdur. Yeganə ortaq məqam hər iki klubun AZAL Hava Yollarından maliyyələşməsidir.

Sumqayıtda qarışıqlıq

Sumqayıt futbolunun adı ilə bağlı da qarışıq məqamlar var və aydınlıq gətirməyi lazım bildik. “Gənclər şəhəri" 1992-2004-cü illər aralığında çempionatlarda “Xəzər" ilə təmsil olunub. 2005/06-cı illər mövsümündə bir neçə turluq 1ci liqada U-17 ile birləşib. Lakin bu “sevda" uzun çəkməyib. “Xəzər" tarixin yaddaşına köçüb. Azərbaycan yığması - U-17 isə yoluna davam edib. Yeri gəlmişkən, “Xəzər" 1995-98-ci illərdə “Sumqayıt", 1998-2000-ci illərdə isə “Kimyaçı" adlanıb. Bunu həm də ona görə yazdıq ki, 1995-98-ci illərdəki “Sumqayıt"ın indiki “Sumqayıt"la bağlılığı yoxdur. 

“Xəzər"in Premyer Liqada son çıxışı 2003/04-cü illər mövsümünə təsadüf edir. Həmin vaxt 1-ci dəstədə Sumqayıtın daha bir təmsilçisi “Gənclərbirliyi" oynayırdı. 2004-cü ilə Premyer Liqaya yüksələn “Gənclərbirliyi" orada “Xəzər"i əvəzləməklə elitanı Sumqayıtsız qoymayıb. “Gənclərbirliyi" 2008-ci ilə kimi Premyer Liqada oynayıb. Sonra isə... “Xəzər"in ardınca “Gənclərbirliyi" də “vəfat edib". 

Ölkənin ən böyük şəhərlərindən birinin Premyer Liqada təmsil olunmaması yaxşı hal deyildi. Çıxış yolu tapılmalı idi və tapıldı da. Amma necə? 2006-cı ilə dönək. 1-ci dəstədə “Arsenal" adında komanda peyda oldu. Klubun sahibi veteran futbolçu Vladislav Qədirov idi. Əsasən gənclərdən təşkil olunan “Arsenal" o qədər yaxşı komanda idi ki... Mövsümün gedişində 1-ci yerdə olan “Arsenal” qısa müddətdə özünə sanballı sponsor tapıb. Bu, “Standard Bank" idi. Bankın himayəsi altında çempionatı “Standard" adı ilə bitirən “Arsenal" növbəti mövsüm elitaya vəsiqə qazanıb. 2009-cü ilə kimi burada Bakı təmsilçisi kimi çıxış edib. 2009-cu ildə isə klub Sumqayıtda köçürülüb və bu şəhərin təmsilçisi kimi fəaliyyətini davam etdirib. Nələr olmur bizim futbolda? 

“Standard" 2010-a kimi yaşayıb. 2009/2010-cu illər mövsümündə Premyer Liqada axırdan əvvəlki yeri tutaraq “aşağı yuvarlanıb". Necə yuvarlanıbsa, bir daha bu klubu görən olmayıb. Əvəzində həmin il Sumqayıtda başqa komanda yaradılıb - “Sumqayıt". Bayaq dedik axı, Sumqayıtı komandasız qoymaq ayıb olardı. AFFA rəhbərliynin dəstəyi ilə yaradılan “Sumqayıt" 2011-ci ildən Premyer Liqadadır. Nə qədər davam edəcək? Bəd danıyşmayaq... Zaman-zaman 1-ci dəstədə Sumqayıtı təmsil edən daha bir neçə komanda oynayıb - “Polad", “Metullurq", “Gənclik-95", “Gənclərbirliyi-2"... Hamısı ayrı-ayrı komandalar idilər və ömürləri qısa olub.

