Azər Məmmədov: “Perspektivli oyunçuları komandaya cəlb etməyə çalışacağıq” MÜSAHİBƏ

“Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədovun klubun rəsmi saytına müsahibə verib.
 
Newsport.az həmin müsahibəni təqdim edir:
 
- Azər müəllim, aradan 1 aydan da çox vaxt keçib. Çempionatın yekunlarını təhlil etmək, nəticələr çıxarmaq üçün xeyli zamanınız olub. Sizi eşidirik...
 
- 8 komandanın yarışdığı çempionatda 6-cı yeri tutduq. Gəncə futbolunun son illər vəziyyəti, yəni “Kəpəz”in fasilələr ilə fəaliyyətini dayandırıb bərpa etməsi uşaq futboluna müəyyən qədər zərbə olub. Futbola axın azalmışdı. Bunun nəticəsidir ki, əvəzedici komanda üçün uyğun yaşda futbolçu tapa bilmirik. Klubun məqsədi də yerli uşaqlarla çıxış etməkdir, ona görə kənardan oyunçu gətirmək planlarımıza daxil deyil. Bütün bunları nəzərə alıb çıxışımızı yaxşı qiymətləndirmək olar. Düzdür, yer olaraq yaxşı görünməyə bilər, amma nəticə şəraitə uyğundur.
 
- “Kəpəz” daha üst pillələrdə yer ala bilərdi. Turnir cədvəlində yuxarıda yer alan rəqiblərlə xal fərqi elə də çox deyil.
 
- Bizdən 2 pillə yuxarıda olan komandalardan elə də çox arxada deyildik. Hətta 4-cü yeri tutmaq şansımız da vardı. Çempionatda üst sıralarda qərarlaşmış komandaların əksəriyyətini biz məğlub etmişik. Evdə “Qarabağ”, “Qəbələ”yə qalib gəmişik, “Neftçi” ilə heç-heçə oynamışıq. Hətta səfərdə belə bu komandalara qarşı layiqli mübarizə aparmışıq.
 
- Artıq 2 ildir ki, komandanın başındasız. Uşaqlarda inkişaf hiss olunur? Gələcəkdə bu futbolçulardan əsas komandada forma geyinə biləcəyi var?
 
- Komandada potensiallı uşaqlar var. Əvəzedici komandanın baş məşqçisi kimi yox, futbol adamı kimi deyirəm ki, gələcəkdə bizim heyətdən 4-5 futbolçu əsas komandanın heyətində yer alıb böyük futbol oynaya biləcək. Buna hamımız ümid edirik. Baş məşqçimiz Şahin Diniyevin əvəzedicilərlə bağlı fikirləri ilə də tanışam. Sevinirəm ki, Şahin müəllim gənclərə yer verməyə hazırdır. Bu gün reallıq var ki, bütün Azərbaycan aşağı yaş qrupları üzrə komandalara futbolçuları Gəncədən daşıyır. “Kəpəz”in məqsədi yerli uşaqları komandaya qazandırmaqdır. Turnir cədvəlində üst pillələrdə yer almaq sevindirici olar, amma ən əsası əvəzedicidən əsas komandaya futbolçu verməkdir. Nə qədər çox uşaq versək, bir o qədər xoşbəxt olarıq.
 
- Yeni mövsüm üçün gedənlər və gələnlər haqda qərar verilib?
 
- Əlbəttə ki, dəyişikliklər olacaq. Aşağı yaş qruplarından komandaya futbolçu cəlb etmək istəyirik. Amma bir şeyi təəssüflə qeyd edim ki, U-19 komandamızdan futbolçu götürmək imkanımız aşağıdır. Bu yaş qrupu üzrə futbolçulara mövsüm ərzində göz qoymuşuq. Yenə də axtarışdayıq. Kənarda oynayan gəncəli uşaqlara da baxırıq. Perspektivli oyunçuları komandaya cəlb etməyə çalışacağıq. Çətinliyə baxmayaraq əvəzedici heyəti yaxşı səviyyədə saxlamaq əsas məqsəddir. Axtarışlarımız, danışıqlarımız davam edir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right