"Azərbaycanda ilk futbol telekanalı yaratmaq ideyamız var idi"

AFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “istənilən aktual mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “Aparıcı futbol ölkələrinin inkişaf strategiyası, klubların fəaliyyət mexanizmi və onlardan bəhrələnməyin üsulları” mövzusunda araşdırmaları davam etdiririk.

 

“Bakı” klubunda Media və Marketinq departamentinin rəhbəri çalışmış İsgəndər İsgəndərov bu sahədə xeyli araşdırma aparan və kifayət qədər dərin bilgilərə malik mütəxəssisdir. Yəni, həm bu sahəni bilir, həm də klub strukturunda çalışıb. Bunu nəzərə alaraq İsgəndər bəydən müsahibə almaq qərarına gəldik.

 

“Bakı”da marketinq sahəsində nələr etdiniz, nələri planlaşdırdız, amma edə bilmədiniz?

 

Ən uğurlu layihəmiz “FC Baku TV” oldu. Kanalımızda reklam verənlər üçün cəlbedici təkliflərimiz var idi. Mən “Bakı”da çalışdığım dönəmdə klubun 10-12 rəsmi partnyoru var idi. Amma bir məqamı qeyd etməliyəm ki, o vaxtlar da, indi də sponsorlar klublara yatırımı marketinq baxımından yox, köməklik kimi edirlər. O baxımdan da sırf futbol marketinqini futbolumuzda görmürəm. Nələrin alınmadığına gəlincə, çox planlarımız var idi. Demək olar ki, düşündüyümüzün yalnız 20 faizini həyata keçirə bildik. Azərbaycanda ilk futbol telekanalı yaratmaq ideyamız var idi. Bu, “Bakı” futbol klubunun layihəsi olacaqdı. Amma bizim klubun izləyici auditoriyası o qədər deyildi ki, ayrıca belə kanal yaradaq. Ona görə də, ümumi, sırf futbol kanalı yaratmaq qərarına gəlmişdik. Elə ən çox məyus olduğum məsələ də bu oldu. Çünki futbol telekanalı yaratsaydıq, bu, marketinq baxımından da ciddi irəliləyiş olacaqdı bizim üçün.

 

 

Niyə Azərbaycanda futboldan gəlir əldə etmək olmur?

 

Mən deməzdim ki, bizdə futboldan pul qazanmaq olmur. Sadəcə əldə olan imkanlarla, mövcud duruma uyğun üsullarla qazanc yolları tapmaq lazımdır. Təbii ki, bu Avropa və Türkiyədəki kimi olmayacaq. Çünki yatırım eləyən şirkətin ilk növbədə məqsədi odur ki, həmin o reklam üzərindən istehsal etdiyi məhsullar daha çox satılsın. Bizdə isə azarkeşləri stadionu dolduran klublar demək olar ki, yoxdu. Bir vaxtlar “Xəzər Lənkəran” bu baxımdan seçilirdi. Amma onlar da fəaliyyətlərini dayandırdılar. Bilirsiz, adətən sponsorların ilk sualı klubun oyunlarına nə qədər azarkeşin gəlməsi ilə bağlı olur. Ona görə indiki durumda marketinqlə yox, yaxşı futbolçular yetişdirib, onları xarici klublara satmaqla gəlir əldə edə bilərlər. Burda da ən əsası düzgün strategiya müəyyənləşdirməkdən ibarətdir. Əgər gənc futbolçuları yetişdirib satmağı düşünürsənsə, bahalı legionerlər, dəbdəbəli stadion tikməyə ehtiyac yoxdur. Çünki bu, çox böyük vəsait aparacaq. Həmin yatırım uşaqlara edilsə, yaxşı uşaqlar yetişdirib, gələcəkdə onlardan qazanc əldə etmək olar. FİFA-nın qaydalarına görə, futbolçunu bir kluba satırsan, amma o, digər klublara satılanda da, yetişdirmə haqqını almaqda davam eləyirsən. Ona görə də, bunu klublarımızın pul qazanması üçün ən ideal metod hesab eləyirəm.