Məlum olan faktlar

Müstəqilllik dövründə müxtəlif vaxtlarda eyni şəhəri təmsil edən və fərqli adları olan klublar var ki, onları bir-biri ilə səhv salmaq olmaz. Məsələn, Lənkəranın “Xəzər" və “Xəzər Lənkəran" komandalarını. Bəzi insanlar “Turan"la “Turan Tovuz"da olduğu kimi “Xəzər"lə “Xəzər Lənkəran"ın eyni komanda olduğunu düşünürlər. Əslində isə fərqli komandalardır. Bu siyahıya aşağıdakı komandaları əlavə edirik:  “ABN-Bərdə" və “Pambıqçı" (Bərdə), “Avtomobilçi" (Yevlax) və “Karvan" (Yevlax), “Daşqın" (Zaqatala), “Simurq" (Zaqatala) və “Zaqatala", “Lokomotiv" (İmişli), “MKT-Araz" (İmişli) və “Mil-Muğan" (İmişli), “Viləş" (Masallı) və “Masallı", “Pambıqçı" (Neftçala) və “ANŞAD Petrol" (Neftçala)/"Neftçala", “Plastik" (Salyan) və NBC/"Muğan" (Salyan), “Energetik" (Mingəçevir) və “Kür-Nur"/"Kür" (Mingəçevir)...

Amma elə komandalar var ki, müxtəlif dövrlərdə fərqli adları olub. Onların statistik göstəriciləri bir yerə yazılır. Misal gətirək. “Qarabağ" bir ara “Qarabağ-Azərsun" adı ilə çıxış edib. Və ya Premyer Liqada çıxış edən “Kəpəz" bir müddət “Gəncə" adlandırılıb. Ümumiyyətlə, Azərbaycan çempionatları tarixində onlarda komanda ad dəyişikliyinə məruz qalıb. Onların bəzilərini təqdim edirik: “Nicat" (Maştağa) - “Bakı fəhləsi” - “ANS Pivani” (Bakı), “Araz" (Naxçıvan) - “Araz-Naxçıvan", OİK (Bakı) - MOİK (Bakı), “Araz" (Bakı) - “Bakılı", “Tərəqqi" (Bakı) - “Azneftyağ" (Bakı) (bəzi mənbələr “Azərneftyağ" - red.), “Kür" (Samux) - “Bozqurd" (Samux), “Göyəzən" (Qazax) - “OİK-Göyəzən" (Qazax), “Kür" (Mingəçevir) - “Kür-Nur" (Mingəçevir), NBC (Salyan) - “Muğan" (Salyan), “ANŞAD Petrol" (Neftçala) - “Neftçala", “Şahdağ" (Qusar) - “Şahdağ Samur" (Qusar), “Şahdağ" (Quba) - “Spartak" (Quba), “Ümid" (Bakı) - “Təfəkkür Üniiversiteti" (Bakı)...

Haqqında bayaq bəhs etdiyimiz “Səbail"lər və AZAL-lar kimi eyni şəhəri təmsil edən və adları eyni olan bəzi komandalar haqqında da 1-2 kəlmə. 2007/08 və 2010/11-ci illərdə çempionatda “Abşeron" adlı komanda çıxış edib. Hər ikisi də Bakını təmsil edib. Lakin fərqli komandalardır. O cümlədən 1996/97-ci illər mövsümündə Mehdiabadı təmsil edən “Rəvan"la 2009-cu ildə yaradılan Bakının “Rəvan" komandasını səhv salmaq olmaz. 2009-2011-ci illər aralığında  iki mövsüm “Neftçi" İSM adlı komanda I Divizionda oynayıb. 2011-ci ildən bu komandanın adı dəyişdirilərək “Qaradağ-Lökbatan" qoyulub. Sözügedən komanda ilə bağlı qarışıqlıq da bundan sonra ortaya çıxıb. Çünki bunadək iki oxşar adlı klub fəaliyyət göstərib. 1995/96-cı illər mövsümündə “Qaradağ" (Lökbatan) və 2006/07-ci illər mövsümündə “Qaradağ" (Bakı).

Sonda yazının girişindəki suala cavab verək. Müstəqillik dövründə Premyer Liqa (Güclülər dəstəsi), I Divizion və ölkə kubokunda 170 müxtəlif komanda çıxış edib. Bu komandaların 58-i müxtəlif vaxtlarda elitada oynayıb. Böyük əksəriyyəti indi “futbol qəbiristan”ının sakinləridir. Yaşayanlar isə...  Premyer Liqadakı 8, I Divizionda “qışdan çıxan” 12 komandanı, Həvəskarlar Liqasındakı “Bakı”nı, Naxçıvan birinciliyində oynayan “Araz-Naxçıvan”ı və taleləri məlum olmayan “Rəvan”la “Şərurspor”u nəzərə alsaq, onların sayı 24-dür.

İlqar TAĞIYEV,
“Het-trik news” qəzeti





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right