 

Bəzi ölkələrdə dövlət klublara pul ayırır. Misal üçün, Gürcüstanda. Bizdə də bu üsuldan bəhrələnmək nə qədər doğrudur?

 

Düzü, mən daha çox İngiltərə modelini bəyənirəm. Klub yaranır həvəskar liqasında oynayır, böyük xərclərdən qaçır. Asta-asta pul qazanmağın yollarını tapır və get-gedə inkişaf eləyir. Belədə marketinq də yaranır. Çünki pul rahat şəkildə gələndə, onun qədrini də bilmirlər. Mən təklif eləyərdim ki, klublara vəsait bonus kimi verilsin. Misal üçün, hansısa klub müəyyən vaxt ərzində təyin olunmuş sayda futbolçu yetişdiribsə, ona pul ayırmaq olar. Yoxsa, kimsə sadəcə futbol oynayacaq və dövlətdən pul istəyəcəksə, bu, doğru deyil. Futbol klubları Məhdud Məsuliyyətli Cəmiyyətdi. Yəni, bir biznes strukturlarıdı. Ona görə də, pul qazanmağı öyrənməlidirlər.  

 

 

Azərbaycanda sırf futbol marketinqi xidmət göstərən şirkət varmı?

 

Düzü, belə bir şirkətin olub-olmadığına dair məlumatım yoxdur. Ancaq mənə elə gəlir ki, yavaş-yavaş buna zərurət yaranır. Tək futbolda deyil, bir çox sahələr üzrə marketinq xidmətlərinə etiyac var. Zamanın tələblərindən irəli gələn prosesdir bu. Marketinqin məğzi istehsal edilən məhsulun satışı deməkdir. Futbol da bir məhsuldur və onu satmaq üçün mütəxəssislər lazımdır.

 

Dünyada klub tv-indən yaxşı gəlir əldə eləyən “Benfika” nümunəsi var. Bizdə hansısa klub analoji layihədən pul qazana bilərmi? Buna təxminən nə qədər vəsait lazım olacaq?

 

Bu, klubun çox gözəl marketinq nümunəsidir. Marketinq deyəndə, burada düzgün pul hesablamadan söhbət gedir. Nə qədər xərcləyəcəksən, nə qədər götürəcəksən. “Benfika”da da mütəxəssislər oturub hesabladırlar ki, öz oyunlarını federasiyaya satmaqdansa, özləri kanal yaradıb azarkeşlərə təqdim eləsələr, daha çox gəlir əldə edərlər. Onu da nəzərə almaq lazımdır ki, “Benfika”nın böyük azarkeş kütləsi var və məhz bu məqam layihənin uğurlu olmasını şərtləndirən amillərdən oldu. Bizim klublar oxşar layihə eləmək istəyirlərsə, ilk növbədə tərəfdarlarının sayını artırmağa cəhd eləməlidirlər. Türkiyəyə baxın, babadan ataya, atadan oğula. Onlarda azarkeşlik nəsildən-nəsilə keçir və artıq insanların həyat tərzinə çevrilib. O vaxtlar "Napoli" Maradonanı gətirmək istəyəndə, pulları çatmırdı. Azarkeşlərə müraciət etdilər, həmin vəsait toplandı və Maradonanı Neapola gətirdilər. Nəticəsi hamıya bəllidir. Misal üçün, bizdə məktəbli uşaqları meydanlara cəlb eləmək lazımdır. Bu gün avtobus ayırıb onları meydançaya gətirirlərsə, demək azı 5 il potensial azarkeş qazanırlar. Xaricdə korporativ şirkətlərlə əməkdaşlığa da çox önəm verirlər. Onlar üçün VİP lojalarda, restoranlarda oyunun izlənməsini təşkil edirlər. Çünki həmin şirkətlər gələcəyin potensial sponsorlarıdır. Sözüm də ondadır ki, tv yaratmazdan əvvəl böyük auditoriya yığmaq lazımdır. Əgər “youtube” səhifəsində 2 min abunəçı yığa bilmirlərsə, ümumiyyətlə kabel tv yaratmağa lüzum yoxdu.

 

sportal.az

 

Yazı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right